Süni intellekt texnologiyalarının sürətli inkişafı hərbi sahədə yeni imkanlarla yanaşı, ciddi təhlükəsizlik narahatlıqları da doğurur. Mütəxəssislər hesab edirlər ki, süni intellekt qərarvermə proseslərini sürətləndirərək böhran anlarında səhv hesablamalar və eskalasiya riskini artıra bilər.
Moderator.az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Şanqri-La Dialoq forumunda keçirilən müzakirələrdə bildirilib.
Ekspertlərin sözlərinə görə, süni intellekt müşahidə, məlumatların təhlili və hərbi planlaşdırmada geniş istifadə olunur. Lakin texnologiyanın sürəti insan qərarlarının daha az vaxtda qəbul edilməsinə səbəb ola bilər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spoljaric bildirib ki, süni intellekt humanitar sahədə fayda verə bilsə də, münaqişələr zamanı onun yaratdığı risklər ciddi narahatlıq doğurur.
Niderland Silahlı Qüvvələrinin baş komandanı Onno Eyxelşaym isə qeyd edib ki, süni intellekt artıq müasir müharibələrin bir hissəsinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu texnologiyadan tam imtina mümkün deyil, əsas məsələ onun təhlükəsiz və nəzarətli şəkildə istifadəsidir.