ABŞ prezidenti Donald Trampın belə bir razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşmasına baxmayaraq, Vaşinqtonda Ukraynaya Patriot zenit-raket kompleksləri üçün tutucu raketlərin istehsal lisenziyasının verilməsi ilə bağlı müzakirələr davam edir.
Moderator.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müzakirə olunan variantlardan biri raketlərin bəzi komponentlərinin Ukraynada istehsalı, son yığım mərhələsinin isə Avropadakı müəssisələrdən birində həyata keçirilməsidir.
Mənbələrin bildirdiyinə əsasən, Donald Tramp iyun ayında Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Patriot raketlərinin istehsal lisenziyasının Ukraynaya verilməsi planlarını dəstəkləyib. Lakin ötən həftə Ağ Evdə Zelenski ilə keçirilən mürəkkəb görüşdən sonra ABŞ prezidentinin bu məsələyə münasibətinin dəyişdiyi qeyd olunur.
Tramp jurnalistlərə açıqlamasında ABŞ-ın Ukraynaya Patriot raketlərini istehsal etmək icazəsi vermədiyini bildirib. O vurğulayıb ki, Vaşinqton belə qabaqcıl silah sistemlərinin istehsalına kimin çıxış əldə etməsi məsələsində son dərəcə ehtiyatlı davranır.
Reuters-in yazdığına görə, ABŞ müdafiə sənayesi və hərbi dairələrinin bəzi nümayəndələri də belə bir təşəbbüslə bağlı narahatlıqlarını ifadə ediblər.
Bununla yanaşı, ötən ay mümkün razılaşmanın detallarını müzakirə etmək məqsədilə Kiyevə səfər edən ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker layihənin irəliləməsi üçün səylərini davam etdirir.
Qeyd edək ki, Patriot sistemi Ukraynanın hava hücumundan müdafiəsində əsas rol oynayan vasitələrdən biri hesab olunur və Kiyev uzun müddətdir bu raketlərin tədarükünün artırılması və gələcəkdə onların istehsalında iştirak etmək imkanlarını əldə etməyə çalışır.