Dünya
12538
01 Aug 2026 | 15:10

"Rusiya generalları Xarkov və Sumı istiqamətindəki uğurlarla bağlı Putinə yalan məlumat verir" - ISW

"Rusiyanın son günlər irəliləyiş barədə iddialarını təsdiqləmir, əksinə, Ukrayna qüvvələrinin əks-hücumları davam edir..."

Rusiya hərbi komandanlığı Xarkov və Sumı vilayətlərindəki vəziyyətlə bağlı Kremlə reallığı əks etdirməyən məlumatlar təqdim edir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Araşdırılması İnstitutunun (ISW) hesabatında deyilir. Məlumatı "oboz.ua" nəşri yayıb.

Rusiyanın iddiaları faktlarla üst-üstə düşmür

Analitiklərin məlumatına görə, Rusiya ordusu iyulun 22-dən etibarən demək olar ki, hər gün bu iki vilayətdə növbəti yaşayış məntəqəsini ələ keçirdiyini bəyan edir. Son günlər Novaya Seç, Malaya Slobodka, Moqritsa və Virivka ilə bağlı da oxşar açıqlamalar verilib. Lakin ISW bildirir ki, bu cür irəliləyişləri təsdiqləyəcək miqyasda qoşunların yenidən yerləşdirilməsi, texnika cəmləşdirilməsi və ya hücum əməliyyatlarının intensivləşməsi müşahidə olunmayıb.

Ukrayna bəzi istiqamətlərdə əks-hücum edir

Ukrayna Müdafiə Qüvvələri də Rusiyanın Malaya Slobodka, Moqritsa və Novaya Seçin ələ keçirilməsi barədə iddialarını təkzib edib. ISW-nin qiymətləndirməsinə görə, Ukrayna qüvvələri Xarkov vilayətində Odradne yaşayış məntəqəsini azad edib, həmçinin Novaya Seç, Moqritsa, İvoljanskoye və Pisarevka istiqamətlərində əks-hücumlar keçirərək Rusiya ordusunun irəliləyişini ləngidib.

Məqsəd Qərbə təzyiq göstərməkdir

Analitiklərin fikrincə, Kreml bu cür bəyanatlardan ABŞ və digər Qərb ölkələrində Rusiyanın üstünlük qazandığı təəssüratı yaratmaq və Ukraynaya dəstəyin azaldılmasına nail olmaq üçün istifadə edir.

Hesabatda həmçinin qeyd olunur ki, Rusiya hərbçiləri bəzən qısa müddətlik daxil olduqları yaşayış məntəqələrində bayraq qaldıraraq video çəkir, bəzi hallarda isə süni intellektdən istifadə etməklə görüntüləri dəyişdirir və bunu həmin ərazilərin tam nəzarətə götürüldüyünün sübutu kimi təqdim etməyə çalışırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər