Böyük Britaniyanın yeni baş naziri Endi Börnem kral III Çarlzla görüşdən sonra Dauninq-stritdə ilk çıxışını edib. O bildirib ki, vəzifəyə başladıqdan sonra ilk beynəlxalq telefon danışıqlarını ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə aparacaq.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
"Ukraynaya dəstək dəyişməyəcək"
Bazar ertəsi kral III Çarlz Endi Börnemə hökuməti formalaşdırmağı tapşırıb və o, rəsmi olaraq Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə başlayıb. Yeni hökumət başçısı bildirib ki, Londonun Ukraynaya siyasəti dəyişməyəcək və o, Kir Starmer kimi Kiyevə tam dəstək verəcək.
Börnem vurğulayıb ki, Zelenski Böyük Britaniyanın sarsılmaz dəstəyinə arxalana bilər. Onun sözlərinə görə, Mançester meri olduğu dövrdə Ukrayna şəhərlərinin rəhbərləri ilə sıx əməkdaşlıq edib və həmin təcrübədən baş nazir kimi də istifadə etməyi planlaşdırır. Britaniya mətbuatının yazdığına görə, o, gün ərzində Donald Trampla ilk telefon danışığını da keçirib.
Starmer istefa verdi, yeni hökumət formalaşdırılır
Hakimiyyətin təhvil verilməsi çərçivəsində Kir Starmer istefasını krala təqdim edib. O, vida çıxışında Böyük Britaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib və varisi Endi Börnemi tam dəstəklədiyini söyləyib.
Yeni baş nazir ilk çıxışında ölkədə siyasi sabitliyin bərpasını əsas vəzifələrdən biri adlandırıb. O qeyd edib ki, son illərdə Britaniyada baş nazirlərin tez-tez dəyişməsi ölkənin nüfuzuna mənfi təsir göstərib və hökumət bunu aradan qaldırmağa çalışacaq.
Börnem hökumətinin prioritetləri arasında yaşayış xərclərinin azaldılması, regionlara daha çox səlahiyyət verilməsi, dövlət mənzil tikintisinin genişləndirilməsi, enerji və su təchizatı sahələrində islahatlar, həmçinin Şimal dənizində neft-qaz hasilatı ilə bağlı siyasətin yenidən nəzərdən keçirilməsi var. Yeni Nazirlər Kabinetinin tərkibinin yaxın günlərdə açıqlanacağı gözlənilir.