Dünya
2888
09 Jul 2026 | 21:20

"Putin üçün rüsvayçılıq: Krım boşalır, iqtisadiyyat çökür" - "Le Monde" (Fransa)

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadası yay turizm mövsümünün qızğın vaxtında ciddi problemlərlə üzləşib. 

Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" nəşri yazıb.

Nəşr yazır ki, Ukraynanın davamlı dron zərbələri nəticəsində yarımadada nəqliyyat, enerji və hərbi infrastruktur zədələnir, bu isə gündəlik həyatı və iqtisadiyyatı iflic vəziyyətinə salır. Nəşrin məlumatına görə, elektrik və su təchizatındakı fasilələr, yanacaq qıtlığı, partlayışlar, hava həyəcan siqnalları və uzun növbələr artıq Krım sakinlərinin adi həyatının bir hissəsinə çevrilib. 

Sosial şəbəkələrdə yayılan videolarda yerli sakinlər təhlükəsizlik və normal həyat vədlərinin yerinə yetirilmədiyini bildirirlər. Yanacaq böhranı Ukraynanın zərbələrindən sonra daha da dərinləşib. İşğal administrasiyası benzinin satışını əsasən xüsusi xidmət orqanları ilə məhdudlaşdırıb. Dəniz yolu ilə yanacaq tədarükü cəhdləri də Ukrayna pilotsuz aparatlarının hücumları ilə çətinləşib.

"Le Monde" yazır ki, turizm sektoru faktiki olaraq iflic olub. Rusiyalı turistlər kütləvi şəkildə rezervasiyalarını ləğv edir, otellər isə demək olar ki, boş qalıb. Eyni zamanda dəmir yolu infrastrukturuna endirilən zərbələr Rusiyanın hərbi logistikasını da çətinləşdirir.

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, yanacaq, su və elektrik çatışmazlığı, eləcə də daimi təhlükəsizlik riski davam edərsə, bu, Krımın demoqrafik vəziyyətinə uzunmüddətli təsir göstərə bilər.

Nəşr hesab edir ki, Krımın yeni hərbi əməliyyatlar zonasına çevrilməsi Vladimir Putin üçün ciddi siyasi zərbədir. Çünki Kremlin vaxtilə "Rusiyanın vitrini" kimi təqdim etdiyi yarımada indi işğalın yaratdığı problemlərin simvoluna çevrilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər