Dünya
2425
09 Jul 2026 | 20:20

"ABŞ tənəzzülə sürüklənir, çıxış yolu isə yeni böyük müharibə ola bilər" - "Asahi Shimbun" (Yaponiya)

ABŞ müstəqilliyinin 250-ci yubiley ilində həm daxildə dərin siyasi parçalanma, həm də qlobal nüfuzunun zəifləməsi ilə üzləşib. Bu proses gələcəkdə Vaşinqtonu daha riskli xarici siyasət addımlarına sövq edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın "Asahi Shimbun" nəşri yazıb.

ABŞ daxilən parçalanır

Nəşr hesab edir ki, ABŞ müstəqilliyinin 250-ci ilində siyasi, iqtisadi və beynəlxalq nüfuz baxımından tənəzzül dövrünə daxil olub. Onun fikrincə, ölkə Tramp tərəfdarları və əleyhdarları arasında dərin şəkildə parçalanıb, bu isə həm dövlət institutlarının fəaliyyətində, həm də cəmiyyətin əhvalında açıq görünür.

Müəllif yazır ki, Ali Məhkəmənin son qərarları ətrafındakı mübahisələr, Konstitusiya ilə bağlı davamlı çəkişmələr və siyasi qarşıdurmalar ABŞ demokratiyasının sabitliyini sual altına qoyur.

İqtisadi və hərbi üstünlük zəifləyir

Yazıda qeyd olunur ki, süni intellekt sahəsindəki yüksəliş fond bazarını dəstəkləsə də, adi amerikalılar gəlirlərin azalması və yaşayış xərclərinin artması ilə üzləşirlər. Eyni zamanda Çinin iqtisadi və texnoloji yüksəlişi ABŞ-nin qlobal üstünlüyünü zəiflədir.

Müəllif hesab edir ki, Ukrayna, Yaxın Şərq və İran ətrafındakı hadisələr Vaşinqtonun hərbi imkanlarının da əvvəlki qədər güclü olmadığını göstərib. Onun fikrincə, ABŞ artıq əvvəlki kimi dünya lideri deyil və "Amerika hər şeydən öncə" siyasəti beynəlxalq nüfuzunu azaldıb.

Tayvan və mümkün risklər

Məqalədə Trampın Tayvan uğrunda müharibəyə girmək istəmədiyi barədə açıqlamalarına da yer verilir. Müəllif yazır ki, hazırda Vaşinqton və Pekin birbaşa toqquşmadan yayınmağa çalışırlar.

Bununla belə, məqalədə ehtimal irəli sürülür ki, ABŞ daxili problemlər dərinləşərsə, diqqəti yayındırmaq və rəqiblərini zəiflətmək üçün gələcəkdə böyük regional münaqişəyə şərait yarada bilər. Müəllif xüsusilə Yaponiya və Tayvanın belə ssenaridə əsas risk daşıyan tərəflər ola biləcəyini vurğulayır və Tokionu Çinlə münasibətlərdə daha balanslı siyasət yürütməyə çağırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər