ABŞ prezidenti Donald Trampın Ankara sammitində səsləndirdiyi sərt bəyanatlar NATO müttəfiqlərinin gözləntilərini azaldıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Politico" nəşri yazıb.
Nəşr yazır ki, indi sammitin yekun nəticəsi Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən və ABŞ qoşunlarının Avropadakı gələcəyi ilə bağlı qərarından asılı ola bilər. Nəşrin yazdığına görə, Tramp Ankaraya gəldikdən qısa müddət sonra yenidən NATO-nu tənqid edib, Ukraynadakı müharibənin ABŞ-a birbaşa təsir etmədiyini bildirib və Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsi barədə əvvəlki fikirlərini təkrarlayıb.
Buna baxmayaraq, NATO ölkələri milyardlarla dollarlıq silah müqavilələri və müdafiə xərclərinin artırılması planlarını açıqlayıblar. Alyansdakı diplomatlar bildirir ki, üzv ölkələr Vaşinqtonun tələblərini yerinə yetirsələr də, Trampın çıxışları sammitin müsbət atmosferinə kölgə salıb.
Məqalədə qeyd olunur ki, NATO rəhbərliyi gərginliyin artmaması üçün sammit proqramını qısa saxlayıb və yekun bəyanatı da əvvəlkilərlə müqayisədə xeyli yığcam hazırlayıb. Sənəddə NATO-nun kollektiv müdafiə öhdəliyinə sadiqliyi, Rusiyanın uzunmüddətli təhlükə olduğu və İranın nüvə silahı əldə etməsinin yolverilməzliyi vurğulanır.
NATO-nun keçmiş rəsmiləri hesab edirlər ki, Trampın sərt ritorikası yeni deyil və alyans buna hazırdır. Onların fikrincə, Trampın sammitdə şəxsən iştirak etməsi belə NATO üçün müsbət siqnal sayılır və müttəfiqlər görüşün ümumilikdə uğurlu nəticələnəcəyinə ümidlərini qoruyurlar.