NATO-ya üzv 12 ölkə, o cümlədən Böyük Britaniya növbəti 10 il ərzində Avropanın müdafiəsini gücləndirmək məqsədilə yeni uzaqmənzilli raket sistemi yaratmağa təxminən 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
NATO-nun yeni uzaqmənzilli silah layihəsi
Britaniya hökumətinin açıqladığı "Deep Precision Strike" proqramı yüksək dəqiqlikli zərbələri əvvəlcə təxminən 300 km, gələcəkdə isə 2 min km-ə qədər məsafədə endirmək imkanına malik olacaq. Layihənin NATO-nun Ankarada keçirilən sammitində əsas müzakirə mövzularından biri olacağı bildirilir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, təşəbbüs Avropa müttəfiqlərini daha da yaxınlaşdıracaq və NATO-nun təhlükəsizliyini uzun illər gücləndirəcək. Xarici işlər naziri İvet Kuper isə layihəni "dünyanın daha təhlükəli olması fonunda zəruri addım" adlandırıb. Bununla belə, yeni raket sisteminin 2030-cu illərdən tez istifadəyə verilməsi gözlənilmir.
"NATO daha güclüdür"
London hesab edir ki, Rusiya həm Böyük Britaniya, həm də bütövlükdə NATO üçün əsas təhlükələrdən biridir. Britaniya hökumətinin məlumatına görə, alyans təyyarələri son dövrdə Rusiya aviasiyasını izləmək üçün 700 dəfədən çox havaya qalxıb, Rusiya hərbi gəmilərinin Britaniya sahilləri yaxınlığındakı fəaliyyəti isə 30 faiz artıb.
İvet Kuper bildirib ki, uzaqmənzilli dəqiq zərbə sistemləri strateji hərbi və logistika obyektlərini vurmağa imkan verəcək və potensial təcavüzkarları çəkindirəcək. Onun sözlərinə görə, "Ankaradan Vladimir Putinə aydın mesaj göndərilir: NATO daha güclü, daha çox Avropa yönümlü olub və öz vətəndaşlarını qorumağa hazırdır".
Ukraynanın təcrübəsi nümunə göstərilir
Sammitdə çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski tərəfdaşlarını ölkəsinə əlavə hava hücumundan müdafiə sistemləri verməyə çağırıb. Eyni zamanda, Böyük Britaniya Ukraynanın Rusiya ərazisində uzaqmənzilli pilotsuz aparat və raket zərbələrinin yanacaq, enerji və logistika infrastrukturuna ciddi zərər vurduğunu vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın sammiti diqqətlə izlədiyini bildirib. Onun sözlərinə görə, NATO-nun Ukraynaya yeni silah tədarükləri Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatmasına mane olmayacaq. Bununla yanaşı, Peskov siyasi-diplomatik nizamlanmanın Moskva üçün hələ də üstünlük təşkil edən variant olduğunu qeyd edib.