Rusiya Təhlükəsizlik Şurası katibinin müavini İrana başsağlığından az sonra donuz videosu paylaşaraq istifadəçiləri təəccübləndirib
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev rəsmi "Telegram" kanalında heç bir izah vermədən palçıqda uzanıb yem yeyən donuzun videosunu paylaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "news.telegraph.com.ua" nəşri yazıb.
Yazı bir neçə dəqiqə sonra silinsə də, istifadəçilər görüntünü arxivləşdirməyə macal tapıblar.
Maraqlıdır ki, qəribə paylaşımdan az öncə Medvedev İranın ali lideri Əli Xamenei ilə bağlı başsağlığı mesajı yayımlayıb, "İran xalqı ilə birlikdə dərin hüzn keçirdiklərini" bildirib. Bundan sonra isə kanalda qəfil donuz videosunun peyda olması sosial şəbəkələrdə çoxsaylı suallar doğurub.
Məlumata görə, video "Floppy" adlı ev donuzuna həsr olunmuş məşhur sosial şəbəkə hesabından götürülüb. Paylaşımın nə demək istədiyi məlum deyil. Bəziləri bunu təsadüfi səhv, digərləri isə uğursuz "trolluq" cəhdi hesab edir. Hər halda, dini baxımdan donuzun müsəlmanlar üçün həssas simvol sayıldığını nəzərə alsaq, paylaşımın tez silinməsi təsadüfi görünmür.
Mədvedev son illər sosial şəbəkələrdə qalmaqallı və sərt bəyanatları ilə tez-tez gündəmə gəlir. O, mart ayında ABŞ və müttəfiqlərini Yaxın Şərqdə "axurdan məhrum edilmiş donuzlara" bənzədib, həmçinin Qərbi nüvə müharibəsi ilə hədələyib.
Medvedev həm də ev şəraitində spirtli içki hazırlaması ilə məşhurdur. Rusiya mediasında ona hətta "Kremlin baş araqçəkəni" ləqəbi də verilib. Buna görə sosial şəbəkələrdə bəzi istifadəçilər bu dəfəki müəmmalı paylaşımı da istehza ilə onun sevimli içkisi ilə əlaqələndiriblər.
Bu dəfə isə o, təhdid dolu mesajlarla deyil, izahı tapılmayan bir neçə saniyəlik donuz videosu ilə diqqət çəkməyi bacarıb. Görünür, Təhlükəsizlik Şurası katibinin müavini yenə də istifadəçiləri çaşdırmaq istəyib.