Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir – Şərh
Digər
925
14:50, Bu gün

Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir – Şərh

Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana səfəri ikitərəfli münasibətlərin inkişafı və Türk dövlətləri arasında əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinə hansı yeni impuls verə bilər? Türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşməsi baxımından bu səfərin hansı strateji əhəmiyyəti var?
Moderator.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, Azərbaycan və Qazaxıstan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir və buna görə də bütün platformalarda bu qardaşlıq əlaqələrinin kifayət qədər güclü olduğunu görürük:
 
“Məhz bu platformalar üzərindən ikitərəfli, üçtərəfli və daha geniş əlaqələr şübhəsiz ki, eyni zamanda Azərbaycan-Qazaxıstan arasında olan tarixi köklərə söykənir. Yəni burada ortaq mədəniyyət, ortaq dil, ortaq tarix və ən vacib məsələlərdən biri ortaq dəyərlər şübhəsiz ki, bu bir coğrafiyada qardaş xalqların əlaqələrini və inkişaf dinamikasını şərtləndirir. Çünki məhz bu tipli əlaqələr üzərində gələcək inkişaf strategiyalarını qurmaq mümkündür.
O ki qaldı Azərbaycanla Qazaxıstan arasında əlaqələrə, bu yaxınlarda cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibə verib. Əgər biz nəzər salsaq və konkret olaraq bu müsahibədən müəyyən nüanslara diqqət yetirsək görərik ki, təbii ki, burada iki ölkə arasında siyasi dialoq, kifayət qədər yüksək səviyyədə nəqliyyat, logistika, neft, qaz sahələrində əməkdaşlığın sürətlə inkişaf etdiyini Cənab Prezident xüsusilə qeyd edib. Eyni zamanda yaşıl enerji və digər sahələrdə perspektivlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən də bəhs olunub.
Bu bir neçə istiqamət üzrə nəticə etibarilə deməyə əsas verir ki, qeyd etdiyim tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, orta türk kimliyinə möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq bu strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri daim inkişaf etməkdədir. Bu baxımdan əlaqələri çox yüksək dəyərləndirirəm və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən amil yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyədə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Əgər siyasi müstəvidə bu dialoqun ayrı-ayrı elementlərinə nəzər salsaq görərik ki, burada qarşılıqlı səfərlər ən yüksək səviyyədə məhz siyasi dialoqun yüksək səviyyədə olmasından xəbər verir. Digər tərəfdən, vacib iki element var ki, üzərində tərəfdaşlıq və strateji fəaliyyətin inkişaf strategiyası qurulur. Bunlar birbaşa olaraq nəqliyyat-logistika sahəsində əməkdaşlıq və enerji resurslarının Qərbə doğru daşınması məsələləridir. Bu elementlər üzərində böyük bir inkişaf strategiyası qurulmaqdadır.Ötən illər ərzində kifayət qədər güclü hüquqi müqavilə bazası formalaşmışdır. Təqribən 170 sənəd işlənib hazırlanmışdır – siyasi, iqtisadi, ticari, investisiya, mədəni, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri məhz həmin güclü hüquq müqavilə bazası hesabına təşkil olunmuşdur. Eyni zamanda əlaqələr barədə danışarkən yaddan çıxarmayaq ki, bu il Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 ili tamam olur. Kifayət qədər 20 illik tarixə malik olan bu strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri müxtəlif sektorların inkişafının etibarlı təməlini qoymuş və ötən illər ərzində ölkələr arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə artmışdır. Burada statistik rəqəmlərə də nəzər salmaq olar, çünki bəzi statistik göstəricilər əməkdaşlığın  hansı səviyyədə olmasını göstərir”.
 
Deputat qeyd edib ki, qarşılıqlı ticarət ciddi bir müsbət dinamika nümayiş etdirir:
 
“2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 170 milyon dollar təşkil edib, amma 2025-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla 547 milyon dollara çatıb. Bu o deməkdir ki, artıq Orta dəhliz potensialının səmərəli istifadəsini müşahidə edirik. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi də bu prosesə öz müsbət töhfəsini verməkdədir və nəticə etibarilə Orta dəhlizin potensialının kifayət qədər böyük olduğunu birmənalı şəkildə deyə bilərik.
Bundan əlavə, qarşılıqlı investisiya sahəsində əməkdaşlıq da mövcuddur. Azərbaycan tərəfindən Qazaxıstan iqtisadiyyatına yatırılan investisiya təqribən 225 milyon dollar, Qazaxıstan tərəfindən Azərbaycana yatırılan sərmayə isə 136 milyon dollar təşkil edir. Bundan başqa, Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-yə yaxın kommersiya strukturu mövcuddur ki, bu da investisiya mühitində yüksək etimadın olduğunu təsdiqləyir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Yeri gəlmişkən, tranzit daşımaları barədə də vacib bir qeyd etmək lazımdır. Nəqliyyat və logistika əməkdaşlığı sahəsində iqtisadi artım kifayət qədər sürətlə gedir və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli bir istiqamət hesab olunur. Burada infrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi, daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradılır. Bu baxımdan, 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrdə 20 faiz artaraq 3,5 milyon tondan çox olmuşdur. Bu, Orta dəhliz ölkələri arasında davamlı və səmərəli nəqliyyat təminatında əsas rol oynayır. Digər tərəfdən, 2022-ci ildə Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta dəhlizin inkişafı və istismarı üzrə 2022–2027-ci illər üçün yol xəritəsi imzalanmışdır. Sənəd üç ölkənin nəqliyyat və logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri və şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur.
İstənilən halda, bu da iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edən vacib elementlərdən biridir. Xüsusilə infrastruktur sahəsində görülən əhəmiyyətli layihələrdən biri Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xəttinin tikintisidir. Bu layihənin tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır”.
 
Azər Allahverənov əlavə edib ki, gəmiqayırma sahəsində də tərəfdaşlıq və əməkdaşlıq mühüm istiqamətlərdən biridir:
 
“Burada tranzit marşrutun işlək vəziyyətdə saxlanması üçün vacib seqmentlərdən biri kimi gəmi üzərində yükdaşımaların həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tərəfdaşlıq bu sahədə də mühüm elementlərdən biridir. Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan və Qazaxıstan, o cümlədən Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və bərpa olunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalamışdır. Bu sənədlər ikitərəfli əlaqələrin ekoloji yaşıl enerji və ümumilikdə enerji sahəsində əməkdaşlığın əsas seqmenti kimi təsdiqlənməsini təmin edir.Türk Dövlətləri Təşkilatı platformasında münasibətlər də vacib rol oynayır və bir çox proseslər üçün təkanverici funksiyasını yerinə yetirir. Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu platforma üzərində daha geniş səviyyədə inkişaf etdirilir. 
Elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi, o cümlədən beynəlxalq Türk akademiyalarının istifadəyə verilməsi bu sahədə uğurlu layihələrdən biri hesab olunur.Eyni zamanda, TÜRKSOY, Türk Mədəniyyət və İrsi Fondu, Türk Dövlətləri Parlamentlər Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında etimadın yüksək səviyyədə olmasından xəbər verir. Ümumiyyətlə, mədəni, humanitar və elmi sahələrdə kifayət qədər geniş əlaqələr mövcuddur və bu əlaqələrin daim inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan, mədəni əlaqələrin inkişafı xalqların bir-birinə yaxınlaşmasına və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu çoxşaxəli fəaliyyət spektri iki dövlət arasında bütün sahələrdə intensiv əməkdaşlığın mövcudluğunu göstərir. Eyni zamanda ortaq problemlərimiz də vardır. Xüsusilə Xəzəryanı ölkələr olaraq Xəzər suyunun azalması, quruması, iqlim dəyişiklikləri və ekosistemə təsir edən məsələlər iki ölkə üçün ortaq çağırışlar yaradır. Bu səbəbdən transmilli ekoloji risklərin aradan qaldırılması Azərbaycan və Qazaxıstan arasında sıx əməkdaşlığı şərtləndirən əsas amillərdən biridir”.
 
 
Mehin Mehmanqızı
 
 
 
Link kopyalandı!
Son xəbərlər