Azərbaycanda xəstə heyvanların ətləri restoranlara verilir - QORXUNC XƏBƏRDARLIQ
Digər
2550
17 Oct 2025 | 14:05

Azərbaycanda xəstə heyvanların ətləri restoranlara verilir - QORXUNC XƏBƏRDARLIQ

Son zamanlar bir sıra Avropa ölkələrində və İranda quş qripi hallarının qeydə alınması səbəbindən həmin ölkələrdən Azərbaycana ət və ət məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər qoyulub. Eyni zamanda,  ökənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayıldığı bildirilir. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Epizodik Büro heyvan xəstəliklərini araşdıran beynəlxalq təşkilatdır:
 
"Qida Təhlükəsizliyi Agentliyi bu təşkilatla sıx əməkdaşlıq edir və dünyada baş verən heyvan xəstəlikləri ilə bağlı prosesləri izləyir, çox yaxşı haldır ki, onların Azərbaycanda qarşısının alınması üçün tədbirlər həyata keçirir".
 
Eyyub Hüseynovun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin əhaliyə xəbərdarlığı əsasən dabaq xəstəliyi ilə bağlı olmalıdır:
 
“Dabaqla bağlı ciddi problem var. Dünən Biləsuvar rayonundan  məsələ ilə bağlı zəng  daxil olub.  İnsanların fərdi təsərrüfatlarında olan heyvanlar dabaq xəstəliyinə tutulub. Bəzən insanlar onları primitiv yollarla müalicə etməyə çalışırlar. Dabaq xəstəliyinin əlaməti ondan ibarətdir ki, heyvanlar yem yemir, su içmir, halsız olurlar, ağzından və burun boşluğundan selik axır. Əgər vaxtında tədbir görülməsə, heyvanlar ölürlər. Dabaq xəstəliyinə tutulmuş heyvanların əti və südü arzuolunmazdır. İnsanlar belə heyvanları birbaşa görməsələr də, küçə kəsimindən alınan ət vasitəsilə onlara rast gələ bilərlər. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi ölkədə dabağın geniş yayılmasını etiraf etmək istəmir”.
 
Birliyin sədri  vətəndaşlara müəyyən ehtiyat tədbirləri görməyi tövsiyə edib:
 
“Biz məsləhət görürük ki, insanlar aldıqları ətləri yaxşı bişirsin, möhkəm qaynadıb yesinlər. Hazırda ət məhsullarını kabab şəklində yeməkdən çəkinmək məsləhətdir. Çünki kababın içərisində temperatur lazım səviyyədə olmur və dabaq xəstəliyinə tutulmuş heyvandan keçən viruslar qala bilər. Bu da insanlara keçə bilər. Südlə ehtiyatlı olun, bazardan alınan südü coxlu qaynadın. Pendirlərlə də ehtiyatlı davranın, xüsusən şit pendirlərdən uzaq durun. Dabaq xəstəliyinin əlamətləri insanlara da keçə bilər. Ümumiyyətlə, belə bir məlumat var ki, tarix boyu insan xəstəliklərinin 75 faizi heyvanlardan keçib. Ona görə təsadüfən demirlər ki, həkimlər insanları, baytarlar isə bütün dünyanı müalicə edirlər. İstehlakçılar ət alarkən diqqətli olmalıdırlar. Əgər insanlar təsadüfi yerlərdən, küçə kəsimindən ət alırlarsa, diqqət etsinlər. Əgər ət sulanıbsa, üstündən su damcıları varsa, bu, o deməkdir ki, xəstə heyvanın ətidir. İstisna olunmur ki, regionlarda belə heyvanların əti restoranlara, kafelərə, kababxanalara da verilir. Ona görə istehlakçılar diqqətli olsunlar və şübhəli bir hal müşahidə etdikdə Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli qaynar xəttinə məlumat versinlər”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər