Çox vaxt yollarda baş verən qayda pozuntuları və ya diqqətsizlik nəticəsində sürücülərə inzibati cərimələr tətbiq olunur. Lakin bu cərimələrin bir çoxu ya unudulur, ya da qəsdən gecikdirilir. “Bir az gec ödəyərəm, nə olacaq ki?” kimi yanaşmalar isə nəticədə ciddi hüquqi və maddi problemlərə yol aça bilər. Əslində, bir cərimənin ödənilməməsi yalnız pul itkisi ilə deyil, həm də nəqliyyat vasitəsinin saxlanılması, sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər.
Moderator.az-a danışan hüquqşünas- ekspert Yunis Xəlilov deyib ki, inzibati cəriməni ödəməyi gecikdirsəniz, avtomobiliniz saxlanıla və hüquqlarınız məhdudlaşdırıla bilər.
Onun sözlərinə görə, təsəvvür edin ki, bir yol hərəkəti qaydasını pozmusunuz və bu səbəbdən də sizə inzibati cərimə təyin olunur. “Sonra ödəyərəm” deyib unutduğunuz və ya ödəməkdən qəsdən yayındığınız bu cərimə zamanla ciddi hüquqi və maddi nəticələr doğura bilər:
“Avtomobiliniz saxlanıla, nəqliyyat vasitəsini idarə etmək hüququnuz məhdudlaşdırıla, üstəlik faizlə dəbbə pulu ödəməli olarsınız.
Bütün bunlar İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində əks olunan qaydalara uyğun olaraq tənzimlənir. Belə ki, həmin maddə yol hərəkəti qaydalarının pozulması ilə bağlı təyin olunan cərimələrin vaxtında ödənilməməsi halında tətbiq edilən tədbirləri müəyyən edir.
Maddəyə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Lakin qeyd edək ki, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir”.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyə görə cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır:
“Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.
Əgər məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməzsə, bu zaman müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.
Bu məsələ ilə bağlı sözügedən məcəllədə stimulverici muddəa da vardır. Belə ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir”.
Y. Xəlilov əlavə edib ki, göründüyü kimi məcəllənin 150.11-ci maddəsi cərimələrin yalnız cəzalandırıcı deyil, intizamlandırıcı və təşviqedici mexanizmini ehtiva edir:
“Həm vaxtında ödəməyənlər üçün ciddi nəticələr nəzərdə tutulur, həm də operativ ödəyənlər üçün güzəşt tətbiq olunur. Unudulmamalıdır ki, vətəndaşların “ödəmədim, nə olacaq ki?” sualının cavabı bu maddədə açıq şəkildə var və heç də xoş nəticələr vəd etmir.
Sonda onu da qeyd edəkji, analoji müddəalar xarici ölkələrin qanunvericiliyində de vardır. Məsələn, İspaniyada cərimə qərarı çatdırıldıqdan 20 gün ərzində ödəyən sürücülər məbləğin yarısını ödəməklə kifayətlənir. Vaxtında ödənilmədikdə isə məbləğ ikiqat artır, xarici vətəndaş cəriməni yerindəcə ödəməsə, avtomobil müvəqqəti mühafizə meydançasına aparıla bilər.
Birləşmiş Krallıqda isə sürücü cəriməni 14 gün ərzində ödəyərsə, 50 % endirim tətbiq olunur. Lakin 28 günü keçdikdə məbləğ 50 % artır və iş məhkəmə icraçısına ötürülür. Ödəniş yenə də gecikərsə, avtomobil cərimə meydançasına götürülə bilər”.
Mehin Mehmanqızı