Son dövrlər Azərbaycanda qadınlara qarşı zorakılıq və qətllər artmaqdadır. Artıq mediada demək olar ki, hər gün bu cür xəbərlərə rast gəlinir. Bəs bu faciələrin əsas səbəbləri nələrdir?
Moderator.az-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, qadınlara qarşı zorakılıq və qətllərin son dövrlərdə artdığını demək tam doğru olmaz.
Onun fikrincə, bu cür halların artması deyil, daha çox görünür hala gəlməsi müşahidə olunur:
“Bunun da əsas səbəbi informasiya bolluğudur. Sosial medianın imkanlarının genişlənməsi, informasiyanın daha tez yayılması və cəmiyyətin hər bir ailə institutuna bu medianın daxil olması bu kimi xəbərlərin sürətlə yayılmasına şərait yaradır. İndi ailə daxilində baş verən hadisələr əvvəlki kimi qapalı qalmır. Əksinə, sosial media vasitəsilə bu hallar dərhal ictimaiyyətə çatdırılır və geniş əks-səda doğurur.
Son illərdə müxtəlif anlaşılmazlıqlardan doğan ailə zorakılığı hallarına rast gəlinir və bu halların yaranmasına səbəb olan amillər müxtəlifdir. Bəzi mütəxəssislər bu səbəbləri iqtisadi çətinliklərdə, adət-ənənələrin təsirində, bəziləri isə ailəyə kənar müdaxilələrdə – valideyn, qohum münasibətlərində görür.
Əsas və fundamental səbəblərdən biri Azərbaycan cəmiyyətinə xas olan adət-ənənələrin ailə institutunda formalaşıb nəsildən-nəslə ötürülməsidir. Lakin bu gün qlobal həyat tərzi, müxtəlif anlayışlar və dəyərlər sosial media vasitəsilə ailə institutuna ciddi təsir göstərir. Sosial medianın təsiri ilə formalaşan təbliğat nəticəsində ailə dəyərləri sarsılır. Artıq valideynin və məktəbin tərbiyəvi rolu əvvəlki qədər güclü deyil, çünki bu sahədə sosial medianın rolu getdikcə artmaqdadır və uşaqların, gənclərin davranışlarına təsir edən əsas mənbəyə çevrilir”.
Sosioloq bildirib ki, sosial medianın təsiri yalnız ailədaxili münasibətlərə deyil, həm də insanların fərdi seçimlərinə ciddi şəkildə sirayət edir:
“Məsələn, bu gün gənc qızlar arasında vegeterianlıq kimi həyat tərzi dəyişiklikləri artmaqdadır. Bu da əksər hallarda sosial şəbəkələrdə yayılan təsirlər nəticəsində baş verir. Bu kimi nüanslar ilk baxışdan xırda görünə bilər. Amma gələcəkdə həmin qızlar ailə qurduqda, mətbəxə və gündəlik dəyərlərə fərqli yanaşmaları ailədaxili anlaşılmazlıqlara səbəb ola bilər. Bu isə bir müddət sonra ciddi münaqişələrə qədər gedib çıxa bilər”.
Sosioloq diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyətində qadın hüquqları sahəsində böyük addımlar atılıb:
“XX əsrin əvvəllərindən başlayaraq qadınların təhsil alma hüquqları genişlənib. Müstəqillik qazandıqdan sonra isə ölkədə qadınların hüquqlarını qoruyan qanunvericilik bazası daha da təkmilləşdirilib. Qadınlar bələdiyyələrdə, siyasətdə, parlamentdə daha fəal iştirak etməyə başlayıblar. Bu sahədə müvafiq komitələr yaradılıb, mühüm qanun və qərarlar qəbul edilib.
Lakin eyni zamanda ailə institutunun modernləşməsi də baş verir. Bu modernləşmə bəzi hallarda milli adət-ənənələrə zidd proseslərlə müşayiət olunur. Ailə cəmiyyətin ən vacib təməl daşıdır və burada qadınla kişinin üzərinə mühüm məsuliyyət düşür. Onların münasibəti milli dəyərlər və qarşılıqlı anlayış üzərində qurulmalıdır.
Bəzi hallarda qadın və kişi hüquqları qanun qarşısında bərabər olsa da, milli mentalitetdə və sosial davranış modellərində dəyərlərin pozulması müşahidə olunur. Sosial medianın güclü təsiri nəticəsində bu dəyərlər aşınır və nəticədə ailə münasibətlərində ciddi boşluqlar yaranır.
Sosioloqun fikrincə, qadınlara qarşı zorakılığın artmasının əsas səbəblərindən biri də ailə institutuna kənardan daxil olan dəyərlər və təsirlərdir:
“Bu gün xarici təsirlər, xüsusilə də informasiya və təhsil sahəsində baş verən dəyişikliklər ailə modelinə təsirsiz ötüşmür. Məsələn, minlərlə gənc qız xaricdə təhsil alır və geri qayıtdıqda artıq fərqli dünya görüşünə sahib olurlar. Bu da onların Azərbaycanda ailə qurduqları zaman həyat yoldaşları ilə dəyərlər və adətlərə münasibətdə ziddiyyətlər yaşamalarına səbəb olur. Bu fərqlər bəzən ciddi ailə münaqişələrinin təməlini təşkil edir”.
Lakin sosioloqun fikrincə, münasibətlərin qorunub saxlanılması yalnız kişilərdən asılı olmamalıdır:
“Qadınlar da adət-ənənələrə münasibətdə daha diqqətli olmalı və bu dəyərlərin yaşamasına töhfə verməlidirlər. Kişi və qadın hər ikisi bu dəyərləri birlikdə qorumalı və hər iki tərəf hüquqlarını balanslı şəkildə ifadə etməlidir. Ümumiyyətlə, qadınlar yenilikləri tez qəbul edir. Kişilər də yenilikləri qəbul edir. Amma məsələ ondadır ki, qadınların mənimsədiyi bütün yenilikləri kişilər həzm etməkdə çətinlik çəkirlər. Bu da bir çox problemlərin əsas mənbəyidir.
Bu problemlərin qarşısını almaq üçün maarifləndirmə işlərinə xüsusi diqqət yetirilməlidir. Orta məktəblərdə – xüsusən yuxarı siniflərdə – həm qızlar, həm də oğlanlar arasında ailə münasibətləri, ailə dəyərləri, qadına və kişiyə qarşı davranış qaydaları, hüquq bərabərliyi və zorakılığın fəsadları barədə sistemli şəkildə maarifləndirmə aparılmalıdır.
Bu cür təbliğat və təhsil mexanizmləri gəncləri ailəyə daha hazırlıqlı şəkildə daxil olmağa sövq edər və gələcəkdə zorakılıq hallarının qarşısının alınmasına mühüm töhfə verər. Çünki ailə münasibətlərində formalaşan baxışlar, davranış modelləri və dəyərlər çox zaman insanın gənclik dövründə qazandığı bilik və təsəvvürlər üzərində qurulur”.
Mehin Mehmanqızı