İpoteka ilə alınan ev boşanma zamanı necə bölünür? – Hüquqi izah
Digər
2450
19 May 2025 | 10:35

İpoteka ilə alınan ev boşanma zamanı necə bölünür? – Hüquqi izah

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 4 min 765 boşanma halları qeydə alınıb. Ailə Məcəlləsinə görə, nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nigah pozulduqda isə tərəflərdən birinin ərizəsi ilə ümumi əmlak bölünür.  Qeyd edək ki, son dövrlərdə əmlak qiymətlərinin artması insanları ipoteka kreditlərinə müraciət etməyə vadar edir. Bəs boşanma zamanı ipotekada olan əmlak necə bölünür?
Moderator.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov bildirib ki, Ailə Məcəlləsinə əsasən kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı öhdəlikləri yaranır. 
Onun sözlərinə görə  bu öhdəliklərdən bir də mülkiyyət münasibətləri ilə bağlıdır:
 
 “Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakın və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə də rast gəlinir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir”.
 
Hüquqşünas vurğulayıb ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, ərin və ya arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər:
 
“Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
 Ər-arvadın ümumi əmlakının bölünməsi ilə əlaqədar mübahisələrə baxılarkən məhkəmələr tərəfindən normativ hüquqi aktların tətbiqi təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ümumiləşdirmə aparılıb.
Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli Qərarından çıxarışlar.
-  Yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin.
-  Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır
-  Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi nəzərə alınır.
-  Nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.
-  Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər.
-  Kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər