“Artıq turizm mövsümü yaxınlaşır, havalar istiləşir və regionlara səfərlər getdikcə artır. İnsanlar imkan daxilində həftə sonlarını bölgələrdə keçirməyə üstünlük verirlər. Məktəb və universitet tətillərindən sonra isə ailəvi səfərlərin, eləcə də qohum və dost ziyarətlərinin artacağı gözlənilir. Təbii ki, mövsümə uyğun olaraq qiymətlərdə müəyyən dəyişikliklər müşahidə olunacaq”
Bu sözləri Moderator.az-a açıqlamasında turizm ekspert Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, turizmə olan tələbat bölgələrdə qalma yerlərinin sayının artmasına da təkan verir:
“Hər nə qədər yeni otellərin sayı hələlik çox olmasa da, kənd evləri və kirayə mənzillərin sayı ildən-ilə artır. Bu da həm yerli, həm də xarici turistlər üçün otellərlə müqayisədə daha sərfəli alternativlər yaradır. Ənənəvi turizm istiqamətlərindən fərqli olaraq, bizim məqsədimiz həm də yeni, az tanınmış məkanların kəşf edilməsini təşviq etməkdir. Aydındır ki, turizm infrastrukturu artıq formalaşmış bir sıra regionlarımız mövcuddur. Xüsusilə Qəbələ, Şəki və son illərdə populyarlığı artan cənub bölgələrində turist axınının ildən-ilə artdığı müşahidə olunur”.
Ekspert vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər də daim diqqət mərkəzindədir:
“Hərçənd ki, bu istiqamətlərdə marşrutlar hələlik məhduddur, buna baxmayaraq, həmin bölgələrə müxtəlif tədbirlər, gündəlik və ya birgünlük-ikigünlük turlar təşkil olunur. Bu səfərlər əsasən qrup halında həyata keçirilir. Gedənlər arasında illərdir həmin torpaqları görməyən, sadəcə adını eşidən, ya da televiziyada döyüş səhnələrində izləyən insanlar üstünlük təşkil edir. Onların bu ərazilərə səfərləri həm maraq, həm də böyük fəxarət və qürur hissi ilə müşayiət olunur .Lakin bu ərazilərdə infrastruktur hələ tam şəkildə qurulmadığı üçün turizm fəaliyyətləri geniş miqyasda inkişaf etməyib. Buna baxmayaraq, bu istiqamətlərin potensialı çox yüksəkdir və zamanla tam formalaşacağı gözlənilir”.
C.Aşurov əlavə edib ki, Qərb və Şimal-Qərb bölgələrinə olan maraq da son dövrlər artmaqdadır:
“Xüsusilə sürətli qatar layihəsinin icrasından sonra Gəncə, Tovuz kimi şəhərlərə turist axını daha da intensivləşib və bu istiqamətlər turizm baxımından daha aktual mövqe qazanmağa başlayıb. Məhz Gəncəni mərkəz kimi götürdükdə qeyd etmək lazımdır ki, bu şəhərə gedən yolun rahatlığı və sürətli qatarın mövcudluğu bölgəyə səfərləri daha əlçatan və komfortlu edir. Bununla yanaşı, Gəncədə istirahət məkanlarının nisbətən münasib qiymətli olması – xüsusilə də digər məşhur turizm məkanları ilə müqayisədə – bu istiqaməti daha da cəlbedici edir. Əlavə olaraq, şəhərdə restoranların, əyləncə məkanlarının və gecə həyatı obyektlərinin sıxlığının az olması, qiymətlərin əlverişli və münasib qalması da bu bölgəyə marağı artırır. Nəticədə, son dövrlərdə bu istiqamət yerli turistlər arasında olduğu kimi, müəyyən sayda xarici turistlərin də diqqətini çəkməyə başlayıb”.
Mehin Mehmanqızı