Bizi sosial şəbəkələrdən izləyin:
Avropa liderləri Ukrayna məsələsi ilə bağlı fövqəladə sammitə hazırlaşır. Görüşün əsas məqsədi, Qərbin ABŞ-Rusiya danışıqlarından kənarda qalmasına cavab olaraq yeni strategiya müəyyənləşdirməkdir. Bəs Tramp Qərbi danışqlardan kənarda saxlamaqla nəyə nail olmağa çalışır?
Moderator.az-a açıqlama verən politoloq Oqtay Qasımov Ukrayna və Avropa İttifaqının ABŞ və Rusiya arasında başlayan danışıqlar prosesindən kənarda saxlanmalarından ciddi narahat olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu narazılıq açıq şəkildə ifadə olunub. Xüsusilə Almaniya kansleri və digər Avropa liderləri, eləcə də Ukrayna prezidenti bu məsələni gündəmə gətiriblər:
“ABŞ prezidenti son açıqlamasında Ukraynanın danışıqlara mütləq şəkildə daxil ediləcəyini bildirib. Lakin bu prosesin hansı mərhələdə baş verəcəyi hələ də qeyri-müəyyəndir. İlkin təəssürat ondan ibarətdir ki, ABŞ ilkin təmaslardan sonra Rusiya ilə müəyyən razılaşmalara gəlib, daha sonra Ukraynanı prosesə qoşmağı planlaşdırır. Digər tərəfdən, Ukrayna rəhbərliyi bu danışıqları qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. Məhz bu səbəbdən Ukrayna prezidenti Volodimir Zelenski Avropa Ordusunun yaradılması təşəbbüsünü irəli sürüb”.
Politoloq onu da əlavə edib ki, Amerika Avropanı qarşısına alıb-almayacağı ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir:
“Lakin ABŞ-ın özünün son 100 ildə, xüsusilə də 1945-ci ildən sonra qurduğu Avropa qitəsini birdən-birə kənara qoyub Rusiya ilə anlaşmaya gedəcəyini düşünmürəm. Ən azı, bu məsələdə Avropanın tamamilə gözardı edilməsi ehtimalı azdır. ABŞ-ın Rusiyaya qarşı yanaşmasının taktiki bir addım olduğu da mümkündür. Trampın və onun komandasının niyyətlərini anlamaq olduqca çətindir, çünki onlar bir çox hallarda qeyri-adi və gözlənilməz qərarlar verirlər. Rusiya ilə danışıqların necə aparılacağı və bu təkliflərin gerçək niyyətləri zamanla daha aydınlaşacaq. Hələlik, Rusiya tərəfindən atılan jest kimi görünən bu təkliflərin, əslində Trampın komandası tərəfindən Rusiya ilə daha yaxın əməkdaşlıq məqsədilə atılan taktiki bir gediş ola biləcəyini qeyd etmək olar.
O ki qaldı Avropanın Rusiya və Amerikaya sanksiya tətbiq etməsinə bu inandırıcı görünmür. Çünki Rusiyaya onsuz da sanksiyalar tətbiq olunur və bu sanksiyalar nəticəsində Avropa qitəsi, həm də bahalı enerji resursları almaq məcburiyyətindədir. Avropa bunu göz önünə alıb. Çünki Avropa üçün təhlükəsizlik məsələsi ciddi şəkildə qarşıda duran məsələdir. Sadəcə olaraq, Amerika tərəfindən Avropaya tariflər tətbiq olunacağı təqdirdə onlar da cavab tədbirləri görəcəklər. Hazırkı şəraitdə Trampın atdığı addımlar təbii ki, Avropa İttifaqı ölkələri arasında müəyyən fikir ayrılıqlarını gücləndirə bilər. Bu ölkələr ki, Rusiya ilə danışıqların tərəfdarı idi, onların mövqeləri bir az da güclənə bilər. Hələlik bu proseslərə tələsik qiymət vermək doğru deyil".
Mehin Mehmanqızı