Şəxsiyyətin qorxunc üzü - Narsist insanların sayı niyə çoxalır?
Digər
1001
14:20, Bu gün

Şəxsiyyətin qorxunc üzü - Narsist insanların sayı niyə çoxalır?

Müasir dövrdə narsist insanların sayının artması getdikcə daha çox müzakirə olunan bir mövzuya çevrilib. Sosial medianın həyatımıza təsiri, fərdiyyətçiliyin ön plana çıxması və maddi dəyərlərin üstünlük təşkil etməsi narsizmin yayılmasına şərait yaradan amillər sırasındadır. Bəs narsizm nədir? Bu, sadəcə eqoizmin bir formasıdır, yoxsa daha dərin psixoloji problemlərin göstəricisidir? Narsist insanlar özlərini daim ideal obrazda görmək, tərif və diqqət qazanmaq istəyirlər. Onların eqoizmi isə sadəcə öz maraqlarını önə çəkməklə məhdudlaşmır, başqalarını manipulyasiya etməyi və üstünlük göstərməyi də əhatə edir. Bəs hər eqoist insan narsist sayıla bilərmi? Və ya narsist bir insan dəyişə bilərmi? Bu xüsusiyyət anadangəlmədir, yoxsa uşaqlıq travmaları və yanlış tərbiyə nəticəsində formalaşır?
Mövzu barədə Moderator.az-a danışan  Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov  bildirib ki, son illərdə narsizmin artmasının bir neçə əsas səbəbi var ki, bunların arasında  sosial media və müasir həyat tərzi önəmli rol oynayır:
“Belə ki, sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) insanlarda “özünü ideal göstərmə” tendensiyasını artırır. Bəyənilmə (like), şərh və izləyici sayı özünə dəyər hissini süni şəkildə yüksəldir. Eləcə də, filtirlər və montajlar insanları qeyri-real bir özünə təqdimat tərzi yaratmağa təşviq edir. Nəzərə alaq ki, müasir cəmiyyətlər fərdiliyi və şəxsi uğuru ön plana çəkir, bu da eqoist və narsist davranışların təbii qarşılanmasına səbəb olur. Rəqabətli mühit insanları daim özlərini göstərməyə və başqalarını geridə qoymağa sövq edir”.
Psixoloq vurğulayıb ki,  uşaqlarla bağlı məsələlər bir qədər fərqlidir. Hədsiz tərif və uşağın hər istəyinin qarşılanması ona özünü “mərkəz” kimi hiss etdirməsinə səbəb ola bilər:
“Ailələrdə həddindən artıq avtoritar və ya əksinə, tam sərbəst tərbiyə narsist xüsusiyyətlərin yaranmasına gətirib çıxara bilər. Narsist insanların bir çoxunda uşaqlıq dövründə dəyərsizlik, tərk edilmə qorxusu, emosional istismar və ya diqqət əskikliyi müşahidə edilib. Ona görə də bu insanlar özlərini qorumaq üçün süni “mən” (yüksək eqo) yaradırlar və onu hər zaman möhkəmləndirməyə çalışırlar”.
 E.Rüstəmov əlavə edib ki, eqoizm – insanın öz maraqlarını ön planda tutmasıdır:
“Eqoist insanlar başqalarına zərər vermədən də yaşaya bilərlər. Narsizm isə eqoizmdən daha dərin psixoloji problemdir. Narsist insan tənqidə dözümsüzdür, başqalarının hisslərini nəzərə almır və daim təsdiq olunmaq istəyir. Hər eqoist insan narsist deyil, amma hər narsist eqoistdir. Eqoizm ancaq öz maraqlarını güdməkdirsə, narsizm həm də başqalarının duyğularına manipulyasiya edərək üstünlük qazanmağa yönəlir”.
Psixoloq narsist insan dəyişə bilərmi sualına cavab olaraq qeyd edib ki, narsist şəxsiyyət pozuntusu olan insanlar əsasən daxili problemlərini qəbul etmədikləri üçün dəyişməyə meyilli deyillər:
 “Əgər narsist insan öz davranışlarının problem yaratdığını qəbul edirsə, psixoterapiya və dərin psixoloji dəstək vasitəsilə onlarda bəzi dəyişikliklər mümkündür. Bəzi insanlarda yaş artdıqca və həyatda çətinliklərlə üzləşdikcə narsist xüsusiyyətləri zəifləyə bilər. Lakin ağır narsist pozuntusu olan insanların dəyişməsi çox çətindir, çünki onlar problemi özlərində deyil, başqalarında görməyə meyillidirlər. Narsizm əsasən sonradan yaranır. Genetik meyillilik ola bilər, amma əsasən uşaqlıq travmaları və yanlış tərbiyə nəticəsində formalaşır. Əgər bir uşaq daim alçaldılıb, tənqid edilibsə və ya əksinə, hədsiz dərəcədə ərköyünləşdirilibsə, onda narsist xüsusiyyətlər inkişaf edə bilər. Nəzər almaq lazımdır ki, narsist insan dəyişməyə meyilli olmaya bilər. Ona görə də onun sizə verdiyi emosional yükü minimuma endirməyə çalışmaq lazımdır. Onlarla münasibətdə sərhəd qoymaq lazımdır. Çünki narsist insanlar sərhədləri aşmağa meyillidirlər, ona görə şəxsi sərhədlərinizi möhkəm qormaq məsləhətdir. Onların manipulyasiya və emosional təzyiqlərə qarşı həssas olmamaq üçün emosiyalara nəzarət etmək daha yaxşı olar. Peşəkar olmaq, emosional bağlılıq yaratmadan, onlarla yalnız iş əlaqəsi qurmaq daha məqsədəuyğundur. Narsist insanlar diqqət çəkmək və üstünlük əldə etmək üçün müxtəlif taktikalardan istifadə edirlər. Onların tənqidə həssas olduqlarını unutmayın. Bir narsisti açıq şəkildə tənqid etmək əks nəticə verə bilər. Bəzən ən yaxşı strategiya belə insanlardan uzaq durmaqdır. Əgər mümkün deyilsə, sərhədləri qorumaq və emosional reaksiyalara qapılmamaq lazımdır”
Psixoloqun fikirincə, günümüzdə narsizmin artmasında sosial media, fərdiyyətçiliyin güclənməsi və uşaqlıq travmaları böyük  rol oynayır:
“Narsizm və eqoizm arasında fərq var; hər eqoist insan narsist deyil.
Narsist insan dəyişə bilər, amma bu, çox çətin prosesdir və nadir hallarda baş verir.
 Uşaq tərbiyəsi və keçmiş təcrübələr narsizmin yaranmasında əsas rol oynayır.
 Narsist insanlarla davranışda ən effektiv strategiyalar sərhədləri qorumaq və manipulyasiyalara uymamaqdır”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər