Müasir Falçılığın Yeni Adları:
Digər
799
21 Jan 2025 | 19:03

Müasir Falçılığın Yeni Adları: "Teta Healing", "Numerologiya", "Koçinq", "NLP master" kimi fəaliyyətlər psixologiya deyil

Bu gün ölkəmizdə psixoloqların sayı durmadan artır. Təəssüf ki, bu sahəni həqiqətən bilənlər olduğu kimi, bilməyənlər də özlərini psixoloq kimi təqdim edirlər. 
Özlərini psixoloq adlandıran, amma əslində bu sahədən anlayışı olmayan bəzi şəxslər insanların travmalarından sui-istifadə edirlər. Onları manipulyasiya edərək yüksək məbləğdə – 200-300 manat arasında dəyişən seans haqları ilə pullarını mənimsəyirlər. Hətta bəzən bu cür "dırnaq arası psixoloqlar" falçılarla eyniləşdirilir.
İnsanlar bu cür şəxslərə necə inanır? Təcrübə göstərir ki, insanların çoxu psixoloq seçərkən emosiyalarına qapılır və doğru araşdırma aparmır. Sosial şəbəkələrdə cazibədar paylaşımlar, süni reklamlar, hətta motivasiya dolu cümlələr çoxlarını aldadır.
Bəs insanlar niyə bu cür şəxslərə inanır? Bunun səbəbi, çox vaxt çarəsizlik və maariflənmənin olmamasıdır. Dərin emosional ağrı içində olan insanlar tez bir çıxış yolu axtarırlar və qarşılarına çıxan ilk “yardım təklifinə” inanmağa meyilli olurlar. Bu isə manipulyatorların işini asanlaşdırır. Psixologiya bir elm sahəsidir və onun əsasında yalnız təhsil, bilik və təcrübə dayanmalıdır.
 
Bu barədə Moderator.az-a danışan psixoloq, psixoterapevt Könül Mikayılzadə deyir ki, son dövlər psixologiya sahəsinə maraq artdığı üçün psixoloqların sayı da çoxalır:
“Bu artımın həm müsbət, həm də mənfi tərəfləri var. Şübhəsiz ki, cəmiyyətə psixoloqlar lazımdır. Lakin bir psixoloqun yalnız adı və bacarığı kifayət deyil, onun həm də savadı olmalıdır. Necə ki, hər psixologiya fakültəsini bitirən psixoloq olmadığı kimi, özünə psixoloq deyən hər kəs də bu adı daşımağa layiq deyil. Bu sahə olduqca məsuliyyətli olmaqla yanaşı, həm də istedad tələb edir. Psixoloq insan ruhunun yaralarını görməyi bacarmalıdır. O, bu yaralara çox incə bir zərgər kimi toxunmalıdır, çünki psixoloq insan ruhunu "əməliyyat" etməyə başlayır. Bu zaman çox diqqətli, ehtiyatlı və incə davranmaq lazımdır. Psixoloq həm zərgər, həm heykəltəraş, həm də cərrah olmalıdır”.
Psixoloq cərrahla psixoloq arasında fərqi belə izah edib:
 “Cərrah kəsdiyi və ya zədələdiyi damarı görüb ona müdaxilə edə bilir. Amma psixoloqun savadı, biliyi və bacarığı yetərli deyilsə, insan ruhuna zərər vuracaq və bu zərəri necə düzəltməli olduğunu bilməyəcək. Bu səbəbdən də mənə müraciət edən bəzi pasiyentlər əvvəlki psixoloqlardan şikayət edərək gəlirlər. Məsələn, belə bir söz deyirlər: "Mənə elə bir şey dedi ki, üç gündür özümü ruh kimi hiss edirəm." Təəssüf ki, özlərini psixoloq adlandıran, lakin elmi bilikləri və təcrübələri olmayan şəxslər əsl psixoloqların da adına xələl gətirirlər. Bəziləri falçılıqla məşğul olub özlərinə psixoloq deyirlər. Soruşanda məlum olur ki, nəinki psixologiya təhsili, ümumiyyətlə, heç bir təhsilləri yoxdur. "Teta Healing", "numerologiya", "koçinq", "NLP master" kimi fəaliyyətlər psixologiya deyil. Bunlar müasir falçılığın yeni adlarıdır və bu işlərlə məşğul olanlar psixoloq sayıla bilməzlər. Psixoloq seçimi isə artıq sosial şəbəkələrdə açıq bazara çevrilib. Hər kəs bir şey nümayiş etdirir, hər malın öz alıcısı var. Kimin nəyə ehtiyacı varsa, ona uyğun seçim edir”.
Psixoloq hesab edir ki, hər kəs öz ruhuna və özünə bənzər olanlara meyil edir. Bu, psixoloq seçimində də belədir. Mənə müraciət edən insanların 80%-i mənim kimi olan insanlardır.
 
Mehin Mehmanqızı
 
 
Link kopyalandı!
Son xəbərlər