15 ay sonra Həmas və İsrail arasında atəşkəs elan edildi. İsrail ordunun Qəzza zolağından mərhələli şəkildə çıxarılması üçün hazırlıqlara başlayıb. Yaxın Şərqdə uzun müddətdir davam edən gərginlik və qarşıdurma yeni bir mərhələyə qədəm qoyur. Həmas və İsrail arasında elan edilən atəşkəs regionda nisbi sakitlik yaratmağa ümid versə də, bu razılaşmanın əslində tərəflərin maraqlarına xidmət edib-etmədiyi sual altındadır. Bəs bu addım müharibənin sonu, yoxsa daha böyük qarşıdurmanın başlanğıcıdır? Bu razılığın Trampın fəaliyyətə başlaması ərəfəsində baş tutması təsadüfidirmi?
Bu barədə Moderator.az-a danışan Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, İsrail- Həmas qarşıdurmasında İsrail istəyinə tam olaraq nail olmadı:
“İsrail Həması Qəzza zolağından çıxartmaq üçün bu müharibəyə başlamışdı. Lakin İsrail istəyinə nail olmasa da Həmas, Hizbullah kimi təşkilatları zəiflətdi, ən böyük zərbəni isə fələstinlilərə vurdu. 50 minə yaxın insanın həlak olması və yaralanması isə faciənin miqyasını daha da artırır. Qəzzadakı dağıntılar milyardlarla ölçülən maddi itkilərə səbəb olub.
Həm Həmas daxilində, həm də İsrail daxilində bu razılaşmadan narazı olanlar var. Çünki tərəflərin heç biri qarşısına qoyduğu məqsədlərə tam çata bilmədi”.
Siyas şərhçi vurğulayıb ki, atəşkəsin əldə edilməsi ən çox Fələstin xalqına lazımdır:
“Bu razılaşma ən çox əziyyət və zülm çəkən sadə xalq üçün önəmlidir, təəssüf ki, xalqın səsi və ağrıları çox vaxt görməzdən gəlinir.
Yaxın Şərqdə müharibə bitmir və indiki gedişatda görünür ki, yaxın zamanda da bitməyəcək. Əksinə, bölgədə yeni qarşıdurmalar başlayır. Suriyada isə hakimiyyət dəyişikliyi sabitlik yaratmaq əvəzinə gərginliyi daha da artıracaq. İraqda vəziyyət hələ də gərgindir, Livanda və Yəməndə durumlar kritik həddədir. Ümumilikdə, Yaxın Şərq qaynayır və ehtimal olunur ki, bundan sonra bölgədə daha da qarşıdurmaların miqyası böyüyəcək.
Bu razılaşmanın əldə edilməsi Trampın bəyanatları ilə üst-üstə düşür. O, seçki öncəsi Ukrayna-Rusiya müharibəsini və Həmas-İsrail gərginliyini həll etməyi hədəf kimi açıqlamışdı. Görünən odur ki, hazırkı cəhdləri bu vədlərin qismən həyata keçməsi görüntüsünü yaradır. Trampın fəaliyyətə başlaması ilə bu məsələlərin bitib-bitməyəcəyini birmənalı şəkildə təsdiqləmək çətindir. O, son açıqlamalarında Fələstinə və HƏMAS-a qarşı çox sərt mövqe nümayiş etdirir. Tramp, birinci prezidentlik dönəmində olduğu kimi, açıq şəkildə İsrailin dəstəkçisi kimi çıxış edir. Qüds şəhərinin İsrailin paytaxtı olması ilə bağlı mövqeyi də onun İsraili güclü şəkildə dəstəklədiyini göstərir. Hazırkı siyasətini davam etdirəcəyini bəyan edən Trampın bu yanaşması, ehtimal ki, bölgədə daha böyük gərginliklərə səbəb olacaq. Bu gedişat davam edərsə, Yaxın Şərq və Fələstin daha qaynar bir "qazan" halını alacaq”.
Mehin Mehmanqızı