Sülhə mane olan qüvvələr: Ermənistanın təxribatları kimin maraqlarına xidmət edir?
Digər
1550
07 Jan 2025 | 14:04

Sülhə mane olan qüvvələr: Ermənistanın təxribatları kimin maraqlarına xidmət edir?

Xəbər verdiyimiz kimi yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub. Sülh bəyanatları ilə çıxış edən Ermənistan sükutu pozdu. Mövqelərimiz yenidən atəşə tutuldu. Bəs Ermənistanı təxribat törətməyə nə təhrik edir? Atəşkəs kimin  göstərişiylə pozuldu?
 
 
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması bölgədə maraqları olan qüvvələrə sərf eləmir: 
 
“Özünü vasitəçi kimi təqdim edən dövlətlər sülhün əldə olunmasına deyil, sülh prosesinin əngəllənməsinə çalışırlar. Məhz bunu aradan qaldırmaq üçün Azərbaycan Ermənistanla ikitərəfli görüşlərin keçirilməsinə nail oldu. Bundan sonra sülh prosesində pozitiv meyllər müşahidə olunmağa başlandı. Qazax istiqamətində demarkasiya prosesi hyəyata keçirildi”.
 
Ə.Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması o deməkdir ki, üçüncü qüvvələr bölgəyə təsir imkanlarını itirirlər: 
 
“Ona görə də kapitulyasiyaya imza atmış Ermənistanın sonradan şərtlər irəli sürməsi səbəbsiz deyil. Bu prosesin kökündə ilk növbədə Fransa dayanır. Dünyada geosiyasi dayaqları sarsılan Fransa Cənubi Qafqazda varlığını qorumağa çalışır. Makronun qərəzli siyasəti, işğalçıya dəstək verməsi və Ermənistanda revanşizmi körükləməsinin kökündə də məhz Ermənistanın fəlakəti üzərində təmin edilməyə çalışılan Fransanın maraqları dayanır. Eyni zamanda Bayden Administrasiyasının da Ermənistana gizlin silah dəstəyi verməsi  Azərbaycan dövlətinə məlumdur. Bu sıraya Hindistan və.s dövlətlər də daxildir. Məqsəd Ermənistana hərbi-siyasi dəstək verməklə onu “cəsarətləndirmək”, sülh prosesindən yayındırmaq və beləliklə də bölgədə qeyri-stabil durumun davam etməsinə nail olmaqdır. Bunun üçün Ermənistan özünü güclü hiss etməli, himayədarlarına arxalanmalı və bundan sonra təxribatlara rəvac verməlidir ki, başda Fransa olmaqla digər  imperialist dövlətlər “vasitəçi” libasına bürünərək bölgəyə daxil olsunlar. Ona görə də, Ermənistan tərəfinin atəşkəsi pozması təsadüfi deyil və bölgədə sabitliyin pozulmasına hesablanıb”.
 
Siyasi şərhçi diqqətə çatdırıb ki, artıq de-fakto mövcud olmayan və Ermənistanın işğalına son qoymaq missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri -  Rusiya, Fransa və ABŞ əslində 30 il ərzində işğalçıya dəstək veriblər və onu silahlandırıblar:
 
“Amma Azərbaycan öz hərbi və diplomatik gücü, milli birliyi ilə işğala son qoydu, separatizmin kökünü kəsdi. Əlbəttə, bölgədə təsir imkanlarını saxlamağa çalışan qüvvələr bundan məmnun olmadı və bu səbəbdən də təxribatlarını davam etdirəcəklər.
Azərbaycan dövləti bütün bunları görür, dəqiq hesablamalar aparır və buna uyğun addımlar atır. Ona görə də, Türkiyə ilə imzalanan “Şuşa Bəyannaməsi”nin çox böyük traixi, strateji əhəmiyyəti var. Azərbaycanın hərbi istiqamətə 8 milyard 500 milyon manat vəsait ayırmasının nə qədər əhəmiyyət daşıdığı bəllidir və son proseslər bunu bir daha göstərir. Azərbaycan kifayət qədər hərbi və diplomatik güc, təhdidlərin qarşısını alacaq imkanlara sahibdir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər