Bizi sosial şəbəkələrdən izləyin:
Cənubi Qafqazı yeni regional münaqişənin gözlədiyi iddia olunur. Hədəf İran göstərilsə də həyacan təbili çalan Ermənistandır. Qərblə xeyli yaxınlaşan Ermənistana Rusiya ilə yaxınlaşmaq çağırışı edilir. Bəs bu Ermənistan daxilində ruspərəst qüvvələrin yeni ssenarisi ola bilərmi?
Bu barədə Moderator.az-a danışan politoloq Samir Hümbətov ötən ilin sonlarından başlayaraq Yaxın Şərq və Cənubi Qafqaz uğrunda ciddi bir mübarizənin başladığını qeyd edib.
Politoloqun sözlərinə görə, Rusiya - Ukrayna müharibəsi fonunda həm Yaxın Şərqdə - Suriyada baş verən hakimiyyət dəyişikliyi, həm də Cənubi Qafqaz uğrunda gedən mübarizə daha da qızışmaqdadır:
“Bəzi ekspertlər fikirlər səsləndirir ki, İran növbəti hədəf seçilib. Yəni Rusiyadan sonrakı növbəti hədəf İrandır, çünki NATO- nun 2022-ci il konsepsiyasına baxdıqda, İranı, Rusiyanı, Suriyanı, Şimali Koreyanı, Çini ciddi bir təhdid kimi görməyə başlayıblar. Bu o deməkdir ki, növbəti hədəf İran ola bilər. Amma İran təkcə özü yox, eyni zamanda bu prosesi Cənubi Qafqaz ölkələrinə təsir etməklə həyata keçirməyə çalışır. Artıq Ermənistanın atdığı addımların arxasında spontanlıq daha çox görünməkdədir. Çünki Ermənistanın Rusiya ilə münasibətləri son dərəcə gərgin görsənir, amma bir tərəfdən ticarət əlaqələri var. Xüsusilə də əvvəlki illərə baxanda hər iki ölkə arasında ticarət əlaqələri sürətlə artmaqdadır. Bunun arxasında bir məsələ var ki, Rusiya Qərblə əlaqələrdə Ermənistan lazım kimi görünür. Yəni Ermənistan Rusiyanın çirkli pullarını “yuma maşını” kimi də qiymətləndirilir. Digər tərəfdən isə Ermənistan Qərbə sürətlə yaxınlaşır. Artıq Qərb Rusiyanın Ermənistanla pərdəarxasında əlaqələrini görür. Digər bir tərəfdən isə Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) nümayəndə heyətini göndərməməsi və Belarusiya ilə Ermənistan arasında artan gərginliyin şahidi oluruq. Eyni zamanda, Gürcüstanda vəziyyət olduqca gərgindir. Hələ ki, tam olaraq hakimiyyət oturuşmayıb. Qərb davamlı olaraq mövcud Gürcüstandakı qeyri -hökumət təşkilatlarını maliyyələşdirməklə prosesi daha uzun müddətə daşımaq istəyir”.
S.Hümbətov hesab edir ki, belə bir gərgin situasiyanın içərisində Cənubi Qafqazın ciddi bir problemləri var. Xüsusilə Rusiya tərəfindən Azərbaycanın mülki təyyarəsinin vurulması və bunun nəticəsində 38 mülki vətəndaşın həlak olması Rusiya - Azərbaycan münasibətlərində gərginliyə səbəb olub:
“Ümumiyyətlə, bu gün Cənubi Qafqazda ən başı bəlalı ölkələrin sırasında birinci Ermənistan gəlir, çünki Ermənistan Qərb və Rusiya arasında əzilməkdədir. Faktiki olaraq Ermənistan hakimiyyəti mövcud vəziyyətdə Qərblə münasibətləri qurmağa çalışır. Rusiya isə Ermənistan hakimiyyətinin üzərinə gedir. Rusiyanın İranla sərhəddə öz qoşunlarını çıxartması da buna bir işarədir. Demək ki, yaxın gələcəkdə Rusiya dəyişim üçün Ermənistana təzyiq etməyə çalışacaqdır. Bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək. Əgər Paşinyan hakimiyyəti administrasiyası möhkəm dayansa, prosesin qarşısını ala bilər”.
Mehin Mehmanqızı