Yerində göstərilən reaksiya: “Azərbaycan Rusiyadan öz haqqını və hüququnu tələb edir”
Digər
2271
30 Dec 2024 | 10:11

Yerində göstərilən reaksiya: “Azərbaycan Rusiyadan öz haqqını və hüququnu tələb edir”

“Rusiya keçmişdə də beynəlxalq aviasiya hadisələrində tənqidlərə məruz qalıb. Məsələn, Koreya və Malayziya təyyarələrinin vurulması ilə bağlı nə üzr istənilib, nə də kompensasiya ödənilib. Lakin 44 günlük müharibə zamanı təsadüfən Naxçıvanda Rusiya helikopteri vurulduqda, Azərbaycan dərhal üzr istəyərək kompensasiya ödəməyi öhdəsinə götürdü. Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Təyyarə qəzasında 6 Qazaxıstan vətəndaşı həlak olub”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Elşad Həsənov  deyib.
 
Politoloq qeyd edib ki, qəzanın ilk günündən yayılan görüntülərdə təyyarəyə xarici müdaxilənin ehtimal olunduğu görünürdü:
 
“Hadisədən dərhal sonra Azərbaycan Prezidenti Rusiya səfərini yarımçıq qoyaraq ölkəyə qayıtdı, təcili müşavirə keçirdi və dövlət komissiyası yaratdı. Eyni zamanda, müvafiq qurum rəhbərləri Aktau şəhərinə - hadisə yerinə göndərildi. Bu tədbirlər təcili və təxirəsalınmaz addımların atıldığını göstərdi. Azərbaycan Prezidenti bu məsələyə ehtiyatla yanaşaraq, komissiyanın araşdırma nəticələrini gözləməyi tövsiyə etdi. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə zamanı təyyarə daxilindən çəkilmiş videolar ailələrə göndərilib. Bu, qəzanın detalları ilə bağlı əlavə sübutların mövcud olduğunu göstərir. Qəza ilə bağlı Azərbaycanı istəməyən qüvvələr tərəfindən müxtəlif təxribat xarakterli iddialar səsləndirilsə də, Azərbaycan tərəfi araşdırmaların obyektiv və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını prioritet hesab edir. XXI əsrdə müasir texnologiyalar vasitəsilə təyyarənin trayektoriyası və hərəkətləri dəqiq müəyyən edilə bilir. Hadisənin üstündən dörd gün keçdikdən sonra, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə zəng edərək, hadisə ilə bağlı üzrxahlıq etmiş və qəzanın Rusiya ərazisində baş verdiyini etiraf etmişdir. Bu, hadisənin araşdırılmasının vacibliyini bir daha təsdiqləyir. Bəzi təxribatçı qüvvələr Putinin çıxışını fərqli formada yozmağa çalışaraq, onun məsuliyyəti başqalarına yükləmək istədiyini iddia edirlər. Lakin Azərbaycan tərəfi bu məsələdə obyektiv araşdırmaların nəticəsini gözləməyi üstün tutur”.
 
Politoloq vurğulayıb ki, Azərbaycan hadisənin araşdırılmasına tam şəffaflıqla yanaşır və nəticələrin beynəlxalq standartlara uyğun şəkildə ictimaiyyətə açıqlanacağını bəyan edir:
 
 “İlkin versiyalara əsasən, hərbi hava müdafiə qüvvələri sərnişin təyyarəsini Pilotsuz Uçuş Aparatı (PUA) ilə səhv salaraq raket atıb. Raket təyyarəyə birbaşa dəyməyib, onun yaxınlığında partlayaraq qəlpələr vasitəsilə zərər yetirib. Bu versiya mütəxəssislərin ilkin rəyinə əsaslanır və hadisənin detalları hələ də dəqiqləşdirilməkdədir.
 Azərbaycan müstəqil ölkədir və öz müstəqil siyasəti var. Azərbaycan dövlət kimi öz haqqını, hüququnu tələb etdi və ona görə də Putin Azərbaycan xalqından üzr istədi. Komissiyanın yaxın günlərdə işini başa çatdıracağı və hadisənin tam təfərrüatlarını ictimaiyyətə açıqlayacağı bildirilir. Bu cür şəffaf yanaşma, həm regional sabitlik, həm də beynəlxalq hüquq prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər