Bizi sosial şəbəkələrdən izləyin:
“Son günlər Azərbaycan və Rusiya arasında diplomatik bir şahmat oyunu gedir. Azərbaycan addım- addım Rusiyanı geri çəkilmək məcburiyyətində buraxır. Putinin də təyyarə qəzası ilə bağlı üzr istəməsinin əsas səbəblərindən biri də budur”
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Siyası şərhçinin sözlərinə görə Rusiya bu hadisəni bağlamaq niyyətində idi və təyyarə Xəzər dənizinə yönləndirilərkən onun dənizdə batması məqsədi güdülmüşdü:
“Ancaq bu plan pozulduğuna görə, Rusiya bir az çətin vəziyyətə düşüb. Rusiya Qazaxıstana təzyiq göstərirdi ki, araşdırmanın nəticələri Rusiyanın xeyrinə olsun, lakin bu variant da Rusiyanın əlindən çıxdı.Təyyarə qəzasının araşdırılması ilə bağlı həm Türkiyədən, həm də təyyarənin istehsalçısı olan Braziliyadan mütəxəssislər cəlb olub. Rusiya bundan sonra faktları ört basdır etməyə çalışacaq. Rusiya üzr istəmək məcburiyyətində qalsa da təyyarənin vurulduğunu qəbul eləmək istəmirlər. Çünki Kremlin qarşısında ciddi problemlər var. Bu, sadəcə kompensasiyasının ödənilməsi deyil. Rusiya üçün ciddi problem “qara qutu”dur. Bu hadisənin əsas "qara qutu"su Qroznıda yerləşir. Çünki Qroznıda təyyarənin vurulması və buna kimin göstəriş verməsi ilə bağlı məsələnin araşdırılmasına ehtiyac var. Böyük ehtimalla, Rusiya prezidenti Vladimir Putin Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulması ilə bağlı hadisədə Qroznı “qara qutu”sunun açılmasından narahatdır. Çünki təyyarənin vurulması etiraf olunsa, onda cəzalandırma məsələsi də ortaya çıxacaq və bu cəzalandırma məsələsində də bütün diqqət Qroznıya yönəlmiş olacaq, Kreml də bunu istəmir”.
Mehin Mehmanqızı