"Rusiya prezidenti Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etdi. Lakin Malaziya təyyarəsinin qəzasında isə, Rusiya heç vaxt səhvini etiraf etmədi və üzr istəmədi. O vaxt, Rusiya tərəfi, təyyarənin vurulmasında hər hansı bir yanlışlıq olmadığını bildirmişdi və məsuliyyəti üzərinə götürməmişdi. Bu iki hadisə arasındakı fərq, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin özünəməxsus xüsusiyyətlərini ortaya qoyur. Azərbaycanın geosiyasi əhəmiyyəti və bu ölkənin Şimal-Cənub nəqliyyat dəhlizindəki strateji mövqeyi, Rusiyanı sonunda üzr istəməyə məcbur etmişdir"
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Sultan Zahid deyib.
Politoloq qeyd edib ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti Rusiya üçün mühüm bir amildir:
“Azərbaycanla münasibətlərin Rusiya üçün böyük əhəmiyyət kəsb etməsi, hər iki ölkənin strateji maraqlarının qarşılıqlı olaraq təmin edilməsi baxımından olduqca vacibdir. Ticari və iqtisadi əlaqələr, eləcə də siyasi münasibətlər bu əməkdaşlığın təməlini təşkil edir. Son illərdə Rusiyanın əməkdaşlıq edə biləcəyi ölkələrin sayının azalması, onun beynəlxalq münasibətlərdəki mövqeyini daha da zəiflədir. Xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar, onun iqtisadiyyatına və beynəlxalq əlaqələrinə ciddi təsir göstərib. Rusiyanın Yaxın və Orta Şərqdə təsir dairəsi Suriya rejimi devrildikdən sonra zəifləyib. Ona görə də , Rusiya, Cənubi Qafqaz dövlətləri ilə münasibətlərini hamar səviyyədə saxlamağa çalışır. Şimal-Cənub nəqliyyat dəhlizinin vacib bir hissəsi olan Azərbaycan, həm Asiya, həm də Avropa arasında ticarət və enerji mübadiləsinin artırılmasında strateji mövqeyə malikdir. Eyni zamanda, Rusiyanın Ermənistanla olan münasibətləri bir qədər problemli olsa da, Azərbaycanla əlaqələrin inkişafı Rusiya üçün geosiyasi maraqları baxımından vacibdir. Digər tərəfdən, Azərbaycanın Türkiyə ilə olan müttəfiqliyi də Rusiya üçün əlavə bir faktor rolunu oynayır. Rusiya, həmçinin Türkiyə ilə olan strateji əlaqələrini nəzərə alaraq, Azərbaycanın bu münasibətlərdəki rolunu qiymətləndirir”.
Politoloq hesab edir ki, təyyarə qəzası ilə bağlı kompensasiya məsələsi, tərəflər arasında rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə müzakirə olunur:
“Çox güman ki, kompensasiya məsələsi ilə bağlı addımlar atılacaqdır. Azərbaycan, 2020-ci ildə Rusiya helikopterinin səhvən vurulması ilə bağlı üzr istədikdən sonra, hər hansı bir gecikmə olmadan konkret addımlar atmışdır. Rusiya, uzun müddət bu məsələyə münasibət bildirməyərək və təfərrüatlı bəyanat verməyərək, əslində məsələni uzatmış oldu və bununla da beynəlxalq ictimaiyyətin və Azərbaycanın təzyiqlərini daha da artırdı. Rusiya da məcbur olub Azərbaycan tərəfindən üzr istədi. Lakin obyektiv şəkildə hadisədə əli olan günahkarlar araşdırılaraq məhkəməyə sövq edilməlidir və zərərçəkmişlərə kompensasiya ödənilməlidir”.
Mehin Mehmanqızı.