Suriyadan sonra növbə İrana çatdı? 
2651
17 Dec 2024 | 18:05

Suriyadan sonra növbə İrana çatdı? 

“Suriya həlledici bir regionda yerləşir. Suriya həm Türkiyə, həm İsrail, həm də  İraqla sərhəddir. İraq vasitəsilə İranın proksi qüvvələrinin də Suriyada olduğu hər birimizə bəllidir”.
 
 
Bunu Moderator.az-a açıqlamasında  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.
 
Politoloq xatırladıb ki, Qolan təpələri ilə bağlı məsələ uzun illərin mövzusudur və zaman -zaman Suriya və  İsrail arasında ciddi qarşıdurmaya gətirib çıxarıb:
 
"Bu gün isə Suriya ərazisində Əsəd  rejiminin çökməsindən sonra baş verəcək xaotik proseslərdən özünü qorumaq üçün  İsrail dövləti Qolan təpələrini nəzarətə götürməklə bufer zona yaratmaq istəyini həyata keçirir. 2011-ci ildə başlayan “Ərəb baharı” adı altında başlayan əməliyyat  Suriyada dayanmışdı. Suriya ilə bağlı razılıq əldə edilsə belə, bu razılığın  müvəqqəti olduğu  bəllidi idi. Artıq Əsəd rejimi çöküb və Suriyada bir neçə qarşıdurmada olan qüvvələr var. Nəzərə alaq ki, Türkiyə Suriya ilə  sərhədboyu ərazidə yerləşdiyinə görə Türkiyənin də Suriyada baş verən proseslərlə bağlı açıq mövqeyi var. Gələcəkdə Suriyada hansı rejimin olması məsələsi Türkiyə üçün ən önəmli amillərdən biridir. Uzun illər ərzində Türkiyə Suriya vasitəsilə terrorçuların hücumlarına məruz qalıb. Bu amiləri nəzərə alsaq, Suriyada çoxsaylı böyük maraqların toqquşduğunu deyə bilərik. Suriyada  Əsəd rejiminin çökməsi, yəni İrana yaxın olan rejimin çökməsi artıq İranın Həmasla quru ərazisindən əlaqələrinin kəsilməsinə gətirib çıxarır.  İsrail məhz həmin o proksi qüvvələri yox etmək üçün Suriyada bu rejimin çökməsindən yana idi. Suriyadan  keçməklə Türkiyə və Bolqarıstana gedəcək qaz kəmərinini çəkilməsi ilə bağlı məsələ var idi ki, buna Suriyanın  Əsəd rejimi mane olurdu. Bu layihə həm İranın, həm də Rusiyanın maraq dairəsində idi. Artıq o layihənin də qarşısını alacaq hər hansı bir qüvvə olmayacaq. Hər halda hər hansı bir layihənin reallaşması üçün ilk öncə Suriya ərazisində xaotik proseslərə son qoyulmalıdır  və stabil təhlükəsizlik şəraiti təmin edilməlidir. İndiki mərhələdə bunun reallaşması o qədər də rahat görünmür”.
 
X.Bəşirovun sözlərinə görə,  bu gün xaotik proseslərin baş verdiyi rejimin çökdüyü Suriyadan hər kəs öz payını qoparmağa çalışır:
 
“Suriya ilə quru sərhəddi olan dövlətlər gələcəkdə terrorçular üçün münbit şəraitin formalaşdığı bu bölgədə təhlükələrin  qarşısını almaq niyyəti ilə bu addımları atırlar. Yeni hökumətin parçalanmış Suriyanı bərpa etməsi  hazırkı mərhələdə o qədər real görünmür. Yeni hökümətə  dəstək lazımdır. Nəzərə alaq ki, bu gün Suriya ərazisində ayrı- ayrı terrorçu qruplaşmalar var.  Hazırda Suriyada iki dövlətin- İsrailin və Türkiyənin maraqları daha çoxdur. Türkiyə  sərhədboyu ərazilərini, o zamanlar Əsəd rejimi ilə mübarizə çərçivəsində Türkiyəyə qaçan milyonlarla qaçqının öz ölkəsinə qayıtması prosesini reallaşdırmağa çalışır. İsrail də təbii ki, Suriya vasitəsilə gələcəkdə  Hizbullah və Həmasın yenidən bu istiqamətdə dəstək almaması üçün əlindən gələni edir. 
Suriyanın şimal hissəsində İsrailin hər hansı bir marağı olacaqsa və yaxud Suriyanın cənub -qərb hissəsində Türkiyənin bir marağı olacaqsa, o halda  iki güc toqquşa bilər. İstənilən halda, hər hansı proses reallaşa bilər. Amma böyük miqyasda bunun reallaşacağını görmürəm. 
 
İsrailin İranla müharibə edə bilməməsinin əsas səbəblərindən biri də məsafə baxımından  uzaq olması idi. Çünki İsrailin əsas gücü qırıcı təyyarələr vasitəsilədir.  Qırıcı təyyarələrin də məsafə qət etməsi baxımından İranın uzaq olması amili bu əməliyyatlara mane olurdu. Gələcəkdə  yeni qarşıdurma olacaqsa, təbii ki, Qərb ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının bu məsələdə sərt təpkisi olacaqsa,  o halda Suriya ərazisindən İran- İsrailin qarşıdurmasının şahidi ola bilərik. Hələki Suriyada baş verən bu proseslərin fonunda bu reallaşması gözlənilmir, amma gələcəkdə  bu qarşıdurmanın  də şahidi ola bilərik”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər