“Ukraynada vəziyyət kifayət qədər gərgindir. Hər iki tərəf yorulub. Üç ilə yaxındır davam edən savaş həm rəsmi Moskvanın, həm də Kiyevin imkanlarını tükəndirib”.
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazəsi, şübhəsiz ki, gərginliyi daha da artırdı:
“Ümumiyyətlə, son vaxtlara qədər gərginlik artan templə davam edirdi. Bu isə öz növbəsində nüvə silahının tətbiqi və üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması ehtimalını artırdı. Amma ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsi proseslərə təsir etməyə başladı. Hələ Trampın andiçməsinin olmamasına və hakimiyyətdə Demokrat Baydenin qalmasına baxmayaraq, bunun əlamətləri artıq hiss edilir. Həm Vaşinqton, həm Moskva, həm də Kiyevdən verilən açıqlamalar belə düşünməyə əsas verir ki, inauqurasiya mərasimindən sonra intensiv təmaslar başlana bilər.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib ki, ölkəsi Ukraynanı dəstəksiz qoymayacaq. Onun sözlərinə görə, bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir: “Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir", - o bildirib. Tramp əlavə edib ki, baş verənlərlə razı deyil və müharibə, ümumiyyətlə baş verməməli idi”.
Siyasi şərhçi bildirib ki, Trampın bu açıqlaması daha çox siyasi manipulyasiyasıdır:
“Hazırkı situasiyada məsələ dəstəkdən çox, onun həcmindən gedir. Məsələn, ABŞ-nin hazırkı hakimiyyəti də Ukraynaya dəstək göstərir. Amma bu dəstək ancaq müqavimət xarakterlidir. Məsələyə bu konteksdən yanaşsaq, deməliyik ki, Vaşinqton gələcəkdə Kiyevi dəstəyi davam etdirə bilər. Amma bu, yardımın həcminin azaldılmasını və nəticədə Ukraynanın danışıqlar masasına otuzdurulmasını istisna etmir. Əlbəttə, Tramp başqa cür danışa, Ukraynaya dəstəyin dayandırıcağını, hətta azaldılacağını da deyə bilməzdi. Bu, Ukrayna və Avropada ciddi narahatlıqlara səbəb ola bilərdi. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ rəsmi prezident Tramp deyil. Odur ki, o, andiçməsinə qədər ehtiyatlı bəyanatlar verəcək. Bundan başqa, perspektivdə ABŞ Ukraynaya dəstəyi azaltsa belə, bu, olduğu kimi təqdim edilməyəcək, əksinə, yardımların davam etdirildiyi bildiriləcək.
İkinci bir tərəfdən, ola bilsin, ABŞ müharibənin tamamilə Rusiyanın şərtləri ilə başa çatmasını istəmir, Ukraynanın da maraqlarının təmin edilməsinə çalışır. Ona görə də Ukraynanı tam dəstəksiz qoymaq istəmir.
Siyasətçinin “müharibə, ümumiyyətlə baş verməməli idi" fikirlərinə gəldikdə isə söyləməliyik ki, savaşın başlanması müəyyən imperialist güclərin maraqlarının təzahürü idi. Ukraynadakı müharibə Qərbin Rusiyanı zəiflətmək və Şərqi Avropadakı təsir imkanlarını artırmaq cəhdinin hissəsi idi”.
Kənan Novruzov vurğulayıb ki, Ukrayna- Rusiya müharibəsi, bəlkə də, üçüncü dünya müharibəsinin başlanğıcı oldu. İndi əsas sual Trampın üçüncü dünya müharibəsini rəsmi şəkildə elan edilməsinin qarşısının ala bilib – bilməyəcəyi ilə bağlıdır.
Mehin Mehmanqızı