Regional Güc Oyunları: Qolan Təpələrində Türkiyə və İsrail müharibəsi BAŞLAYIR? - türkiyəli politoloq şərh etdi
Digər
353
16:22, Bu gün

Regional Güc Oyunları: Qolan Təpələrində Türkiyə və İsrail müharibəsi BAŞLAYIR? - türkiyəli politoloq şərh etdi

 “Türkiyənin əsas hədəflərindən biri  PKK-nın Suriya qolu olan YPG və PYD-nin tamamilə məhv etməkdir. 2014-cü ildə ABŞ PKK-nın Suriya  qolu - PYD/YPG-ni yaratdı. ABŞ-nin məqsədi, məhz bu terror qruplaşmaları vasitəsilə özünün Suriya və İraqdakı mövqelərini möhkəmləndirmək idi. ABŞ  10 il müddətində  bu ordunu gücləndirmək üçün resurslar sərf etdi. ABŞ-ın məqsədi Suriyanın şimalını Türkiyənin cənub sərhədindən başlayaraq Aralıq dənizinə qədər uzanan bir kürd dövləti yaratmaq idi”.
 
 
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnanc  deyib.
 
Türkiyəli politolqun sözlərinə görə, kürd dövlətinin yaranması Türkiyə üçün strateji olaraq çox ciddi təhlükə təşkil edərdi, çünki Türkiyə növbəti 100 il ərzində yalnız bu terror  bəlası ilə mübarizə aparmağa məcbur qalacaqdır:
 
“ABŞ, Türkiyəni zəiflətmək və terrorla mübarizə kimi həssas bu mövzunu istifadə edərək Türkiyəni beynəlxalq arenada da çətin vəziyyətə salmaq istəyirdi. Kürd dövləti isə ABŞ-ın bölgədəki siyasətində bir vasitə kimi istifadə ediləcəkdi. Türkiyə PKK terroru ilə 40 ildir  mübarizə aparır və  40 mindən çox insanını itirib. Bu səbəbdən, Türkiyənin belə bir vəziyyəti qəbul etməsi və ya onunla yaşamağı öyrənməsi mümkün deyil. Xüsusən 15 iyul 2016-cı ildə FETÖ  tərəfindən təşkil olunan dövlət çevrilişi cəhdini Türkiyə dəf etdi. Bu çevriliş ABŞ tərəfindən dəstəklənmişdi, lakin uğursuz oldu. Türkiyə "Fırat Kalkanı", "Zeytun Budağı", "Barış Pınarı" və "Bahar Kalkanı" adlanan dörd böyük hərbi əməliyyat həyata keçirdi və Suriyada strateji əhəmiyyət daşıyan bölgələri nəzarətə götürdü. Bu əməliyyatlar sayəsində Türkiyə, Suriyanın şimalını cənubuna birləşdirəcək terror dəhlizinin qarşısını aldı. ABŞ-ın məqsədi bölgədə İsrailə təhlükə yarada biləcək gücləri aradan qaldırmaq üçün ikinci bir İsrailə bənzər bir dövlət qurmaq idi. Ancaq Türkiyə  dörd böyük uğurlu əməliyyatla bu planın qarşısını aldı”. 
 
Politoloq vurğulayıb ki, hələdə Fırat çayının şərqində çox güclü bir YPG mövcuddur:
 
“27 noyabrda HTŞ (Heyət Təhrir əş-Şam) lideri Əbu Məhəmməd Colaninin rəhbərliyi ilə əməliyyatlar başlandı. Türkiyənin həyata keçirdiyi əməliyyatlarla yanaşı, Suriya Milli Ordusu da bu əməliyyata birbaşa dəstək verdi. Beləliklə, bu çərçivədə Türkiyə artıq Suriyada aparıcı dövlət mövqeyinə yüksəldi. Elə bir nöqtəyə gəldik ki, hazırda Türkiyənin razılığı və dəstəyi olmadan Suriyada heç bir siyasi və ya hərbi prosesin həyata keçməsi mümkün görünmür. Buna görə də, Türkiyə, PKK-nın Suriya qolu olan YPG və PYD-nin varlığını tamamilə  məhv olmasını hədəfləyir. Türkiyə bunu həm də  müzakirə və diplomatik vasitələrlə həyata keçirilməyə çalışılacaq. Cümə günü ABŞ Dövlət Katibi Antoni Blinken Türkiyəyə səfər edəcək və bu mövzu ətrafında müzakirələr aparacaq. Hazırda Türkiyənin regional təsiri əvvəlki ilə müqayisədə çox daha güclüdür. ABŞ Prezidenti Co Bayden də bu yaxınlarda bir çıxışında "Biz artıq Türkiyənin Suriyadakı narahatlıqlarını anlayırıq" ifadəsini ilk dəfə işlədib. Bu, Türkiyənin Suriyada öz mövqeyini mütləq şəkildə təsbit edəcəyinin bir göstəricisidir. Bu vəziyyət İsrail-Türkiyə münasibətlərində də əks olunub. İsrail, Orta Şərqi yenidən dizayn etməyə çalışan və bunu Türkiyənin əleyhinə yönəltməyə çalışan bir gücdür. İsrailin bölgədə tətbiq etdiyi zorakılıq, soyqırım və insanlıq əleyhinə cinayətlər buna nümunədir. 1974-cü ildə Suriya Ərəb Respublikası ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən, 1973-cü il ərəb-İsrail müharibəsi sonrası Golan təpələrinin müəyyən hissəsi İsrailin nəzarəti altına keçdi. Lakin bu bölgədə bir tampon zona yaradılmış və heç bir tərəfin ora müdaxilə etməməsi razılaşdırılmışdı. İlk dəfə olaraq İsrail bu tampon zonaya müdaxilə edib. BMT-nin baş katibi Antonio Quterreş bu məsələyə diqqət çəkərək, İsrailin bu torpaqlardan çıxmalı olduğunu bəyan edib. Türkiyə isə İsrailin belə addımlarına heç bir halda icazə verə bilməz. Türkiyənin gələcəkdə İsrailə qarşı ciddi bir mövqe tutacaq”.
 
Hazırda Türkiyənin dəstəyi ilə Suriyada yeni bir dövlət inşa edilidiyini deyən politoloq bu dövlətin qurulmasında və onun milli strukturlarının formalaşmasında Türkiyənin  mühüm rol oynadığını  qeyd edib:
 
“Sabah, əgər Suriyanın rəsmi və ya qeyri-rəsmi hökuməti Türkiyəni bölgəyə dəvət edərsə, necə ki,  Bəşər Əsəd 2015-ci ildə Rusiya və İranı bölgəyə dəvət edərək  bu ölkənin insanlarını öldürtdü, bunun tam əksinə Suriya   Türkiyə ordusunu dəvət edə bilər. Beləliklə, Türkiyə Suriyanın torpaqlarında öz ordusu ilə Qolan təpələri başda olmaqla, gücünü, strateji mövqelərini və ordusunu yerləşdirər və hətta zərurət yaranarsa, İsraillə mübarizəyə yönələ bilər.
Artıq İsrailin bu hücumlarının uzun müddət davam edəcəyini düşünmürəm. Çünki İsrailin Qəzza və digər bölgələrdəki hərəkətləri artıq insanların nifrətini üstünə çəkmişdir. İzolyasiya edilmiş, iqtisadiyyatı çökmüş bir dövlətdir və ABŞ artıq ona əvvəlki kimi dəstək verə biləcək vəziyyətdə deyil. Bu şərtlər altında, Türkiyə artıq rəsmən Suriyada varlığını göstərəcəkdir və ABŞ-la bu məsələləri diplomatik yollarla həll etməyə çalışacaq və bu prosesdə sabit addımlar atacaqdır.
Türkiyə, Suriyanın torpaqlarında İsrailin təsirini və ya Suriyada PKK, YPG-nin mövcudluğunu qəbul etməyəcək və hər hansı bir formada onların möhkəmlənməsinə icazə verməyəcək. Önümüzdəki altı ay ərzində Türkiyənin bu istiqamətdə daha aydın bir addım atacağı gözlənilir. Xüsusilə, Suriya Milli Ordusu Suriyanın rəsmi ordusuna çevriləcək. Bu proses tək bayraq, tək dövlət və tək millət prinsipi əsasında bir milli dövlətin inşasını əhatə edəcək və Türkiyənin yardımı və təcrübə paylaşımı ilə həyata keçiriləcəkdir.
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider Suriyadakı son hadisələri, regional və qlobal məsələləri müzakirə ediblər. Danışıq zamanı Prezident Ərdoğan Türkiyənin Suriyada daimi sabitliyin yaradılmasına sadiq olduğunu, Suriya xalqını bundan sonra da dəstəkləyəcəyini bəyan edib. 
Bu prosesdə Suriyada  İsrailin və PKK-nın hər hansı bir rol oynamasına da icazə verilməyəcək. Bu, dövlət quruculuğu istiqamətində atılan ən böyük addım olacaqdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər