Suriya Yenidən Alovlanır: Böyük Güclərin Məğlubiyyətə Uğramış Planları
Digər
580
04 Dec 2024 | 22:36

Suriya Yenidən Alovlanır: Böyük Güclərin Məğlubiyyətə Uğramış Planları

“Suriyada son günlərdə nisbi sakitlikdən sonra yenidən hərbi əməliyyatlar bərpa olunub. "Heyət Təhrir əş-Şam" və Azad Suriya Ordusu qüvvələri  Hələbi, Həmanın müəyyən məntəqələrini ələ keçiriblər və bu da Suriyanın növbəti dəfə vətəndaş müharibəsi ilə alovlandığının göstəricisidir”
 
 
Bunu Moderator.az-a Suriyada baş verənləri şərh edən politoloq Sultan Zahidov deyib.
 
Politoloqun sözlərinə görə, Suriya müharibəsinin kökləri 2011-ci ildəki "Ərəb baharı"na gedib çıxır:
 
“Həmin vaxt Bəşər Əsədə qarşı ayağa qalxan müxaliflər müxtəlif qruplaşmalar şəklində  Suriya rejiminə qarşı mübarizə aparmışdılar. Təxminən beş il əvvəl Rusiya, İran və Türkiyə arasında Suriya ilə bağlı bir razılaşma imzalanmışdır. Həmin razılaşmaya görə, İdlibdə deskalasiya  - təhlükəsizlik zonası yaranmalı idi və müxalif qüvvələr həmin zonada  yerləşdirilməli idi. Lakin iddialara görə, bu saziş Suriya rejimi tərəfindən vaxtaşırı pozulurdu.  İdlibdəki müxalif qüvvələrə qarşı atəş zərbələri endirilirdi və bu da həmin qüvvələrin əks hücuma keçməsinə, Suriyanın bir neçə strateji əhəmiyyətli məntəqəsini, o cümlədən İrandan Livana daşınan silah yollarının qovşağında yerləşən  Hələbin “Heyət Təhrir əş-Şam” qruplaşması tərəfindən  ələ keçirilməsinə gətirib çıxartdı. “Heyət Təhrir əş-Şam” qüvvələri və Suriya ordusu Tel- Rifat bölgəsini PKK/ YGG-dən təmizlədi və hazırda Münbiç istiqamətində irəliləyirlər. Həma şəhəri də hədəflər içərisindədir. Əgər Həma ələ keçirilərsə,  digər iri şəhərlərə  yol açılmış olur ki, bu da Əsəd rejiminin  sonu ola bilər. Əsəd rejimi Rusiyaya böyük şəkildə ümidlər bağlayır, hətta Bəşər Əsəd eskalasiya başlayandan dərhal sonra Moskvaya getmişdi. Rusiyanın təyyarələri aramsız şəkildə “Heyət Təhrir əş-Şam”  qüvvələrini bombalayırlar. 2015-ci  ildən yalnız Rusiyanın dəstəyi ilə Bəşər Əsəd bu günə kimi hakimiyyətini saxlaya bilmişdir. Amma indiki vəziyyət daha mürəkkəbdir. Rusiya, xüsusən də Ukrayna cəbhəsindəki gərginlik səbəbindən, Suriyaya əvvəlki qədər dəstək verə bilməz”.
 
S.Zahidov vurğulayıb ki, Suriyada  “Ərəb baharı” ndan sonra region  və böyük ölkələrin maraqları  toqquşur:
 
“Hazırda Əsəd rejimi İran diplomatiyasını işə salmış və xarici işlər naziri Abbas Araqçı Suriyaya, daha sonra Türkiyəyə səfər etdi və diplomatik yollarla həm İran, həm Rusiya  çalışacaqlar ki, burada hərbi münaqişə sona çatsın. Suriyada təxminən 900 Amerika əsgəri var. Dövlətin bir hissəsi amerikan əsgərlərinin nəzarətindədir. Suriyanın müəyyən hissəsi türklərin nəzarəti altındadır. Bundan başqa, Rusiyanın da burada hərbi bazası var. Bütün bunlar onu göstərir ki, burada böyük dövlətlərin maraqları ciddi şəkildə toqquşur. Türkiyə ilk növbədə Suriyanın şimalında təhlükəsiz zonanın yaranmasını istəyir ki, burada məskunlaşan üç milyona yaxın qaçqın geri dönə bilsin. Eyni zamanda, Türkiyənin məqsədi  PKK terrorunu zərərsizləşdirməkdir. Çünki həmin terrorun mənbələrindən biri də Suriyada yerləşir. İran və Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını istəyirlər, lakin Amerika və İsrail isə buna qarşı  çıxır. Bütün bu ehtimallar onu göstərir ki, Suriyadakı müxalif qoşunlarının ayağa qalxmasının arxasında həm də Türkiyənin  izi var. Eyni zamanda Suriyada Amerikanın və İsrailin də maraqları üst üstə düşür. Çünki hər iki tərəf Əsəd rejiminin hakimiyyətdən getməsini istəyirlər. İsrail Əsəd rejiminə İranın müttəfiqi kimi baxır və bu rejim İsrail üçün təhdiddir. Türkiyənin də burada maraqları əslində Amerikanın maraqları ilə üst üstə düşür. Zərər görən tərəf isə Rusiya və İrandır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər