Suriya gələcəyi: Kim qalib gələcək? -  Politoloq açıqladı
Digər
785
04 Dec 2024 | 19:43

Suriya gələcəyi: Kim qalib gələcək? -  Politoloq açıqladı

“Suriyada vətəndaş müharibəsinin növbəti dəfə aktivləşməsinin arxasında konkret hansısa dövlətin adını çəkmək düzgün deyil”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
 
 
Onun sözlərinə görə, Suriyada vəziyyət o qədər qarışıq və geosiyasi maraqlar o qədər mürəkkəbdir ki, konkret dövlətin adını çəkmək qeyri-ciddi olardı:
 
“Hələb, İdlib kimi strateji bölgələr Əsəd rejiminə dəstək verən Rusiya və İranın yardımı ilə tamamilə azad olunmasından illər keçib. Bu illər ərzində müxalifət toparlanıb və  ciddi dövlət səviyyəsində intizamlı bir ordu yarada bilib. Bu gün Türkiyənin  dəstəklədiyi və təlim verdiyi Suriya Milli Ordusu 50 mindən yuxarı yüksək səviyyədə təlim keçmiş bir orduya mənsubdur. İndiki geosiyasi boşluqları və müxalifətin hərəkətə keçməsi üçün yaranan münbit mühiti də nəzərə alsaq, müxalifətin hərəkətə keçməsi anlaşılandır. Bu baxımdan bir dövlətin siyasi iradəsi ilə bütün prosesin başladığını iddia etmək doğru olmazdı. Çünki mübarizə aparan suriyalılardır, ölən və  öldürən də suriyalılardır. Əlbəttə, bu gün revanş götürməyin mümkünlüyünə inanan bir müxalif ordunu  görürük. Bir tərəfdə "Heyət Təhrir əş-Şam" qruplaşması, başqa bir tərəfdən Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun ciddi fəaliyyətini görürük. "Heyət Təhrir əş-Şam" rejimi üçün strateji son bölgə sayılan Həmanın sərhədləri yaxınlığında həlledici döyüş gedərkən, başqa bir tərəfdə Türkiyənin də dəstəklədiyi və təlim verdiyi Suriya Milli Ordusunun  Tel -Rıfat kimi strateji bir bölgəni azad edib və növbəti bölgə Fərad çayının qərbində yerləşən çox strateji  Münbiç bölgəsi olacaq. Yəni bu, dolayısı ilə Türkiyənin 30 kilometrlik təhlükəsizlik qayəsinə   uyğun aparıldığını biz görürük və paralel olaraq bir də azad olunmuş ərazilərə çox keçməz ki, təhlükəsizlik təminatı olandan sonra 100 minlərlə milyonlarla suriyalılar geri qayıdacaq. Bu, Türkiyənin vəziyyətini çox asanlaşdıracaq. Dörd milyona yaxın suriyalı bu gün Türkiyədə məskunlaşıb və bu insanlar artıq öz bölgəsinə qayıdacaq  və təhlükəsizlik təmin olunandan sonra bu proses daha da sürətlənəcək. Ona görə də əlbəttə ki, bu, Türkiyənin təhlükəsizliyinə xidmət etmiş olsa da, Türkiyən uyğun bir davranış olmuş olsa da, bütün bu prosesin arxasında Türkiyənin olduğunu iddia etmək də doğru olmaz”.
 
Politoloq hesab edir ki, Suriya heç bir dövlətin olmayacaq. Çünki regionda Suriyanın bütövlüyünü istəyən dövlətlər var. Bunların başında Türkiyə gəlir:
 
“Eyni zamanda, Suriyada varlığını sürdürən Rusiya və İran amili var. Dövlətlər də dolayısı ilə Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda Türkiyə nə qədər mövqeyləri  güclənmiş olsa da, Suriyanın Türkiyənin olacağı bir gerçəyi də yoxdur və ola da bilməz. Türkiyənin yeganə istəyi bütöv Suriya demokratik xalqın istədiyi bir rejimin bərqərar olmasıdır. Bunun üçün mövcud rejimlə müxalifətin sözün əsl mənasında masa ətrafında oturması anlaşması, yeni Konstitusiyanın təsbit olunması və bu kontekstdə seçkilər keçirilib, yeni bir Suriya dövlətinin formalaşmasıdır. Ona görə də Suriya hər hansı bir dövlətin olacaq mövqeyi doğru deyil. İsrailin maraqları ondan ibarətdir ki, mövcud Suriya rejimi qalmaqda davam etsin,  çünki Əsəd rejimi İsrail ilə hər hansı bir təhlükə yaratmır. Əsədin İsrailə yönəlik daha mülayim davranışı var. Baxmayaraq ki, Golan təpələri Suriyanın ərazisi olmuş olsa da, bu ərazilər İsrail tərəfindən işğal olunub. İsrailin Suriyada istəkləri ondan ibarətdir ki, İran Suriyada mövcud olmasın. İranla Suriya rejiminin arası açılsın ki, İranın Suriya ərazisi vasitəsilə Livanda mövcud olan İranın dəstəklədiyi Hizbullaha yardım edə bilməsin və bu əlaqələr bir dəfəlik kəsilsin. Əgər Həma şəhəri və ətrafı tamamilə müxalif qüvvələr tərəfindən azad olunarsa, Bəşər Əsəd rejiminin süqutu an məsələsi olacaq. Çünki bundan sonra artıq dirənmə faydasız olacaq, çünki bu, həm də imkansız olacaq. Bəşər Əsəd rejimi devrilərsə,  Əsəd rejimində hakimiyyətdə təmsil olunan və müxalifətlə əməkdaşlıq istəyində olan bəzi məmurların da iştirakı ilə  müvəqqəti bir hökumət qurula bilər və müvəqqəti hökumət qurulandan sonra bu, vətəndaş müharibəsinin qarşısını almağa yönəlik bir çözüm variantı hesab olunur. Tədricən hökumət oturuşduqca, dövlət təhlükəsizliyini təmin etdikcə gələcək perspektivdə normal demokratik seçkilərin keçirilməsi mümkündür ki, bu da Suriya dövlətinin gələcəyi ilə bağlı müsbət çalarları ortaya qoyacaq.  Ancaq bunun üçün ən azından  dövlət rejiminin süqutuna ehtiyac var. Çünki Suriyanın gələcəyi ilə bağlı bu qüvvələr bilavasitə məsuliyyət daşıyır”.
 
Politoloq qeyd edib ki,  Suriya düyünün həll olunması Suriyada bütün qüvvələrin maraqlarını təmin edəcək bir hakimiyyətin qurulmasından keçir:
 
“Burada bütün etniklərin əlbəttə ki, siyasi maraqları, iqtisadi maraqları təmin olunacaq və bunu təmin edəcək bir hökumətin qurulmasından söhbət gedir.  Zamanında Türkiyənin verdiyi təkliflər dəyərləndirilmiş olsaydı, BMT- nin qətnaməsi kontekstində Əsəd rejimi müxalifətlə  danışıb, yeni bir Suriya dövlətinin yaradılmasına, hökumətin formalaşmasına qapı açmış olsaydı, bu gün vətəndaş müharibəsinin yenidən aktivləşməsini biz görməzdik. Əsəd rejiminin hakimiyyətdə qalması Suriyanın gələcəyi üçün müsbət heç nə vəd etmir. Ona görə də müxaliflərin bu əməliyyatları davam etməli, son strateji şəhər Həma şəhəri azad olunmalı və Şama qədər bu proses davam etməlidir ki, mövcud rejim tamamilə süqut etsin və yeni bir hökumət formalaşsın. Çözüm yeni bir Suriyanın yaradılmasıdır. Suriyanın gələcəyi də buna bağlıdır və müxalifət hələlik bu yöndə qətiyyətli görsənir. Əgər müxalifətin hərbi əməliyyatları uğurla davam edərsə, düşünürəm ki, bu, Suriyanın gələcəyi ilə bağlı müsbət bir çözümü ortaya qoya bilər. Açığı, son hadisələr Bəşər Əsəd rejiminin qalması ilə bağlı böyük bir sualı ortaya qoyub. Çünki Əsəd rejimi “ipdən” asılı vəziyyətdədir. Doğrudur, Əsəd rejimini bu gün birmənalı olaraq müdafiə edən İran dövlətidir. Rusiya əksər qüvvələrini Suriyadan çıxarıb. Hətta Tartus limanında bəzi hərbi gəmilərin limanı tərk etdiyi haqqında informasiyalar var. Doğrudur, bu hələlik birmənalı təsdiqlənməyib. Görünən odur ki, Rusiya əvvəllər olduğu kimi prosesdə iştirak etməyəcək, çünki Rusiyanın özünün Ukrayna cəbhəsində ciddi problemləri var. İran dövlətinin  İraqda, Suriyada, hətta İranın bütün proksi qüvvələrinin Suriyaya cəlb edilməsi və Suriya rejiminin qalmasına nə qədər yardım edəcək məsələsi də böyük bir sual doğurur. Çünki havadan əvvəllər olduğu kimi, Rusiyanın ciddi dəstəyi olmadan İran qüvvələrinin ciddi hərbi uğur əldə edəcəyinə inanmaq özünü aldatmaq olardı. Çünki Əsəd rejimi onu müdafiə edən İran hərbi muzdlu qüvvələrinin hərbi uğurları əsasən Rusiyanın havadan etdiyi hərbi əməliyyatlara bağlıdır.  Bu hərbi əməliyyatların miqyası dəfələrlə azaldığı üçün,  İranın bu məsələdə ciddi bir təsir edəcəyi gözlənilmir. Doğrudur, Suriyaya müraciət etdiyi təqdirdə, İran dövləti öz qoşunlarını Suriyaya yeridəcəyi ilə bağlı fikir də səsləndirilir. Ancaq nəzərə alın ki, bu o qədər də asan məsələ deyil. Çünki regionda digər dövlətlər var və bu dövlətlərin içərisində İsrail dövləti var ki, bu  dövlət rəsmi olaraq İran qoşunlarının Suriyada varlığına imkan vermək istəməz. Bu kontekstdə bir də İsraili müdafiə edən Amerika Birləşmiş Ştatları onun rəhbərlik etdiyi koalisiyanı düşünür. Buna görə də bu, o qədər də asan məsələ deyil. Yəni Əsəd rejimini bu gün  qurtarmaq çətin bir problemə çevrilib. 
 
Natiq Miri vurğulayıb ki, Suriya oyunundan kim qalib çıxacaq sualının bir cavabı var: Burda qalib çıxacaq, Suriya xalqıdır, parçalanmış, darmadağın olmuş Suriya cəmiyyəti olacaq:
 
“Suriya əgər Əsəd rejimi gedərsə və mövcud müvəqqəti bütün zümrələri etnikləri özündə ehtiva edən bir hökumət qurularsa,  qalib gələn bütün Suriya xalqı olacaq. Suriya xalqının quracağı yeni Suriya dövləti olacaq. Çünki burada hansısa dövlətin təkbaşına udmasından söhbət getmir və gedə də bilməz. Ona görə də qalib olacaq bir xalq varsa, 13 il ərzində bu rejimə,  Rusiya və İrana dirənən Suriya xalqıdır və qalib gələcək xalq da zülmə dirənən Suriya xalqı olacaq. Türkiyənin Suriyada qalib gəlmək kimi bir niyyəti yoxdur.  Suriyada qalib gəlmək, əslində Suriya xalqının azadlığa qovuşması, öz yurd yuvasına geri qayıtması, təhlükəsizliyini və iqtisadiyyatını yenidən dirçəltməsidir. Buna görə də Türkiyənin qalibiyyətindən deyil, Suriya xalqının qalibiyyətindən söhbət gedir.  
 Əsəd rejimi heç vaxt Suriyaya stabillik və inkişaf vəd etməyib. Bu zülmdə də bu rejimə  dəstək verən qüvvələr - İran və Rusiyada artıq vəziyyət dəyişib. Əgər  bu tempdə davam edərsə, Əsəd rejiminin yıxılması yaxın perspektiv ola bilər. Təbii ki, yeni fors major hadisələri yaşanmasa..
 Bunun bir də diplomatik, ciddi fəaliyyət ortadadır. Çünki yaxın zamanda Astana formatı kontekstində Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Nə qədər bu diplomatik fəaliyyət sürətlənmiş olmuş olsa da, indiki mövcud vəziyyətdə dəyişən status- kvo var. Hələ İdlib vilayəti kimi strateji bölgələr müxalifətin əlinə keçib və bu statu- kvo mütləq mənada bütün masalarda nəzərə alınmaq məcburiyyətidir. Buna görə də həm Rusiya, həm İran,həm də Əsəd rejimi bunu qəbul etmək zorundadır. Əks təqdirdə bu bölgələri yenidən müxalifətin əlindən almaq məcburiyyəti ilə üzləşəcəklər ki, belə bir vəziyyətin də baş verməsi mümkünsüz görünür. Çünki zamanında bu müxalifət hətta zəif olduğu bir vəziyyətdə dörd ilə Hələb şəhərini azad edə bilmişdi. İndiki dəyişən status-kvo mütləq mənada nəzərə alınmaq məcburiyyəti yaradıb”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər