Suriya Böhranında Yeni Faza: “Heyət Təhrir əş-Şam” və Türkiyənin Strateji Təsiri
Digər
2069
03 Dec 2024 | 17:49

Suriya Böhranında Yeni Faza: “Heyət Təhrir əş-Şam” və Türkiyənin Strateji Təsiri

Son günlər Suriyada "Heyət Təhrir əş-Şam" qruplaşmasının Bəşər Əsəd silahlı qüvvələrinə qarşı əməliyyatlara başlaması və qısa müddətdə  sürətlə irəliləməsi, o cümlədən Hələbi və digər  əraziləri ələ keçirməsi  onu göstərir ki, bu qruplaşma kifayət qədər hazırlıqlı  əməliyyata başlayıb. Bu qruplaşma müxtəlif mərhələlərdən keçərək yeni taktikalara və strukturlara yönəlib”.
 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Sabir Məmmədli deyib.
 
Onun sözlərinə görə, ilk mərhələdə, qruplaşma özünü gizlədərək hərbi texnologiya və cihazlardan istifadə edib, xüsusən gecə görmə eynəkləri kimi texniki vasitələrdən faydalanıb. Bu, onların əməliyyatlarını daha effektiv həyata keçirməsinə imkan verir:
 
 “Ardınca, qruplar arasında əvəzlənmə prosesi başlayıb. Bu, qruplaşmanın ərazinin nəzarətini artırmağa çalışdığı bir addım idi. İkinci mərhələdə, qruplaşma artıq hərbi taktikalardan daha çox siyasi və sivil davranışlara yönəlmişdir. Bu dəyişikliklər özünü daha çox hakimiyyətə iddia edən bir siyasi qüvvə kimi təqdim etməyə çalışmaları ilə göstərir. Onlar artıq  hərbi qruplaşma kimi fəaliyyət göstərməkdən daha çox, gələcəkdə hakimiyyəti ələ keçirməyə çalışan bir siyasi güc olaraq özlərini təqdim edirlər. Qruplaşma bu yolla həm sivil, həm hərbi, həm də siyasi baxımdan öz mövqeyini gücləndirir. Bu dəyişikliklər, qruplaşmanın gələcəkdəki məqsədlərinə çatmaq üçün yeni yollar axtardığını və hakimiyyətə yaxınlaşma üçün daha kompleks üsullar istifadə etdiyini ortaya qoyur. Nəzərə almaq lazımdır ki, bu qruplaşmanı, İran sonra Rusiya mənbələri də birbaşa olaraq Türkiyənin hazırladığını qeyd edir. Çünki bu qruplaşmanın tərkibində xeyli sayda kiçik qruplar var və qrupların müəyyən bir hissəsi türkmən əhalisinin nümayəndəsidir. Çünki onlar türk dilində danışırlar və açıq şəkildə özlərini bəyan edirlər. Türkiyənin  nəzarətində olan İdlib bölgəsində bu qruplaşmanın hazırlaşması, əməliyyatı planlaşdırılması məsələsi Türkiyənin hərbi kəşfiyyatının diqqətindən kənarda ola bilməzdi. Türkiyə Milli Suriya Ordusuna açıq şəkildə dəstək verməklə Suriyanın bir sıra əraziləri öz nəzarətinə götürüb. Nə "Heyət Təhrir əş-Şam" və nə Milli Suriya Ordusu aralarında hansısa bir narazılıq bildirmirlər, yəni bir -birinə kifayət qədər  loyal münasibət bəsləyirlər. Üstəlik də Milli Suriya Ordusu  əsasən PKK/ YPG kürd terrorçularına qarşı əməliyyatlar aparır və "Heyət Təhrir əş-Şam"  Milli Suriya Ordusunun bu əməliyyatlarına etiraz etmir. Bu çox vacib məsələdir. Bu da onu göstərir ki, müəyyən mənada bu ortaq rolu Türkiyə oynayır. Bu iki hərbi güc arasında Bəşər Əsəd çıxılmaz vəziyyətdədir”.
 
Politoloq bildirir ki, uzun müddət ərzində Rusiya çalışırdı ki, Türkiyə ilə Suriyanın rəhbərləri arasında körpü rolunu oynasın:
 
“Bəşər Əsəd və  Ərdoğan arasında bir körpü yaratmaq, həm də Rusiya üçün əlverişlidir. Çünki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Ona görə də  xeyli dərəcədə Suriya yükündən azad olunmağa çalışırdı və oranı stabil saxlamağa belə meyilli idi. Rusiya maraqlıdır ki, Suriyada qalsın, öz nüfuzunu saxlasın. Çünki Aralıq dənizində Rusiya öz hərbi bazasını saxlamağa çalışır. Rəcəb Tayyib Ərdoğan da Suriya məsələsində müəyyən razılıq əldə etmək üçün maraqlı idi. Çünki Türkiyə çox böyük qaçqın  yükü altındadır və Rəcəb Ərdoğan  ölkə daxilində  təzyiqlərlə üzləşir. Ona görə Rəcəb Tayyib Ərdoğan maraqlı idi ki, Bəşər Əsədlə bir razılığa gəlsin və qaçqınların  tədricən geriyə dönməsinə şərait yaratsınlar. Amma Bəşər Əsəd də görünür, İranın təsiri ilə Təyyib Ərdoğanla əlaqəni gücləndirmək istiqamətində addım atmadı. Əksinə, sərt bəyanatlar da verdi. Faktiki olaraq Bəşər Əsəd Suriyada İranın möhkəmlənməsini istəyir.
İsrail bu prosesləri kifayət qədər diqqətlə izləyir. Belə ki, Hizbullah qruplaşması Suriya ərazisindən İsrailə dəfələrlə hücumlar edirdi və ağır zərbələr endirirdi. Lakin  Livandakı hadisələrlə əlaqədar olaraq İranın böyük zərbə alması Suriyada İranın mövqeyi xeyli dərəcədə zəiflətdi. İsrailin əsas məqsədi, kürd separatçılarına dəstək verərək Türkiyənin qonşuluğunda yeni bir kürd dövləti qurulmasına şərait yaratmaqdır. Bu plan, həm Türkiyə, həm də İrana qarşı strateji bir avantaja çevrilə bilər. Əvvəlki dövrlərdə də bir neçə belə cəhd olmuşdu, lakin Türkiyə bunun qarşısını almışdı”.
 
S.Məmmədli vurğulayır ki, Bəşər Əsədin ordusu tamamilə yararsız vəziyyətdə - darmadağın edilməkdədir:
 
“Bəşər Əsədin İsraillə hansısa bir əlaqə qurmaq  cəhdi başqa problemlərə yol açacaq, bu həm Türkiyə, həm də İran tərəfindən ilk növbədə gərginliyə səbəb olacaq.  Çünki İranla- İsrail arasında münasibətlərin nə dərəcədə gərgin olması  ictimaiyyətə də bəllidir. Ona görə, regionda baş verən hadisələr sözsüz  Yaxın Şərqin siyasi xəritəsini ilk növbədə dəyişəcək və bütün ölkələrin münasibəti, davranışı tamamilə yeni müstəviyə keçəcək. Eyni zamanda, Türkiyənin mövqeyi istənilən halda qat- qat güclənəcək. Türkiyə Suriya ilə sərhəd boyunca olan əraziləri nəzarət altında saxlayır və bu bölgədəki Suriya türkmənlərinin vəziyyətinə dair bir baxış təklif edir. Suriya əhalisinin  təxminən 13-15 faizini türkmənlər təşkil etdiyi  üçün bu torpaqlar türkmənlərin olmalıdır.  Bu ərazilərin Türkiyənin nəzarətinə keçməsi suriyalı qaçqınların öz torpaqlarına qayıtmasına səbəb olacaq. Regionda Türkiyə üçün əlverişlı şərait yaranıb və  Rəcəb Tayyib Ərdoğan da  bu prosesi uğurla irəliyə aparır. Bəşər Əsədin vəziyyəti kritikdir və məcbur olub danışıqlara başlayacaq və  "Heyət Təhrir əş-Şam" təşkilatı adını dəyişəcək. Çünki bu təşkilat siyasi partiya kimi  bir ad götürəcək. Suriya türkmənləri də həmin bu prosesdə birbaşa olaraq iştirak edəcək, çünki Türkiyə bunu təmin edəcək. Beynəlxalq müstəvidə Suriya məsələsi müzakirə olunanda Suriya türkmənlərinin də  muxtariyyət məsələsi gündəmə gətiləcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər