Türkiyəli politoloq - “Türkiyənin
Digər
2064
02 Dec 2024 | 15:00

Türkiyəli politoloq - “Türkiyənin "Heyət Təhrir əş-Şam" qruplaşmasıyla  heç bir əlaqəsi yoxdur”

“13 ildir davam edən Suriya böhranı bölgədə İsrailə qarşı mübarizə aparan İran və Rusiyaya bağlı təşkilatların ləğvi ilə yeni dövrə qədəm qoyub”
 
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq Həsən Oktay deyib.
 
 
Politoloqun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də İran və Rusiyanın rəhbərliyi ilə HƏMAS-ın İsrailə hücumu  bölgədə ciddi dəyişikliklərə yol açıb:
 
"Suriya münaqişəsi, son illərdə İran və Rusiyanın regional təsirini artırmaq məqsədilə daha da mürəkkəbləşib. Rusiya və İran Suriya prezidenti Bəşar Əsədin hakimiyyətinin davam etməsi üçün bütün gücünü ortaya qoyub. Türkiyə  bölgədəki terrorun ölkəsinə gəlməsinin qarşısını almaq üçün bu əməliyyatlarda iştirak edir. Türkiyə münaqişənin başladığı gündən bəri Suriyada öz milli təhlükəsizliyini qorumaq məqsədilə müxtəlif tədbirlər görür. Türkiyənin Suriya ilə 900 km-lik sərhədi, bölgədəki terror təhlükələrinə qarşı təcili müdaxilələr tələb edir. Xüsusilə, Türkiyə Suriyanın cənubundakı 30 kilometrlik ərazidə nəzarəti təmin edərək, oradakı terror təşkilatlarının fəaliyyətini məhdudlaşdırmağa çalışır.
Həmas və Hizbullahın İsrailə qarşı müharibələri Amerika-İsrail xəttini hərəkətə keçirib. Hizbullahla imzalanan atəşkəs razılaşması qüvvəyə minən kimi İsrail ABŞ ilə birlikdə Suriyada böyük əməliyyata başlayıb. "Heyət Təhrir əş-Şam" adı altında ittifaq quran silahlı dəstələr Əsədə qarşı Hələbə doğru yürüşə başladı”.
 
H.Oktay qeyd edib ki, bu əməliyyatın məqsədi İranın İraq və Suriya üzərindən Hizbullaha silah, sursat və əsgər verməsinin qarşısını almaq olub:
 
“Türkiyə 13 ildir Əsədin əleyhinə fəaliyyət göstərən bəzi müxalifət qruplarına dəstək verib. Amma Türkiyənin "Heyət Təhrir əş-Şam"  adı altında təşkil edilən strukturla heç bir əlaqəsi yoxdur. Ancaq Türkiyə hadisələri yaxından izləyir və bu əməliyyatda yaranacaq boşluqlarda Türkiyəni təhdid edəcək terror ünsürlərinin yaranmasının qarşısını almaq üçün səy göstərir. Türkiyə Əsədli və ya Əsədsiz Suriyanın ərazi bütövlüyü üçün çarə axtarır. İran və Rusiya  bu əməliyyatlarda  bir qədər arxa planda mübarizəni davam etdirir, çünki Suriya məsələsi ilə bağlı dünyada baş verən proseslərlə ayaqlaşa bilmirlər. İran bu məqamda Amerika və İsraili ittiham etmədiyi üçün Türkiyə ilə bağlı gizli açıqlamalar verir. Türkiyə Suriya Milli Ordusunu (SMO) dəstəkləyir. Suriya məsələsində Türkiyənin prioriteti Türkiyəni təhdid edəcək terror ünsürlərinin bölgədə daha da irəliləməsinin qarşısını almaq və Suriyanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik mühitini təmin etməkdir”.
 
Mehin Mehmanqızı
 
 
 
Link kopyalandı!
Son xəbərlər