Gürcüstanda Avropa İnteqrasiyası: İqtisadi Maraqlar və Siyasi Tarazlıq
Digər
1834
02 Dec 2024 | 11:34

Gürcüstanda Avropa İnteqrasiyası: İqtisadi Maraqlar və Siyasi Tarazlıq

Gürcüstanın paytaxtı Tiflisdə və müxtəlif bölgələrində hökumət əleyhinə aksiyalar davam edir. Şəhərdə vəziyyət gərgin olaraq qalır. Aksiyaların əsas səbəbi hökumətin qərbə inteqrasiya və demokratik islahatlar istiqamətində addımları gecikdirməsi ilə əlaqələndirilir. Müxalifət nümayəndələri hökumətin avropayönümlü kursdan uzaqlaşdığını iddia edirlər.
 
 
Bu barədə Moderator.az-a danışan politoloq  Zaur İbrahimli, son dövrlərdə Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrində meydana gələn dəyişiklikləri təhlil edərkən, İvanaşvili iqtidarının qərarlarının yeni bir çağırış olaraq qiymətləndirildiyini vurğulayıb:
 
“Gözlənilirdi ki, İvanaşvili iqtidarının şərtləri qəbul olunmasın və Avropa İttifaqı müxalifətin iddialarını dəstəkləyərsə, rəsmi Tbilisi Brüssellə danışıqlardan imtina edəcək və yaxud da onu ertələyəcək. Avropa İttifaqı birmənalı şəkildə müxalifətin iddialarını dəstəkləyir və yaxın perspektivdə rəsmi Brüsselin mövqeyi dəyişməyəcək. Rəsmi Brüssellə Tbilis arasında müəyyən danışıqlar da mümkündür. Bu təbii ki, Avropa İttifaqının mövqeyini nə dərəcədə yumşaldacağından asılı olacaq. Həmçinin qlobal müstəvidə baş verən dəyişikliklər də rəsmi Tbilisinin xarici siyasət qərarlarına, o cümlədən Avropa İttifaqı qərarlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu baxımdan İvanaşvili komandası preventiv addım atdı və öz qətiyyətini göstərdi ki, o, heç bir halda müxalifətə güzəştə getməyəcək və eyni zamanda Avropa Birliyinin inteqrasiya ilə əlaqədar irəli sürdüyü daxili siyasi mühitlə bağlı şərtləri qəbul etməyəcək. Bu məsələdə vaxtı uzatmaq istəmədilər və  yeni hökumət formalaşandan sonra belə bir qətiyyətli mövqey qoydular. Bu qərarlarla bəyan etdilər ki, Avropa İttifaqı rəsmi Tbilisinin münasibətləri əvvəlki  formatda saxlamaq istəyirsə,  İvanaşvili komandasına təzyiqdən əl çəkməlidir və danışıqlar yalnız işgüzar formatda davam etməlidir”.
 
Z. İbrahimli vurğulayır ki, sıravi gürcü üçün Avropa İttifaqı ölkələrinə vizasız gediş- gəliş kifayət qədər böyük üstünlüklər verir:
 
“Ölkənin iqtisadi inkişafı ilə bağlı statistika da göstərir ki, əhalinin pul yığımlarında və güzəranın yaxşılaşmasında, o cümlədən daşınmaz əmlak alışında, Avropa İttifaqında işləyən gürcülərin göndərdiyi pullar və yaxud da ki, mövsümi işlərdə çalışaraq Vətənə qayıdaraq burada xərclənən pullar önəmli rol oynayır. Eyni zamanda, Avropa İttifaqı ilə ticarətin asanlaşdırılmış qaydalarla həyata keçirilməsi də ixracatı stimullaşdırdı. Avropa İttifaqı ilə münasibətlər  Gürcüstanın investisiya cəlbediciliyini artırıb. Bu baxımdan sadə gürcülər üçün, əlbəttə, Avropa İttifaqı ilə münasibətlərin vizasız rejim formatında qalması olduqca əlverişli idi. İndiki halda Avropa İttifaqı bu imtiyazı ləğv edə bilər və bu, bilavasitə sıravi güclərə də təsirsiz ötüşməyəcək, onlara neqativ təsir göstərəcək.
 Tamamilə demək olmaz ki, məhz gürcü cəmiyyətinin böyük əksəriyyəti Avropa İttifaqının irəli sürdüyü dəyərləri bölüşür və məhz buna görə də Avropa İttifaqı ilə əlaqələrin əvvəlki səviyyədə davam etməsini istəyir. Burada sırf iqtisadi maraqlar - sırf insanların gündəlik məişəti, onları narahat edən məsələlərlə bağlıdır. Lakin gürcü cəmiyyətinin kifayət qədər azsaylı olmayan hissəsi də məhz Avropa inteqrasiya ölkənin əsas siyasi inkişaf xətti kimi görür və bunun uğrunda mübarizə aparmağa hazırdır. Biz bunu hökumətin qərarı açıqlanandan sonra gördük. Lakin bu, bütün Gürcüstan cəmiyyətinin mövqeyi deyil. Parlament seçkiləri göstərdi ki, Gürcüstan cəmiyyəti hökumətin tarazlaşdırılmış siyasət aparılmasını istəyir. Gürcüstan cəmiyyəti nə Avropa inteqrasiya kursunu seçərək geosiyasi risklərin yaranmasını  məqbul sayır, nə də  Avropa inteqrasiyadan tamamilə imtinanı düzgün hesab edir. Təsadüfi deyil ki, iqtidar konstitutda çoxluq əldə edə bilmədi və eyni zamanda seçkilərdə iştirak edən dörd əsas müxalifət partiyası da beş faizlik baryer aşaraq parlamentdə təmsil olundu. Bu, Gürcüstan cəmiyyətinin verdiyi qərarın elektron nümayişi kimi də dəyərləndirilə bilər”.
 
Politoloq hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqazda mövqelərinin zəifləməsi artıq bir faktdır:
 
“Çünki Qərb Gürcüstanda Moldovadakı kimi uğur əldə edə bilmədi. Eyni zamanda, Azərbaycana münasibətdə qeyri -obyektiv mövqe tutulması və xüsusən Azərbaycan- Ermənistan sülh danışıqlarında birtərəfli qaydada Azərbaycana qarşı əsassız iddiaların dəstəklənməsi, Avropa Parlamentinin məlum bədnam qətnamələri deməyə əsas verir ki, Qərb Ermənistanın maraqlarını müdafiə edir. 
Eyni zamanda, Ermənistanın da yaxın gələcəkdə indiki xarici siyasət kursunu saxlayacağı ilə bağlı ciddi şübhələr var. Nəzərə alaq ki, Ermənistan hələlik Rusiyanın inteqrasiya formatlarından rəsmən imtina etməyib. Həmçinin faktiki olaraq Ermənistan hazırda Rusiyanın sanksiya rejiminı yaymaqda kömək eləyən, bəlkə də birinci ölkədir. Bu baxımdan Ermənistanın da indi xarici siyasət kursu nə qədər dayanıqlı olacağı mübahisə doğurur.
Avropa İttifaqının Cənubi Qafqazdan çəkiləcəyini demək  ,əlbəttə, bu yanlış olardı. Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqı ilə əlaqələrə ,eyni zamanda, Avropa İttifaqının, Cənubi Qafqaz ölkələri ilə əlaqələrə ehtiyacı var. Qarşılıqlı ehtiyac tərəfləri hansısa formatda əməkdaşlığı davam etdirməyə məcbur edəcək. Avropa İttifaqı premium bazar sayılır və  Cənubi Qafqaz ölkələrinin həm enerji resursları, tranzit imkanları da Avropa İttifaqı üçün vacibdir. Cənubi Qafqaz Avropa İttifaqının qonşuluq siyasətinə daxil olan regiondur və burada sülh və sabitlik bilavasitə qitənin təhlükəsizliyinin əsaslarından biridir. Ona görə də hansısa formatda əməkdaşlıq olacaq, lakin bu əməkdaşlığın xarakteri, əlbəttə, dəyişiləcək bu və yeni şərtlərə uyğunlaşacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər