Ermənistan silahlanmaqla nəyə nail olmağa çalışır?- Hərbi ekspert
Digər
385
13:47, Bu gün

Ermənistan silahlanmaqla nəyə nail olmağa çalışır?- Hərbi ekspert

Son dövlər Ermənistana digər ölkələrdən silah göndərilir. İrəvan silahlarla təmin olunur. Hindistan, ardınca da Yunanıstan Ermənistanı silahla təmin edir. Sülh istəyən Ermənistan təxribata hazırlaşır? İrəvan silahlanmaqla nəyə çalışır? Ermənistan gələcəkdə eskalasiya yarada bilərmi?
 
 
Bu barədə Moderator.az-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmmədov deyib ki, 44 günlük müharibədən sonra Ermənistanın, xüsusilə hava məkanı müdafiəsiz qaldı:
 
“Çünki Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxartdı. Müharibədən sonra Ermənistan sürətlə silahlanmağa başladı. Ermənistanın silahlanma siyasətindəki  başlıca istiqamətlərindən biri, Fransadan, Hindistandan və digər ölkələrdən alınan hava hücumundan müdafiə sistemləri, artilleriya vasitələri və reaktiv yaylım atəş sistemləridir. Bu silahlanma Ermənistanın regiondakı müharibə və gərginliklərə təsirini artıracaq, çünki belə hərəkətlər münaqişələrin eskalasiyasına səbəb ola bilər. Diqqət çəkən məsələ, Ermənistan ordusunun zabitlərinin təlimlərə göndərilməsi məsələsidir. Əvvəllər zabitlər Rusiyada təlim alırdısa, son dövrlərdə onlar Almaniyada kurslara cəlb edilir. 
Son dönəmlər Yunanıstan öz silah arsenalına yenidən əl gəzdirir. Yunanıstan Rusiyadan aldığı  hava hücumundan müdafiə sistemlərini  digər ölkələrə satır. Yunanıstanın hava hücumundan müdafiə (HHM) üçün istifadə etdiyi Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri və digər iki silah sistemi Ermənistana ötürüləcək. Yunanıstan silahları satmaq üçün ən yaxşı bazar kimi elə Ermənistanı nəzərdə tutur və yəni  tip silahların əldə etməsi üçün Ermənistan özü də son dərəcə maraqlı görsənir”.
 
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın silahlanması eyni vaxtda  sülhdən danışması  regionda gərginliyi artır:
 
“Regionda siyasi gərginliyin yaranmasının əsas səbəblərindən biri də məhz budur. Bəllidir ki, Ermənistanın silahlanması Azərbaycana qarşı nəzərdə tutulub. Ermənistanın silahlanması regiona silahlanma yarışı gətirib. Ona görə də  Ermənistan hazırda təhlükəli oyun oynayır. Ermənistanın  bu cür silahlanması təbii ki, Azərbaycanın diqqətindən qaçmır. Azərbaycan tərəfi də adekvat silahlar almağa başlayıb. Azərbaycan Pakistandan JF-17C Blok 3 qırıcılarını alıb.
Dövlətlərin silahlanması həm də beynəlxalq müstəvidə baş verən hadisələrə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdəki gərginliklər və İsrail ilə İran arasında yaşanan mübahisələr, bu regionda böyüyən təhlükəsizlik narahatlıqlarını daha da artırır. Bütün bunlara baxdıqda görürük ki, Cənubi Qafqaz da müharibə təhlükəsi ilə üz- üzədir. Üçüncü Dünya müharibəsinin  hər an olma ehtimalı yüksəkdir. Qlobal münaqişələr daha da böyüyərsə, o zaman Cənubi Qafqazda da müharibənin alovlanması qaçılmaz ola bilər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər