Digər
399
15:14, Bu gün

"Rusiyanın yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir" - ŞƏRH

“Rusiya  özünü dünyaya sülhpərvər ölkə kimi göstərməyə və Qərbi ittiham etməyə çalışır”.
 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  siyasi şərhçi Kənan Novruzov deyib.
 
Siyasi şərhçinin sözlərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov bu günlərdə bildirib ki,  Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib:
 
“Rəsmi Moskva əvvəllər də oxşar açıqlamalar verib. Müharibə uzandıqca Rusiyanın da işi çətinləşir. Odur ki, danışıqlara çalışır. Amma əsas səbəb bu deyil. Əsas məsələ odur ki, birincisi, Rusiya  özünü dünyaya sülhpərvər kimi göstərməyə və Qərbi ittiham etməyə çalışır. İkincisi isə təşəbbüs hələ də Rusiyanın əlindədir. Ona görə bilir ki, şərtləri diktə edə biləcək. Ukrayna Rusiyanın şərtləri ilə razılaşmır.
 
K.Novruzov qeyd edib ki, Ukrayna Rusiyanın şərtləri ilə razılaşmır: 
 
“Ukraynanın bu mövqeyində Cozef Bayden administrasiyasının da mühüm rolu var. Belə ki, savaşın uzanmasını və Rusiyanın zəifləyib, idarə olunan hala gətirilməsini istəyən rəsmi Vaşinqton Ukraynaya sadəcə müqavimət məqsədli silah göndərərək onu döyüşlərə davam etdirməyə sövq edir. ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verməsindən və Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləməsindən sonra müharibə yeni fazaya daxil olub.Bu, danışıqlar imkanını daha da azaltmaqla yanaşı, həm də mövcud gərginlik səviyyəsini artırır. 
İkinci bir tərəfdən isə ABŞ- ın yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonra vəziyyət dəyişə bilər. Mümkündür ki, rəsmi Moskva buna arxayındır. Ağ evin  Kiyevə dəstəyi azaldacağı gözlənilir. Rusiyanın mövqeyi də onu deməyə əsas verir ki, rəsmi Moskva ABŞ-dakı seçkilərin nəticəsindən məmnundur. Perspektivdə ABŞ dəstəyi azaldar və ya tamamilə dayandırarsa, bu, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər. Mümkün danışıqlarla bağlı isə iki mümkün variant var: ya Tramp hakimiyyətinin ilk vaxtlarından Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara razı salacaq ya da məcbur edəcək. Əlbəttə, Rusiyanın da imkanları getdikcə tükənir. Ona görə də danışıqlara açıqdır. Ancaq səbəb budur ki, rəsmi Moskva təşəbbüsün öz əlində olduğunu bilir, ona görə də "oyun qaydalarını" diktə etməyə çalışır. Rusiyanın ən azı yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir".
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər