Gürcüstan Seçkiləri: Etirazlar və beynəlxalq təzyiqlər - Şərh
Digər
531
10:03, Bu gün

Gürcüstan Seçkiləri: Etirazlar və beynəlxalq təzyiqlər - Şərh

“2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri, həm daxili, həm də beynəlxalq səviyyədə ciddi mübahisələrə səbəb oldu”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud bildirib.
 
 
Elməddin Behbud  qeyd edib ki, 150 yerlik Gürcüstan parlamentində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazandı. Qalan 61 yer isə dörd müxalifət bloku arasında bölündü:
 
“Lakin bu nəticələr, müxalifət partiyaları tərəfindən seçkilərin saxtalaşdırılması ilə əlaqədar ciddi etirazlara səbəb oldu. Müxalifət partiyaları və seçki blokları, xüsusilə elektron səsvermə sisteminin tətbiqi ilə əlaqədar bir sıra ciddi narahatlıqlarını ifadə etdilər. Onlar, ilk dəfə tətbiq olunan bu yeni sistemin vətəndaşların səsvermə hüququnda gizlilik prinsipinin pozulmasına səbəb olduğunu irəli sürürdülər. Elektron səsvermə sistemi, bəziləri tərəfindən seçimlərin şəffaf və etibarlı keçirilməsi məqsədilə bəyənilsə də, müxalifətə görə, bu sistemin tətbiqi bir çox problemləri ortaya çıxarıb. Seçkilər zamanı seçki məntəqələrinin bəzi bölgələrdə qeyri-şəffaf və saxta təşkil edildiyi iddia olunub. Müxalifət partiyaları və seçki blokları, bəzi yaşayış məntəqələrində faktiki olaraq vətəndaşların yaşamadığı məntəqələrin yaradılaraq, bu məntəqələrdə səsvermənin saxtalaşdırıldığını irəli sürürlər. Belə məntəqələrdəki səsvermələr nəticəsində hakim “Gürcü Arzusu” partiyasının xeyrinə saxta nəticələrin əldə edildiyi bildirilir”.
 
 Elməddin Behbud  deyir ki, hakim partiya olan “Gürcü Arzusu” isə seçkilərin nəticələrinin tamamilə qanuni və ədalətli olduğunu iddia edir:
 
“Onlar, seçkilərin şəffaf şəkildə keçirildiyini, bütün müxalifət partiyalarının və seçki müşahidəçilərinin seçki prosesi ilə bağlı hər hansı bir şübhə yaratmaq üçün heç bir əsaslı sübut təqdim etmədiklərini vurğulayırlar. “Gürcü Arzusu” partiyası, müxalifətin iddialarını siyasi təzyiq vasitəsi kimi qiymətləndirir və seçkilərin nəticələrinin ləğv olunmasının Gürcüstanın demokratik inkişafına zərər verəcəyini bildirir. Oktyabrın sonlarından başlayaraq, etiraz aksiyaları Gürcüstanda güclü şəkildə yayıldı. Prezidentin şərti olaraq Qərbyönümlü blokda təmsil olunması və bu blokun təşkil etdiyi çağırışlarla, 25 noyabr tarixinə qədər ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirilib. Etirazlar, xüsusən də Vahid Milli Hərəkat partiyasının öncüllük etdiyi seçki blokları tərəfindən təşkil edilib. Etiraz aksiyalarının mərkəzində, 26 oktyabr seçkilərinin nəticələrinin qeyri-legitim sayılması və yeni seçkilərin keçirilməsi tələbi dayanır. Müxalifət, xüsusilə seçkilərin saxtalaşdırıldığı və ölkədə demokratik prinsiplərin pozulduğu iddialarını irəli sürərək parlamentin iclasının keçirilməməsi və onun qeyri-legitim elan olunması tələbini irəli sürüb. Bu tələblər, həm də seçkilərdəki hər hansı bir saxtakarlığın cəmiyyətin etimadını zədələdiyini və yeni seçkilərin keçirilməsinin Gürcüstanın demokratik inkişafı üçün vacib olduğunu vurğulayır”.
 
Onun sözlərinə görə, hadisələrin xronologiyası, Gürcüstan cəmiyyətindəki təlatümlü vəziyyəti və qarşılıqlı münasibətləri əks etdirir:
 
“Etiraz aksiyalarının genişlənməsi, cəmiyyətin seçki nəticələrinə və siyasi şəffaflığa dair dərin narahatlıqlarını ortaya qoyur. Bu prosesdə, "Gürcü Arzusu" partiyasının seçki kampaniyasının, daha əvvəlki dövrlərdə olduğu kimi, geniş kütlələrə və cəmiyyətin müxtəlif təbəqələrinə təsir etməyə başladığı açıq şəkildə görünür. 2024-cü il oktyabrın 26-da keçirilən Gürcüstan parlament seçkiləri, ölkənin siyasi mənzərəsində böyük təsirə sahib oldu. Xüsusilə, Vahid Milli Hərəkat partiyasının liderliyi ilə formalaşan seçki bloku, keçmiş baş nazir İrakli Qaxariyanın rəhbərlik etdiyi “Güclü Gürcüstan” bloku və digər müxalifət partiyaları, parlamentin qeyri-legitim elan olunması və yeni seçkilərin keçirilməsi tələbi ilə aksiyalar təşkil etdilər.
Seçkilərdən sonra təşkil olunan parlament iclasında, qanunvericiliyə əsasən, 150 nəfərdən ən azı yarısından çoxunun iştirak etməsi tələb olunur. Lakin 89 mandatı olan “Gürcü Arzusu” partiyasının, iclasda yalnız 88 deputatla iştirak etdiyi bildirilir. Bu, təbii ki, seçki nəticələrinin etibarlılığına dair əlavə suallar doğurur. Müxalifət partiyaları, "bizim birgə səsimiz hakim partiyanın səsindən daha çoxdur" iddiasını irəli sürərək, parlamentin işinə boykot edərək, yeni seçkilərin keçirilməsi tələblərini dilə gətirirlər.Bundan başqa, müxalifət partiyaları, hakim partiyanın son dövrlərdə daha çox mühafizəkar və ənənəvi Qafqaz və Gürcüstan mühafizəkarlığını müdafiə etdiyini, xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Gürcüstanın neytral mövqeyini qorumağa çalışdığını vurğulayırlar”.
 
İctimai Birliyinin sədri  hesab edir ki, gürcü cəmiyyətində bəzi qüvvələr, Qərbin təsirinin güclənməsini, "beşinci kolon" yaradılmasına və Gürcüstanın suverenliyinin təhdid edilməsinə səbəb ola biləcəyini düşünürlər:
 
“Bu, həmçinin ölkədə Qərb institutlarının, xüsusən də Avropa və ABŞ-ın təsirinin artırılması cəhdlərinə qarşı olan bir yanaşma kimi qiymətləndirilir. Belə bir müzakirə, seçkilərdə və sonrakı proseslərdə də böyük rol oynayıb. Bu baxımdan, hakim partiya olan "Gürcü Arzusu", Gürcüstanın müstəqil və suveren siyasətini qorumağa çalışır. Hər nə qədər müxalifət yeni seçkilər tələb etsə də, hadisələrin gedişi göstərir ki, Gürcüstan parlamentinin fəaliyyətə başlaması qaçınılmazdır. Hazırda parlamentdəki hakim partiyanın üstünlüyü, ölkədəki siyasi gərginliyin yavaş-yavaş azaldılmasına səbəb ola bilər. Hökumət və müxalifət arasında gərginliyin davam etməsi, uzunmüddətli siyasi sabitlik üçün bir təhdid olsa da, seçkilərin nəticələrinin dəyişməsi və yeni seçkilərin keçirilməsi ehtimalı azdır.
Gürcüstanın gələcəkdəki siyasi vəziyyəti, yalnız daxili siyasi böhranın həllinə deyil, həm də ölkənin beynəlxalq əlaqələrinə və iqtisadi inkişafına təsir göstərəcək. Həm müxalifət, həm də hakim partiya, cəmiyyətin müxtəlif təbəqələrinin tələblərinə cavab verməyə çalışacaq və qarşılıqlı anlaşma yolu ilə gərginlikləri azaltmağa çalışacaq. Lakin, seçki sonrası mübahisələrin uzunmüddətli siyasi təhlil və islahatlara yol açacağı ehtimalı yüksəkdir. Bu, Gürcüstanın demokratik inkişafı və Qərb ilə münasibətlərinin gələcək yönü barədə mühüm suallar doğurur.
Gürcüstanda gələn ay prezident seçkiləri keçiriləcək. Yanvar ayında isə prezidentin andiçmə mərasimi gözlənilir. Bu Gürcüstan siyasətində, həm də beynəlxalq əlaqələrində mühüm dəyişikliklərə işarə edə bilər”.
 
2023-cü ildə Gürcüstanda baş verən böyük etiraz aksiyalarının ölkənin daxili siyasi gündəmində ciddi dəyişikliklərə yol açdığını deyən Elməddin Behbud  bildirir ki, bu etirazlar Qərbin ölkə daxilindəki təsirinin güclənməsi ilə əlaqədar idi:
 
“2024-cü ilin əvvəllərində, parlament tərəfindən qəbul olunan yeni qanunlar, Qərbin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti institutlarına nəzarətin gücləndirilməsi ilə əlaqədar olub. Bu qanunun məqsədi, xarici müdaxilənin qarşısını almaq və  dövlətin müstəqilliyini qorumaqdır. Lakin, bu qanun həm Qərb institutları, həm də beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə tənqid olunur və Gürcüstan hakimiyyətinə təzyiqlər artır. Qərb, bu qanunun, Gürcüstanın milli maraqları ilə ziddiyyət təşkil etdiyini və ölkənin demokratik inkişafına mane olduğunu vurğulayır.
Qərb dairələrinin bu təzyiqləri, Gürcüstanda hakimiyyətin və vətəndaş cəmiyyəti arasında gərginliyi daha da artırır. Bu vəziyyət, Gürcüstanın həm daxili, həm də xarici siyasətində yeni sınaqlara yol açır. Lakin, Gürcüstanın hökuməti, ölkənin suverenliyini qorumaq və xarici təsirləri minimuma endirmək məqsədini güdür.
Azərbaycan, bu mürəkkəb vəziyyətdə Gürcüstanın daxili işlərinə qarışmama prinsipini hər zaman qoruyur. Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən bu prinsip, Gürcüstanla olan strateji tərəfdaşlıq münasibətlərində də özünü göstərir. Azərbaycan, Gürcüstanın müstəqilliyini və suverenliyini dəstəkləyir və bu ölkənin daxili siyasətinə qarışmamağı əsas prioritet olaraq qəbul edir. Azərbaycan üçün ən vacib məsələ, Gürcüstanda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, eləcə də Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan siyasi və iqtisadi münasibətlərin mövcud olmasıdır. Bizim üçün, önəmlidir ki, Gürcüstanın avtoxon əhalisi olan, orada diasporu olmayan, avtoxon əhalisi olan azərbaycanlılar Gürcüstanın bərabərhüquqlu vətəndaşı kimi ölkə içərisində azad, firavan şəkildə yaşasınlar və onların hüququ bərabərliyi təmin olunsun. Gürcüstanda hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq, Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri davam edəcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər