Türkiyənin Ukrayna-Rusiya Müharibəsindəki Balanslı Yanaşması: Sülh və Diplomatiya - General Yücel Karauz
Digər
570
15:42, Bu gün

Türkiyənin Ukrayna-Rusiya Müharibəsindəki Balanslı Yanaşması: Sülh və Diplomatiya - General Yücel Karauz

“2024-cü ildən başlayaraq, Ukrayna ilə Rusiya arasındakı münaqişə yalnız iki ölkə arasında deyil, daha geniş bir geosiyasi müstəvidə cərəyan edir. Xüsusən Rusiya ilə NATO, ABŞ və digər Qərb ölkələri arasında gərginliklər müharibənin əsasını təşkil edir”
 
Bu fikirləri  Moderator.az-a açıqlamasında  ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
 
Yücel Karauzun sözlərinə görə, bu münaqişə təkcə Ukraynanın ərazi bütövlüyü məsələsi deyil, həm də böyük güclərin strateji maraqlarının toqquşduğu bir müharibədir:
 
 “Rusiya  2024-cü ildən başlayaraq Krım və Donbas bölgəsindəki fəaliyyətləri ilə bölgədəki vəziyyəti gərginləşdirdi.Bu müddət ərzində, Qərb ölkələri Ukraynanı təhlükəsizlik və kəşfiyyat sahəsində hazırlamaqla yanaşı, Ukraynanın silahlanmasına və hərbi təlimlərinə də dəstək verdi. Buna görə də, müharibə yalnız Rusiya ilə Ukrayna arasında bir qarşıdurma deyil, həm də Qərb ilə Rusiyanın mübarizəsidir. Qərb dünyası, xüsusən də ABŞ, müharibənin hərbi və siyasi tərəflərində fəal iştirak edir və Rusiya üzərində təzyiq yaratmağa çalışır.
Rusya yalnız deyil. İran və Şimali Koreya kimi ölkələr də Rusiyanın yanında yer alır. Lakin bu dəstək, İkinci Dünya Müharibəsində olduğu kimi güclü və birbaşa müttəfiqlərdən ibarət deyil. Bu, Rusyanın beynəlxalq müstəvidə yalnız olmadığını göstərir. Həmçinin, Rusiya ilə Ukrayna arasında baş verən müharibə yalnız bu iki ölkə ilə məhdudlaşmır”.
 
Türkiyənin müharibənin başlanğıcından bəri Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyini və bu mövqeydən geri çəkilmədiyini deyən türkiyəli general vurğulayıb ki, Türkiyə müharibəyə qarışmamağı və balanslı bir siyasət yürütməyi seçib:
 
 “NATO-nun təzyiqlərinə baxmayaraq, Türkiyə hər iki ölkə ilə münasibətlərini davam etdirərək müharibənin daha da genişlənməməsi üçün diplomatik səylər göstərib. Eyni zamanda, Türkiyə həm də bu müharibənin Qara dəniz bölgəsinə təsirlərini yaxından izləyir, çünki coğrafi olaraq Türkiyə bu münaqişənin mərkəzindədir.
Rusiya  Daxili İşlər Nazirliyi, bir müddət öncə Türkiyənin Ukrayna ilə müdafiə sənayesi sahəsindəki əlaqələrini tənqid etdi. Lakin, maraqlıdır ki, Rusya bu tənqidi, özünün illərlə Türkiyəyə qarşı həyata keçirdiyi eyni siyasətlə əlaqələndirir. NATO ölkələrinin, xüsusən ABŞ-ın Rusya ilə hər hansı bir əlaqə qurulmaması tələbini gücləndirdiyi halda, Türkiyə hələ də öz müstəqil mövqeyini qoruyur. Türkiyə bu müharibənin heç bir ölkəyə xeyir gətirməyəcəyini dəfələrlə vurğulayıb. Türkiyə həmçinin müharibənin başlanğıcında, bunun yalnız imperiya güclərinin və qlobal siyasətçilərin maraqlarına xidmət edəcəyini ifadə etmişdir. Bununla yanaşı, Türkiyə, müharibənin başlanğıcından bu yana Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edib”.
 
Yücel Karauz hesab edir ki, müharibənin təkcə Rusiya və Ukrayna arasındakı mübarizə olmadığını, eyni zamanda "Üçüncü Dünya Müharibəsi"nin başlanğıcı olaraq bildiyi üçün  NATO Baş katibi  müdafiə sənayesi hazırlıqları artırmaq və siyasi reaksiyaları daha da gücləndirmək istəyir.
 
“Türkiyə həmçinin müharibənin başından bəri, bu müharibənin heç bir ölkəyə fayda gətirməyəcəyini və yalnız böyük güclərin qazanacağını söyləyib. Hər bir ölkənin öz ərazi bütövlüyünü qorumağa çalışdığı bu münaqişədə, Azərbaycanın və Türkiyənin mövqeyi də əhəmiyyətlidir. Onlar, bu müharibənin həllinin yalnız diplomatik yollarla mümkün olduğunu vurğulamaqla, regiondakı sülh və sabitliyi qorumağa çalışırlar.
Nəticə etibarilə, Ukrayna-Rusiya müharibəsi yalnız iki ölkə arasında bir müharibə deyil, həm də böyük güclərin strateji maraqlarının bir toqquşmasıdır. Bu müharibənin bölgə və dünya üçün gətirdiyi təhlükələr çox böyükdür və bu səbəbdən dünya birliyi daha yaxın əməkdaşlıq və diplomatik yanaşma ilə bu münaqişənin sona çatmasını təmin etməyə çalışmalıdır”-, deyə general deyib.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər