Türkiyənin Ukrayna-Rusiya Müharibəsindəki Strateji Rolu və Qlobal Təsirlər - Şərh
Digər
450
12:53, Bu gün

Türkiyənin Ukrayna-Rusiya Müharibəsindəki Strateji Rolu və Qlobal Təsirlər - Şərh

Bu gün NATO-nun Baş katibi Mark Rütte Türkiyənin paytaxtı Ankaraya səfər edəcək. Mark Rütte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə danışıqlar aparacaq.
 
Bəs danışıqların hansı formatda olacağı gözlənilir? Türkiyənin mövqeyi necə olacaq?  
 
 
 
Bu barədə Moderator.az-a açıqlama verən  politoloq Oqtay Qasımov deyib ki, Ukrayna-Rusiya müharibəsi dünya gündəmini zəbt edən və qlobal güclərin bir-birinə qarşı təsir güclərini nümayiş etdirdiyi bir münaqişə halını alıb:
 
"Türkiyə müharibə boyunca hər zaman Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmayacağını və bu prinsipə sadiq qalacağını ifadə edib. Bu müharibədə Türkiyə öz mövqeyini açıq və birmənalı şəkildə müəyyən edib. Türkiyə ilk gündən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və bu mövqeyi hər platformada təkrarlayıb. Hətta Türkiyə Prezidenti, Rusiya Prezidenti ilə görüşlərində də bu məsələnin vacibliyini vurğulanıb.Lakin, Türkiyənin mövqeyi yalnız Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarət deyil. NATO üzvü olan Türkiyə, öz strateji mövqeyini qoruyaraq, Rusiya ilə münasibətlərini gərginləşdirmədən normallaşdırmağa çalışır.Türkiyə, bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərkən, digər tərəfdən Rusiya ilə əlaqələrini davam etdirərək, sanksiyalara qoşulmaqdan qaçıb. Bu cür yanaşma, Türkiyənin münaqişənin hər iki tərəfi ilə münasibətləri balanslaşdırmağa çalışdığını göstərir”.
 
O.Qasımov vurğulayıb ki, Türkiyənin Rusiya ilə münasibətləri müəyyən dərəcədə Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik cəhdlərində özünü göstərib:
 
 “2022-ci ilin mart ayında İstanbulda keçirilən danışıqlar, Türkiyənin bu münaqişəyə gətirə biləcəyi yeganə həll variantlarından birini ortaya qoyub.Türkiyə, münaqişə tərəflərini bir araya gətirərək, İstanbulda  anlaşma imzalanmasına nail olub. Təəssüf ki, tərəflər bu anlaşmadan geri çəkilib və savaş davam edib. Həmin dövrdə Türkiyə həm də dünya taxıl böhranının qarşısının alınmasında mühüm rol oynayıb, bu məsələdə vasitəçilik edərək Ukraynanın taxılının dünya bazarına çıxarılmasına şərait yaradıb.
Türkiyə, müharibənin dayandırılması və danışıqların bərpa olunması üçün yenə də səylərini davam etdirir. Lakin, bu müharibənin dayandırılması və tərəfləri bir araya gətirmək sadəcə Türkiyənin səyləri ilə mümkün olmayacaqdır. Münaqişə artıq yalnız Ukrayna və Rusiyanın deyil, həm də daha geniş beynəlxalq qüvvələrin iştirakı ilə davam edir. Həm Ukrayna, həm də Rusiya öz arxasında güclü müttəfiqlərə sahibdir. Bu müharibə, artıq bir neçə qlobal gücün toqquşduğu bir müstəviyə çevrilib”.
 
Rusiyanın müharibə başladıqdan sonra yalnız öz gücünə arxalanmadığını bildirən politoloq xatırladıb ki, bu savaşda, Rusiya özünün ən yaxın müttəfiqləri olan İran, Şimali Koreya və Çin tərəfindən açıq və ya dolayısı ilə dəstəkləyir:
 
 “İran, Rusiya ilə müharibənin ilk aylarında minlərlə dron və orta mənzilli raket sistemləri göndərərək, Rusiya tərəfindəki mübarizəyə qatılıb. Bununla yanaşı, İranın bu dəstəyi Rusiyanın müharibədəki davamlılığını təmin edən əhəmiyyətli faktorlardan biri olub.
Şimali Koreya isə Rusiyaya silah və sursat təmin etməkdə rol oynayıb, əlavə olaraq, 12,000 nəfərlik hərbi kontingentini müharibəyə göndərib. Bu da Rusiyanın müharibədə daha da güclənməsinə və döyüş sahələrində daha aktiv iştirak etməsinə imkan yaradıb.
Rusiya üçün ən böyük strateji dəstək isə Çin tərəfindən gəlir. Çin, Rusiya ilə sıx əlaqələrini davam etdirərək, Rusiyanın hərbi və iqtisadi potensialını artırıb. Çin, Rusiya ilə həm ikitərəfli əlaqələrini, həm də iqtisadi əlaqələrini qoruyur. Bu dəstək, Rusiyanın müqavimət imkanlarını gücləndirir və müharibənin davam etməsini mümkün edir. Yəni, Ukrayna-Rusiya müharibəsi yalnız iki ölkənin savaşı deyil. Bu münaqişə, bir çox qlobal gücün və dövlətin strateji maraqlarının toqquşduğu bir müharibədir. Türkiyə, bu müharibənin tərəflərini bir araya gətirməyə və sülhü təmin etməyə çalışsa da, münaqişənin dayandırılması yalnız Türkiyənin səyləri ilə mümkün olmayacaqdır. Bu savaşda iştirak edən dövlətlərin sayı və gücləri, müharibənin gələcək gedişatını daha da mürəkkəbləşdirir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər