Qərbin Ukraynaya Yardımı və Cənubi Qafqazın Gələcəyi: Geosiyasi Qarşıdurma
Digər
2099
13:12, Bu gün

Qərbin Ukraynaya Yardımı və Cənubi Qafqazın Gələcəyi: Geosiyasi Qarşıdurma

“Rusiyanın digər ölkələrdən döyüşçü cəlb etməsi, xüsusilə Şimali Koreya ilə bağlı xəbərlərin yayılması, münaqişənin beynəlxalq xarakter almasına səbəb oldu”
 
Bunu Moderator.az-a açıqlamasında siyasətçi Fuad Qəhrəmanlı deyib.
 
Siyasətçinin sözlərinə görə, ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya, Rusiyanın dərinliklərinə yönəlik hərbi zərbələr endirilməsi üçün ATACMS və "Storm Shadow" raketlərinin istifadəsinə icazə verməsi , Ukrayna ilə Rusiya arasındakı müharibənin gedişatında yeni bir mərhələnin başlanğıcını qoydu:
 
“Ukrayna, bu raketlərdən istifadə edərək, Rusiyanın silah-sursat anbarlarını, komanda mərkəzlərini və logistika infrastrukturunu hədəf alacaq. Nəticə etibarilə, Ukraynanın müqavimət potensialı artacaq və Rusiyanın müharibəyə davam etməsi getdikcə çətinləşəcək. Bu qərar, həm də Şimali Koreya əsgərlərinin döyüşə cəlb edilməsi məsələsi ilə əlaqəli olaraq, Qərbin Rusiyaya qarşı mövqeyini göstərir. İndiyə qədər bu məsələ gündəmdə olsa da, ancaq Qərb razılığın verilməsinə tərəddüd edirdi. Rusiya müharibəni genişləndirməyə çalışaraq eskalasiyanı artırmaq istiqamətində addımlar atdıqca  Qərbin də buna adekvat reaksiyaları olur. Qərbin, Ukraynaya verdiyi dəstək, yalnız birbaşa hərbi yardım olaraq deyil, həm də müharibə səhnəsindəki bu genişlənməyə qarşı bir reaksiyadır. Bu reaksiyanı həm də münaqişənin genişləndirilməsi kimi deyil, mövcud situasiyanın təbii bir davamı kimi qiymətləndirmək olar. ABŞ və digər müttəfiqləri Ukraynaya hərbi və maliyyə yardımları ilə dəstək verirlər. Bu yardımlar, müharibənin gedişatını dəyişdirə biləcək strateji önəm daşıyır. Ramştayn formatı çərçivəsində keçirilən vaxtaşırı məsləhətləşmələrdə, 50-dən çox ölkə, NATO üzvləri və qeyri-NATO üzvləri, Ukraynanın apardığı hərbi əməliyyatlara dəstək verir. Bu əməkdaşlıq, gələcəkdə də davam edəcək və müharibənin gedişatını daha da formalaşdıracaq”.
 
F.Qəhrəmanlı qeyd edir ki, Tramp yenidən hakimiyyətə gəldikdən sonra  hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək:
 
“Amma Tramp hakimiyyətə gəlikdən sonra da Ukraynaya bu dəstəyi verməyə məhkumdur. Çünki  ilkin əlamətlər onu göstərir ki,Trampın irəli sürdüyü sülh təşəbbüsü məhz Rusiyanın aqressiyası üzündən baş tutan deyil və bu təşəbbüs Rusiyanın işğal planlarından əl çəkməməsi üzündən gerçəkləşə bilməyəcəkdir. Bunun alternativi isə Ukraynanı öz ərazilərindən imtina edib təslimiyyəti qəbul etməsidir. Bu isə Avropanın təhlükəsizliyi arxitekturasının dağılmasına səbəb ola bilər. Ona görə yeganə yol, Rusiyanın strateji məğlubiyyətə uğradılması nəticəsində sülhün əldə olunmasıdır. Trampın son günlər məhz Baydenin Amerika raketlərinin Rusiyanın içərilərində istifadəyə razılıq məsələsinə susqun yanaşması onu göstərir ki, artıq o da bu mövqeyə meyllənib. Müharibənin miqyası böyüdükcə Rusiya tərəfində iştirak edən İran da bir qədər məsafə saxlayır. İran əvvəlki kimi bu proseslərdə iştirak eləmir və Çin də dolayı formada müəyyən komponentləri verməklə kifayətlənir”.
 
Siyasətçi hesab edir ki, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan, Ukrayna müharibəsinin birbaşa iştirakçısı olmasa da, hər biri münaqişənin gedişatına dair müxtəlif yanaşmalar sərgiləyir:
 
 “Cənubi Qafqaz ölkələri heç biri bu prosesdə nə Azərbaycan, nə Ermənistan, nə Gürcüstan birbaşa iştirak etmir. Hətta Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik haqqında müqavilə olmuş olsa belə, Azərbaycan çalışır ki, neytral  mövqe sərgiləsin. Yəni Cənubi Qafqaz ölkələri daha çox müşahidəçi mövqeyindən məsələyə yanaşırlar. Əslində beynəlxalq münasibətlərdə Ermənistan və Gürcüstan Azərbaycandan fərqli olaraq məhz Qərbin Ukraynaya siyasi dəstək konyukturasında daha çox  aydın mövqe ifadə edirlər. Azərbaycan isə çalışır ki,  Rusiya- Ukrayna məsələlərinin müzakirəsi olan toplantılarda iştirak etməsin və mövqe bildirməsin. Ukraynanın qələbəsi və Rusiyanın işğal siyasətinin durdurulması bütün istiqamətlərdə, artıq Rusiyanın imperiya iddialarını iflasa uğradacaq və Cənubi Qafqazda Rusiyanın mövqelərini xeyli dərəcədə zəiflətmiş olacaq. Rusiyanın yaratdığı istər Müstəqil Dövlətlər Birliyi, istər Kollektiv Təhlükəsizlik Müqaviləsinin də mərkəzdən qaçma prosesini daha da gücləndirəcək və bu birliklərin dağılmasına yol açacaq. Belə bir şəraitdə isə Rusiya özünün yaxın təsir dairəsi hesab etdiyi ərazilərdə də öz gücünü təsir imkanlarını itirmiş olacaq. Bu istiqamətlərdən biri də Cənubi Qafqazdır.  Qərb və Türkiyə  Rusiyanın heç Ukraynada məğlubiyyətini gözləmədən  Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışırlar. Bu baxımdan Rusiya- Qərb ziddiyyətləri geosiyasi qarşıdurması kontekstində qiymətləndirilməlidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti hələlik indiki mövqeyində Rusiyanın Cənubi Qafqazdakı maraqlarının təmsilçisi kimi çıxış edərək həm Türkiyənin, həm Qərbin Cənubi Qafqazda Rusiyanı sıxışdırıb çıxarmasına mane olmağa çalışır".
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər