Müharibənin Cənubi Qafqaz üzərində təsirləri - Politoloq açıqladı
Digər
639
18:30, Bu gün

Müharibənin Cənubi Qafqaz üzərində təsirləri - Politoloq açıqladı

“Ukrayna-Rusiya müharibəsi, artıq bir çox ölkələrin birbaşa və ya dolayısıyla iştirak etdiyi qlobal bir münaqişəyə çevrilməkdədir. ABŞ və Böyük Britaniya Ukraynanın Rusiya ərazisinə öz raketlərindən istifadə edərək vurmaq icazəsi verməsi müharibənin eskalasiyasını artıran bir faktor kimi qiymətləndirilə bilər. Buna səbəb Rusiya tərəfinin müharibəyə üçüncü tərəfləri cəlb etməsi ilə bağlıdır”.
 
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Murad Sadəddinov deyib.
 
Politoloq qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi, yalnız Ukrayna və Rusiya arasındakı döyüşlərdən ibarət olmayıb, dünya miqyasında bir sıra mühüm geosiyasi və iqtisadi təsirlərə səbəb olub:
 
“Rusiya artıq canlı qüvvə cəlb etmək üçün Şimali Koreya ilə əməkdaşlıq qurub və təxminən 10 minə yaxın hərbi qüvvə Şimali Koreyadan Rusiya tərəfində döyüşmək üçün gətirilib. Həmçinin, bu sayın daha da artırılması barədə xəbərlər mövcuddur. Bu, müharibənin eskalasiyasına səbəb olub, çünki artıq Ukrayna-Rusiya münaqişəsinə üçüncü tərəf daxil olub və müharibənin miqyası daha da genişlənib.Bu vəziyyətdə, Qərb ölkələri, xüsusən də Almaniya və ABŞ, Rusiya tərəfinin hərbi fəaliyyətlərinə cavab olaraq daha sərt tədbirlər görmək qərarına gəlib. Almaniyanın kanslerinin telefon zəngi və bu zəngin ardınca baş verən diplomatik danışıqlar, Rusiya qarşısında daha sərt tədbirlərin atılmasına səbəb olub. Bu zəngdən sonra ABŞ, Ukraynaya öz “ATACMS” raketlərindən , eyni zamanda, Böyük Britaniya da “Şto-Shadow” raketlərindən istifadə etməyə icazə verib. Bu icazələr, müharibənin gedişatını dəyişə biləcək əhəmiyyətli bir addım olaraq qiymətləndirilir və artıq iki gündür ki, bu raketlərdən istifadə edilməyə başlanıb”.
 
M.Sadəddinov vurğulayıb ki, Ukrayna-Rusiya müharibəsinin hərbi cəhətdən daha da kəskinləşməsi, nüvə silahının istifadəsi məsələsini gündəmə gətirir:
 
 “Rusiya tərəfindən nüvə silahının istifadəsi  hərbi cəhətdən heç bir üstünlük təmin etməyəcək. Nüvə silahının istifadəsi, beynəlxalq səviyyədə Rusiya üzərində sərt təzyiqlər yaradacaq və bu, ölkənin beynəlxalq münasibətlərdə ciddi təcridinə yol açacaq. Siyasi və iqtisadi təsirlərin yanında, bu addım Rusiyanın daha geniş müharibəyə -  dünya gücləri ilə qarşıdurmaya səbəb ola bilər. Rusiya, nüvə silahı məsələsini Qərb ölkələrinə təzyiq göstərmək üçün istifadə edə bilər, lakin bu, real olaraq tətbiq ediləcək bir addım kimi görünmür. Bu cür təzyiqlər, Rusiyanın daha böyük itkilərlə üzləşməsinə, yeni dağıdıcı silahların verilməsinə və Ukraynaya daha ciddi dəstəyin göstərilməsinə səbəb ola bilər. Nüvə silahı kimi ciddi hərbi vasitələrin istifadəsi, həm siyasi, həm də hərbi baxımdan Rusiyaya daha çox zərər verə bilər”.
 
Ekspert hesab edir ki, Ukrayna və Rusiya arasındakı müharibənin uzanması, Cənubi Qafqazda, xüsusən də Azərbaycanda iqtisadi çətinliklərə yol açır:
 
“Müharibənin uzanması, həm də Cənubi Qafqaz ölkələrində, xüsusən Azərbaycanın iqtisadiyyatında ciddi problemlərə yol açmağa davam edəcək. Çünki Azərbaycanın kənd təsərrüfatı məhsulları, əsasən, Rusiya və Ukrayna bazarlarından alınır. Müharibə nəticəsində bu məhsulların qiymətlərində artım müşahidə olunur. Bunun əsas səbəbləri, müharibənin tədarük zəncirlərinə təsir etməsi, məhsulların Cənubi Qafqaza çatdırılmasında çətinliklərin yaranması və enerji, ərzaq məhsulları kimi əsas malların qiymətlərinin artmasıdır. Bu vəziyyət, yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatına mənfi təsir göstərir".
 
Mehin Mehmanqızı
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər