COP29-da Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi Masasında Bakı Bəyannaməsi qəbul edilib - YENİLƏNİB
566
10:43, Bu gün

COP29-da Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi Masasında Bakı Bəyannaməsi qəbul edilib - YENİLƏNİB

COP29 çərçivəsində Bakıda Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi masasında Bakı Bəyannaməsi qəbul edilib.
 
APA xəbər verir ki, bu barədə qərar yekdilliklə verilib.
 
Sənədə imza atan ölkələr Paris İqlim Razılaşmasının tərəflərini İqlim şəffaflığı üzrə hesabatlarını 31 dekabr 2024-cü ilədək müvafiq qaydada təqdim etməyə çağırıb.
 
Bəyanamədə qeyd olunub ki, Paris Razılaşmasının 13-cü bəndinə uyğun olaraq, sözügedən sənədə imza atan ölkələr özlərinin İkiillik İqlim Şəffaflığı Hesabatlarını 2024-cü il dekabrın 31-dək təqdim etməyi öhdəsinə götürür.
 
Eyni zamanda, Paris İqlim Razılaşmasının bütün tərəflərini özlərinin iqlim şəffaflığı hesabatlarını 2024-cü il, dekabrın 31-dək təqdim etməyə çağırır;
 
Bəzi inkişaf etməkdə olan ölkə və tərəflərin İqlim Şəffaflığı Hesabatlarının hazırlanması və hökumətlər daxilində milli hesabat sistemlərinin yaradılmasında qarşılaşdıqları çətinlikləri tanıyır;
 
COP29 Prezidentliyi eləcə də UNFCCC Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim şəffaflığı hesabatlarının hazırlanmasında dəstək göstərilməsi istiqamətindəki səyləri dəstəkləyir;
 
Ölkələrin institusional inkişafına və potensialının daha da inkişafına yönələn kollektiv səyləri dəstəkləyir. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrə texniki dəstəyin genişləndirilməsi, hesabatların hazırlanmasına və müasirləşdirilməsinə yönələn qabaqcıl təcrübə mübadiləsi, bu məqsədlə irəliləyişin əldə olunması üçün ekspertlərlə çoxtərəfli müzakirələrdə iştirakı öhdəsinə götürür;
 
Tərəflərə və hökumətlərarası komissiyalara bu sahədə ekspert hesab olunan şəxslərlə bağlı məlumatları BMT-nin müvafiq İqlim Dəyişmələri üzrə Ekspertlərinin Reyestrinə daxil ediməsini təmin edir;
 
Maraqlı tərəflərin və subyektlərin bu sahədəki öhdəliklərini müəyyən edilməsi, eləcə də texniki ekspertlərin rəylərinin hazırlanması prosesini dəstəkləyir;
 
Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini imzalayan tərəflər onu da təsdiq edir ki, sözügedən sənəd öz hesabatlarını hazırlayan ölkələr üçün digərləri ilə əməkdaşlığın qurulması, bu sahədə resursların səfərbər edilməsi, əməkdaşlığa təkan verən fəaliyyətin həyata keçirilməsi və təcrübə mübadiləsi yolu ilə şəffaflığın təminatında platforma rolunu oynayacaq.
 
Tərəflər Bakı Şəffaflıq Platformasının inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və potensialın artırılmasına yönələn səylərini dəstəklədiklərini bəyan edirlər.
 
***
 
09:12
 
COP29 çərçivəsində Bakıda Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi Masası keçirilib.
 
APA xəbər verir ki, COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qlobal iqlim şəffaflığı hesabatının təqdim olunmasının vacibliyindən danışıb:
 
O bildirib ki, COP29-un Prezidentliyi və konfransda iştirak edən tərəflər Yeni Kollektiv Kəmiyyət Hədəfinə, eləcə də iqlim şəffaflığına nail olmanın vacibliyini yaxşı dərk edir: “Eyni zamanda biz iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin bütün ölkələr üçün vacibliyini, eləcə də bu sahəyə investisiya yatırılmasının önəmini bir daha qeyd edirik. Mən iqlim şəffaflığı üzrə hesabatı təqdim edən ölkələrin sözügedən addımının önəmini daha qeyd etmək istəyirəm. Bu kimi addımlar bizim kollektiv səylərimizin nəticəsidir. Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi bu sahədəki beynəlxalq əməkdaşlığın bariz nümunəsidir. Bakı iqlim şəffaflığı prosesinin daha effektiv yerinə yetirilməsi üçün bütün iştirakçı tərəflərə açıq platforma təqdim edir. COP29 Prezidentliyi qlobal səviyyədə iqlim şəffaflığının təminatına dair bütün ideya və fikirləri dinlənməyə hazırdır".
 
BMT Baş katibinin müavini İqna Andersen bildirib ki, xüsusilə də iqlim dəyişikliyi ilə mübarizə sahəsinə investisiya cəlb etmək istəyən iri korporasiyalar və iş adamları ilə hökumətlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi önəmlidir:
 
"2023-cü ildən başlayaraq biz emissiyaların azaldılmasını zənn edərkən, nəticələr bunun əksini göstərir. Lakin artıq bizim irəli addımlamaq imkanımız var. Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olmaq, iqlim dəyişikliyi sahəsində şəffaflığı təmin etmək üçün COP29-da iştirak edən bütün tərəflərlə, xüsusilə də bu sahəyə investisiya cəlb etmək istəyən iri korporasiyalar və iş adamları ilə hökumətlər səviyyəsində əməkdaşlığın gücləndirilməsinə ciddi ehtiyac var. Biz həmçinin Qlobal İqlim Şəffaflığı üzrə Proqramın icrasını da sürətləndirməliyik. Eyni zamanda bu sahədə rəqəmsal həllərin tətbiqi də son dərəcə önəmlidir. Mən hesab edirəm ki, bütün tərəflər yuxarıda qeyd etdiyim sahələrdə daha aktiv fəaliyyət göstərməlidir".
 
BMT Baş katibinin müavini İnqer Andersen bildirib ki, xüsusilə də iqlim dəyişikliyi ilə mübarizə sahəsinə investisiya cəlb etmək istəyən iri korporasiyalar və iş adamları ilə hökumətlər səviyyəsində əməkdaşlığın gücləndirilməsinin önəmlidir:
 
O əlavə edib ki, qlobal iqlim şəffaflığı hesabatlarının açıqlanması qlobal səviyyədə həyata keçirilən iqlim fəaliyyətinə əlavə təkan verəcək.
 
Daha sonra Azərbaycan, Türkiyə, Yaponiya, Andorra, Qazaxıstan, Niderland, İspaniya, Sinqapur, Almaniya, Maldiv Adaları, Cənubi Afrika Respublikası və İtaliyaya Qlobal İqlim Şəffaflığı üzrə Sertifikatlar təqdim edilib.
Link kopyalandı!
Son xəbərlər