Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Qərbin bəzi dairələrinin məkirli niyyətini ifşa edib. Dövlət başçısı qeyd edib ki, həmin dairələr COP29-la bağlı boykot siyasəti yürütsələr də, bu siyasət nəticəsiz qaldı, beynəlxalq sammitə bütün dünyadan on minlərlə nümayəndə qatıldı.
Maraqlıdır, bəzi Qərb dairələrinin təxribatına rəğmən dünyanın Bakıya axını ölkəmizin uğuru, Avropadakı məkirli qüvvələrin məğlubiyyəti kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bir il bundan əvvəl, COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi, Qərbin bəzi ermənipərəst dairələrinə təkan vermiş oldu. Açığını desək, müəyyən mənada bu gözlənilən idi. Ancaq bu səviyyədə kütləviliyi gözləmirdik. Ən azından tədbir Azərbaycanın deyil, BMT-nın tədbiridir. Azərbaycan təşkilatçı dövlətdir və müşahidələr göstərir ki, sammit ən yüksək standartlara uyğun təşkil olunub.
İkincisi, söhbət Planetin qarşısında duran ən aktual problemlərin həllindən, Yer Kürəsinin xilasından, gələcəyindən gedir. Baxmayaraq ki, beynəlxalq birlik bu sahədə xeyli gecikib. İqlim dəyişiklikləri, atmosferin çirkləndirilməsi, ayrı-ayrı ölkələrin milli problemləri ola bilməz. Bu ümumbəşəri problemlərdir və hamılıqla, birlikdə konkret tədbirlər həyata keçirilməzsə, ağır fəsadları qaçılmazdır.
Prezident İlham Əliyevin, Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, təxribatçı dairələrə ən gözəl mesaj idi. Dövlət Başçısı çıxışında Qərbin riyakar, ikili standartlara söykənən siyasətini kəskin şəkildə tənqid etdi. Bakı Sammitində 80 prezidentin, vitse-prezidentin, baş nazirin, 196 ölkədən gəlmiş, 72 min qonağın qeydiyyatdan keçməsi barədə ,,pis,, xəbəri, boykotçulara verilmiş ən gözəl cavab oldu.
Biz 44 günlük Vətən müharibəsindən sonra, sistemli və davamlı şəkildə ölkəmizə qarşı təzyiqlərə alışmışıq. BMT TŞ-da, Avropa Parlamentində, Fransa və bəzi Qərb ölkələrinin Parlamentlərinin timsalında açıq görürük. Hər dəfə də, təxribatçılar öz niyyətlərinə çata bilməmişlər. Hesab edirəm ki, COP 29-un kütləviliyi, möhtəşəmliyi, onları bu dəfə də məyus etdi”.
Seymur ƏLİYEV