Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu dəyişiklik "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən həyata keçiriləcək.
Baş plana uyğun olaraq, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun əsaslı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Əsas hədəf paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir hərəkət mühitinin yaradılmasıdır. Hazırda məhdud olan piyada zonaları daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz marşrutlar formalaşacaq.
Nəqliyyat məsələləri üzrə ekspertlərin fikrincə, sürət həddinin endirilməsi paytaxtda yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməyə və piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək. Bütün bu dəyişikliklər Bakının mərkəzində hərəkətin daha rahat və fasiləsiz olmasını təmin edəcək.