Cənubi Qafqazda müşahidə olunan geosiyasi dinamika regionun gələcək inkişafını müəyyən edən əsas amillərdən biridir. Bu gün iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyət daşıyır.
Azərbaycan ilə Gürcüstan arasında formalaşmış strateji qarşılıqlı bağlılıq artıq Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada sabitlik və inkişaf platformasına çevrilib. Bu bağlılıq sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir və kənar müdaxilə risklərini azaltmaq baxımından da effektiv strategiyadır.
Bu gün regionda sabitliyin əsas sütunu məhz bu iki dövlətdir. Hazırda bu modelin üçüncü komponentlə tamamlanması istiqamətində də müsbət tendensiyalar müşahidə olunur. Ermənistanın yeni reallıqları dərk etməsi və təzyiqlərə rəğmən, sülh prosesini dəstəkləməsi region üçün ümidverici siqnaldır.
Qafqazda bugünkü sabitliyin əsasında Azərbaycanın hərbi və siyasi-diplomatik müstəvidə nümayiş etdirdiyi “mütləq qələbə modeli” dayanır. Bu reallığı daha aydın göstərmək üçün müqayisəli yanaşma yerinə düşər:
Bu gün dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr qlobal sabitlik üçün ciddi təhlükə olaraq qalır. Artıq dörd ildir davam edən Rusiya–Ukrayna müharibəsi böyük insan itkilərinə və dağıntılara səbəb olub, lakin onun nə vaxt bitəcəyi hələ də qeyri-müəyyəndir.
Eyni zamanda, İran–ABŞ–İsrail qarşıdurması regionda və qlobal iqtisadiyyatda riskləri artırmış, sülh təşəbbüslərinin nəticəsi isə hələ də tam aydın deyil.
Belə mürəkkəb beynəlxalq şəraitdə sülh əldə etməyin Azərbaycan nümunəsi yenidən diqqəti çəkir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə müasir dövrdə nadir, qəti və tam nəticəli hərbi uğur kimi tarixə düşüb.
Prezident İlham Əliyevin Xocavənd sakinləri ilə görüşdə vurğuladığı kimi: “Son 80 ildə Azərbaycan kimi mütləq qələbə qazanan ikinci ölkə olmamışdır".
Vətən müharibəsində mütləq qələbə qazanan Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Bundan sonra Qalib Azərbaycanın Lideri Ermənistanla sülh müqaviləsinin şərtlərini diktə etdi. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdi.
Gürcüstanın açıq dənizə çıxışı və Azərbaycanın zəngin enerji resursları bu iki ölkə arasında qarşılıqlı tamamlanmanı təmin edir. Bu gün Azərbaycan və Gürcüstan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır. Alman Dalğası-Doyçe Vellenin internet saytında Körfəz hadisələri fonunda bu mövzuda obyektiv təhlili məqalə yayması regionun beynəlxalq diqqət mərkəzində olmasını təsdiqləyir.
Bu gün Azərbaycan qazı dünyanın 16 ölkəsinə ixrac olunur və bu ixracın ilk ünvanı məhz Gürcüstandır. Prezident İlham Əliyevin vurğuladığı bu fakt Azərbaycanın Gürcüstan üçün həm enerji təhlükəsizliyi, həm də iqtisadi dayanıqlıq baxımından strateji tərəfdaş olduğunu aydın şəkildə göstərir.
Bu tərəfdaşlıq, rəqəmsal İpək yolu, data mərkəzləri və yaşıl enerji sahəsindəki yeni layihələrlə daha da genişləndirilir.
Cari ilin ilk rübündə iki nəhəng iqtisadi və siyasi mərkəz, Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə münasibətlərimizin bütün sahələrədə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin milli maraqlara əsaslanan və balanslı xarici siyasət kursunun bariz nümunəsidir.
Son dövrlərdə Gürcüstanda baş verən proseslər fonunda Azərbaycanın prinsipial və dövlətçilik maraqlarına əsaslanan mövqeyi xüsusi diqqət çəkir.
Baş nazir Kobaxidzenin 2025-ci ilin yanvarında ölkəmizə etdiyi səfər zamanı mətbuat konfransında Prezident İlham Əliyevə ünvanına söylədiyi fikirlər də xüsusilə təqdirəlayiqdir: “Siz fərqli lidersiniz. Siz bizim üçün nümunəsiniz. Çünki siz ölkənizi dövlətin maraqlarını üstün tutaraq idarə edirsiniz".
Bu ifadə yalnız şəxsi münasibətlərin deyil, eyni zamanda strateji baxışlara, dövlət idarəçiliyi modelinə və qarşılıqlı əməkdaşlığa verilən yüksək dəyərin göstəricisidir.
O cümlədən oxşar fikirlərin Serbiya, ABŞ və Mərkəzi Asiya dövlətlərinin başçıları tərəfindən də səsləndirilməsi Azərbaycanın regiondakı rolunun daha geniş coğrafiyada qəbul edildiyini göstərir.