Bu şəxsləri sərt cəzalar gözləyir - AĞIR CƏRİMƏLƏR GƏLİR
Cəmiyyət
567
13:50, Bu gün

Bu şəxsləri sərt cəzalar gözləyir - AĞIR CƏRİMƏLƏR GƏLİR

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Moderator.az xəbər verir ki, deputat Azay Quliyev müzakirələrdə çıxış edib.

Deputat əvvəlcə İnzibati Xətalar Məcəlləsinə təklif olunan 388-3-cü maddə ilə bağlı fikirlərini bölüşüb:

“Məcəlləyə aşağıdakı məzmunda 388-3-cü maddənin əlavə edilməsi nəzərdə tutulur:

Maddə 388-3. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılması. Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə, həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi hallarda, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qeyd: Bu maddədə nişanlanma dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik olaraq verdiyi, habelə həmin materiala əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür”.

Azay Quliyev bildirib ki, aprelin 6-da məsələnin ictimai aktuallığı nəzərə alınaraq, aidiyyəti dövlət qurumlarının mütəxəssisləri dəvət edilməklə profil komitələrinin birgə iclası olub.

Deputat ardınca deyib ki, bu dəyişiklik olduqca vacibdir:

“Çünki bu maddə qəbul edildikdən sonra vətəndaşlar onlara təqdim olunan məzmunun real hadisəni əks etdirmədiyini, süni intellektdən istifadə edilməklə hazırlandığını əvvəlcədən biləcəklər. Onu da qeyd etmək lazımdır ki, bu dəyişiklik heç bir halda söz və ifadə azadlığını məhdudlaşdırmır, hətta deyərdim ki, maddənin dispozisiyası və nəzərdə tutulan cərimə sanksiyası bir çox inkişaf etmiş ölkələrin təcrübəsi ilə müqayisədə daha yumşaqdır. Bundan başqa, Cinayət Məcəlləsinə təklif edilən 148-2-ci maddədən fərqli olaraq nişanlanma tələbi xüsusi proqram təminatları vasitəsilə hazırlanan materiallara şamil olunmur. Görünən odur ki, bu maddənin əsas məqsədi cəzalandırmaqdan daha çox insanları bu tip materialları yayarkən daha diqqətli olmağa, manipulyasiyalara yol verməməyə və nişanlanma qaydalarına riayət etməyə sövq etməkdir. Yəni bu maddə daha çox maarifləndirici və çəkindirici xarakter daşıyır. Ən azından hər kəs biləcək ki, bundan sonra bu cür məzmunların nişanlanma olmadan yayılması inzibati məsuliyyət yaradır.

Bu baxımdan, İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni 388-3-cü maddəni dəstəkləyir və onun lehinə səs verəcəyimi bildirirəm”.

Azay Quliyev ikinci oxunuşun tələbinə uyğun olaraq bir təklifi də bölüşmək istədiyini söyləyib:

“Təklif edirəm ki, bu maddənin əhatə dairəsi genişləndirilsin və süni intellekt texnologiyasından istifadə etməklə material hazırlayan və yayılmasına şərait yaradan fiziki və hüquqi şəxslər üçün də nişanlanma öhdəliyi qanunvericilikdə təsbit edilsin. Başqa sözlə desək, biri var ki, kimsə başqası tərəfindən hazırlanan və sosial şəbəkədə qarşısına çıxan nişanlanmamış materialı bilə-bilə yayır və buna görə inzibati məsuliyyət daşıyır. Digəri isə həmin materialı nişanlanmadan həm hazırlayır, həm də yayır. Biz isə yalnız üçüncü tərəfin hazırladığı materialı yaymağa görə inzibati məsuliyyət müəyyən edirik, lakin bunu hazırlayanın və yayılmasına şərait yaradanın üzərinə hər hansı bir öhdəlik qoymuruq.

Hesab edirəm ki, bu məsələdə tarazlığın yaradılmasına ehtiyac var. Yəni əgər material onu hazırlayan tərəfindən yayılırsa, o zaman həmin şəxsin hər iki əməlinə, həm nişanlama olmadan materialı hazırladığına, həm də onu yaydığına görə inzibati məsuliyyət müəyyən edilməlidir.

Məlum olduğu kimi, bu gün dünyada yüzlərlə süni intellekt texnologiyası mövcuddur ki, onların vasitəsilə minlərlə bu cür məhsullar hazırlanır. Bu tendensiyanı nəzərə alan bir çox ölkələr nişanlanma öhdəliyini bu məhsulları hazırlayanlara da tətbiq ediblər. Misal üçün, Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi “Süni İntellekt Aktı”nın 50-ci maddəsinin 2-ci və 4-cü yarımbəndlərində süni intellekt vasitələri ilə məhsul hazırlayanların üzərinə bu məhsulların müvafiq qaydada nişanlanması hüquqi öhdəlik kimi qoyulub və bu öhdəliyi pozanlara qarşı yüksək məbləğdə cərimə sanksiyaları müəyyən edilib.

Bütün bunları əsas götürərək təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsinə 388-3-cü maddənin mətninə aşağıdakı məzmunda yeni cümlə əlavə edilsin:

Bu cür materialları müvafiq nişanlanma olmadan hazırlayan və yayan fiziki şəxslərə 150 manatdan 300 manatadək, hüquqi şəxslərə 500 manatdan 1000 manatadək cərimə sanksiyası nəzərdə tutulur.

Belə bir müddəanın qanunvericliyə gətirilməsi həm etik qaydalara, həm də şəffaflıq prinsiplərinə əməl edilməsinə, eləcə də nişanlanma mədəniyyətinin formalaşmasına əlavə töhfə olardı. Əgər hər hansı obyektiv səbəbdən bu təklifin nəzərə alınması indiki mərhələdə mümkün olmasa, düşünürəm ki, gələcəkdə bu məsələyə təkrar qayıtmaq olar”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər