Azərbaycan arıçılığı üçün Orta Asiyadan gələn təhlükə: Arı ölümləri niyə artıb? - ARAŞDIRMA
Cəmiyyət
243
12:29, Bu gün

Azərbaycan arıçılığı üçün Orta Asiyadan gələn təhlükə: Arı ölümləri niyə artıb? - ARAŞDIRMA

Ölkə ərazisində arı təsərrüfatlarında xəstəlik yayıldığı və arı ölümlərinin artdığı iddiaları səslənir. Hətta bəziləri xəstəliyin yayılmasında şübhəli məqamların olduğunu da deyir.
 
Arılarda xəstəlik yayılmasına səbəb nədir? Bunun qarşısı necə alına bilər?
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı həyəcan təbili çalan Azərbaycan Arıçılar Assosiasiyası idarə heyətinin üzvü Elvin Bayramlı Teleqraf-a açıqlamasında durumu belə izah edib:
 
"Arılar arasında yayılan xəstəliklərin sayı çoxdur. Buna müxtəlif parazitlərin yaydığı virus xəstəliklər də daxildir. Təbiətdə bəzi mikroblar var ki, xüsusi şərait yarananda, məsələn, çox yağış yağanda, pətəklər düzgün idarə edilməyəndə xəstəlik törədir.
 
Azərbaycan arıçısının ən böyük problemi varrao və tropi adlı gənələrdir. Bu 2 gənə zərərvericidir. Onlar arı balalarının ölü və ya xəstə doğulmasına səbəb olur. Həmçinin bu gənələr viruslar yayır, bu da arı ailəsini gücdən salır. Həmçinin virus xəstəliklərinin yayılmasına şərait yaradırlar.
 
Varrao gənəsi hələ sovet dövründən məlumdur. Cənub-Şərqi Asiya ölkələrində geniş yayılıb və daha sonra Azərbaycana gəlib. İlk vaxtlar sürətlə yayıldı və arıxanaların 90%-ni məhv etdi. Sonrakı dövrlərdə isə arıçılar o xəstəliklə mübarizə aparmağı bacardılar, varraoya qarşı müəyyən kimyəvi dərmanlar, turşular, bitki tərkibli dərmanlar kəşf edildi. Beləliklə, ölkəmizdə arıçılıq asta-asta da olsa özünü bərpa edə bildi.
 
Müasir dövrdə varrao gənəsi dərmanlara qarşı müqavimət qazanıb, özündə immunitet yaradıb. Buna görə dərmanlar artıq ona çox təsir etmir. Bu səbəbdən arıçılar ana qəfəsləmə üsulu, yəni anaların yumurtanı dayandırması üsulunu tətbiq edirlər. Beləliklə, varraonun artımının qarşısını alırlar. Eyni zamanda bu üsul və formik turşusu tropik gənəsinə qarşı da təsirlidir”.

Qapalı sürfəli çərçivələrlə arı ailələrinin gətirilməsi çox təhlükəlidir

E.Bayramlı bu sahədə ən böyük problemin Azərbaycana qapalı sürfəli çərçivələrlə arı ailələrinin gətirilməsi olduğunu deyib:

“Bu, qəbul olunan ən pis arı satış formasıdır. Gənələrin artım yeri ağzı bağlı sürfədir. Biz də xaricdən ağzı bağlı sürfə içərisində arı gətiririksə, bütün gənələr orada olur. Paket arı ağzı bağlı sürfədə bala ilə gəlirsə, satan ölkə bütün xəstəlikləri də göndərmiş olur.

Hazırda Özbəkistandan Azərbaycana gənə, eyni zamanda virus mənşəli xəstəliklər gətirilir. Gənələr Azərbaycana daşındığı üçün həmin ölkə özünü xəstəlikdən xilas etmiş olur. Halbuki Azərbaycan arıçısının başqa ölkədən arı ailəsi gətirməsinə ehtiyacı yoxdur. Azərbaycanda kifayət qədər arı var. Biz Arıçılar Assosiasiyası olaraq subsidiya üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdik, nazirliyin Heyvandarlıq şöbəsindən bizə rəsmi məktub göndərildi. Orada bildirildi ki, Azərbaycanda kifayət qədər arı və bal istehsalı var, buna görə də arıçılığa subsidiyanı dayandırırıq.

Amma bu gün Azərbaycana minlərlə arı ailəsi gətirilir, çoxu da xəstə arılardır. Gənələrin, varrao və tropinin vətəni Cənub-Şərqi Asiya ölkələri, məsələn, Vyetnam, Kamboca, Tayland kimi yağmurlu, isti ölkələrdir. Həmin ölkələrdən Özbəkistana keçir. Özbəkistan da isti ölkədir və orada yaz 2 ay əvvəldən başlayır. Təbiət tez oyanır, bitkilər erkən çiçək açır. Bu ərazidə arılar oyanıb, bala qoyurlar. Gənələr qapalı gözlərdə artır.

Bir neçə partiya bala artımından sonra gənə çoxalır. Sonra isə paketlə ağzı bağlı balaları Azərbaycana göndərirlər. Azərbaycanda bəlli bir ölçüdə gənə və virus xəstəlikləri var. Oradan da xəstə arıların göndərilməsi nəticəsində ölkəmizdə xəstəlik iki-üç qat artır”.

Azərbaycan arıçılığı ağlar günə qalır

E.Bayramlı bildirib ki, xəstəliyə yoluxmuş arılar Rusiya ərazisində də xəstəlik yayıblar:

“Biz Rusiyadan arı almırıq. Amma oradan, Dağıstandan Azərbaycana az-az beçələr keçir. Tropi gənəsi Azərbaycanda yayıldığına görə arıçılar az da olsa buna qarşı mübarizə apara bilir. Amma virus gəlib bir çox ərazilərə yayılanda Azərbaycan arıçılığı ağlar günə qalır. Durum kritikdir. Təəssüf ki, bunu bəzi dövlət məmurları başa düşmürlər.

Biz subsidiya istəyəndə "Azərbaycan arıçılığı ən yüksək səviyyədədir" deyirlər. Amma xaricdən arı gətirirlər. Səbəb nədir? Nə üçün Azərbaycana xaricdən arı gətirməlidirlər?!

Azərbaycana Almaniya kimi seleksiya işi yüksək səviyyədə olan ölkələrdən cins arılar gətirilməlidir. Arı ailəsi yox, yalnız ana arı. Oradakı institutlarda ana arılar yüksək səviyyədə yetişdirilir, yoxlanılır, satışa çıxarılır. Rəsmi sənədlə başqa ölkələrə, ölkə daxili təsərrüfatlara göndərilir. Söhbət ana arıdan gedir. Yalnız ana arı...”

Qəbələ Arıçılar Birliyinin sədri Səbuhi Nəbiyev isə deyib ki, arı ölümləri hər il baş verir.

“Şimal bölgəsində arıların qırılması ilə bağlı tez-tez xəbərlər eşidirəm. Mən Qəbələdə yaşayıram, burada da arı ölümləri var, amma kütləvi deyil”, - o vurğulayıb.

Pətəklərdə gətirilən arılar görmədiyimiz xəstəlikləri gətirə bilər

S.Nəbiyevin sözlərinə görə, hazırda arıçılıqda problem Özbəkistandan Azərbaycana gətirilən arı ailələridir:

“Bu arı ailələrində ehtimal olunan xəstəliklər bizi narahat edir. Bu gün müəyyən faiz arı itkisi varsa, gələcəkdə daha çox itki olacağından ehtiyatlanırıq. Çünki həmin arılar pətəklərdə gətirilib. Dünyada paket arı satışı hər yerdə var. Amma onlar qutulara yığılır, pətəksiz formada, şansız satılır. Şan özü də xəstəlik daşıyıcısıdır.

Pətəklərdə gələn arılar özləri ilə indiyədək görmədiyimiz xəstəlikləri gətirə bilər. Amerika çürüməsi, Avropa çürüməsi və ən böyük problem olan Özbəkistanda çox geniş yayılmış tropilaelaps gənəsi kimi xəstəliklər ola bilər. Özbəkistanda bu gənə ilə mübarizə çox çətin başa gəlir. Xəstəliklər Azərbaycan arıçılığında böyük itkilərə səbəb ola bilər”.

Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlamışıq. Agentlikdən tezliklə sorğumuza cavab veriləcəyi bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər