Tibb-sosial yardım sahəsində vətəndaşların hansı hüquqları vardır?
Cəmiyyət
474
14:22, Bu gün

Tibb-sosial yardım sahəsində vətəndaşların hansı hüquqları vardır?

Pasient dedikdə, tibbi yardım üçün həkimə müraciət edən, ona ehtiyacı olan, eləcə də belə bir yardımdan davamlı olaraq və ya müvəqqəti istifadə edən şəxs başa düşülür. Təəssüf ki, təcrübədə hətta həkimə müraciət edən xəstələrə yanlış diaqnozlar qoyulması və düzgün olmayan müalicələr aparılması nəticəsində ən yüngül halda onların şikəst olması, daha ağır formada isə xəstələrin həyatdan məhrum olması halları çoxalmışdır. Məhz bu cür xoşagəlməz halları nəzərə alıb yazımızda tibb-sosial yardım sahəsində vətəndaşların hüquqlarından söhbət açmaq istərdik.
 
İlk olaraq qeyd edək ki, insanların sağlamlığının qorunması hüququ 10 dekabr 1948-ci il tarixli “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”ndə nəzərdə tutulmuşdur. Belə ki, sözügedən Bəyannamənin 25-ci maddəsindən aydın olur ki, hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla, onun özünün və ailəsinin sağlamlığının və rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna malikdir.
 
Bundan başqa, 1949-cu ilin oktyabr ayında Londonda (Böyük Britaniyada) Ümumdünya Tibbi Assosiasiyasının Baş Assambleyası tərəfindən “Beynəlxalq Tibbi Etika Məcəlləsi” qəbul olunmuş, 1968-ci ilin avqust ayında Assambleyanın Sidneydə (Avstraliyada), 1983-cü ilin oktyabr ayında isə Venesiyada (İtaliyada) keçirilmiş toplantılarında ona əlavələr olunmuşdur. Həmin Məcəllədə həkimlərlə bağlı müddəalarla yanaşı, pasiyentlərin mənafelərinin müdafiəsinə dair də müəyyən müddəalara yer verilmişdir.
 
BMT-nin 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktında da hər bir insanın ən yüksək səviyyədə əldə oluna bilən fiziki və psixi sağlamlıq hüququndan bəhs olunur.
 
Bütün bunlarla yanaşı, pasiyentin hüquqlarının qorunmasına həsr olunan mühüm beynəlxalq hüquqi sənədlərə “Pasiyentin hüquqları haqqında Avropa Xartiyası”nı, “Pasiyentin hüquqlarının təminatına yardım haqqında” bəyannaməni, “Pasiyentin hüquqları haqqında Lissabon bəyannaməsi”ni misal göstərə bilərik.
 
Dünya dövlətlərinə nəzər salsaq, görərik ki, pasiyentin hüquqarına dair ya ölkədə ayrıca qanun qüvvədədir (məsələn, Yunanıstan, İslandiya, İsrail, Litva, Finlandiyada), ya ölkədə (məsələn, Azərbaycan Respublikası) ümumi şəkildə qəbul edilmiş “Əhalinin sağlamlığı haqqında” qanunda pasientlərin hüquqlarının müdafiəsi ilə bağlı müddəalar öz əksini tapıb, ya da bəzi ölkələr (məsələn, Çexiya, Fransa, Böyük Britaniya) pasiyentin hüquqları haqqında Xartiyanı əsas götürürlər.
 
Qeyd etdiyimiz kimi ölkəmizdə bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir ki, bu qanunda nəzərdə tutulan müddəalar isə Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində təsbit olunan “Sağlamlığın qorunması hüququ”ndan qaynaqlanır. Belə ki, Konstitusiyaya görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
 
İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
 
Konstitusiyanın bu müddəalarının rəhbər tutulduğu “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun IV fəsli “tibb-sosial yardım sahəsində vətəndaşların hüquqları” adlanır və həmin fəslə daxil olan 24-cü maddədə pasiyentin aşağıdakı hüquqları nəzərdə tutulur:
 
- təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək;
- sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq;
- stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
- tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;
- tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək;
- tibbi müdaxilədən imtina etmək;
- hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək;
- daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq.
 
Qanuna görə pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
 
Qanunun 25-ci maddəsində sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququndan bəhs olunur. Həmin maddəyə görə hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.
 
Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.
 
Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər.
 
Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir.
 
Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur.
 
Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
 
 Psixi pozuntusu olan pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır.
 
Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
 
Söhbət açdığımız qanunun 26-cı maddəsi isə təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri ilə bağlı münasibətlərin tənzimlənməsinə həsr olunmuşdur. Maddəyə əsasən tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir.
 
Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır.
 
Bəs, görəsən şəxs tibbi müdaxilədən imtina edə bilərmi? Bəli, bu mümkündür. Belə ki, sözügedən qanunun 27-ci maddəsindən aydın olur ki, qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır.
 
Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır.
 
Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün tibb müəssisələri məhkəməyə müraciət edə bilərlər.
 
Burada diqqəti cəlb edən məqamlardan biri də razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsinin mümkünlüyü məsələsidir. Qanunun 28-ci maddəsinə görə özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.
 
Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir.
 
Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.
 
Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslər habelə ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan və hospitalizasiyadan imtina edən vərəmli xəstələr barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.
 
Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər.
 
Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılır.
 
Sonda sağlamlıq hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikasının inzibati xətalar və cinayət qanunvericiliklərindən bəzi müddəaları diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə:
 
Maddə 215. Sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması
 
215.1. Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
215.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə -
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
215.3. İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.
 
215.4. Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə -
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
 
215.5. Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda –
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə:
 
Maddə 142. Tibbi xidmətin göstərilməsi qaydalarını pozma
 
142.1. Qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
142.2. Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
142.3. Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
142.4. Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
142.5. Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Yunis Xəlilov
tədqiqatçı-hüquqşünas
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər