Güclü yağışlar zamanı Bakının hansı ərazilərində daha çox subasma olub? - Rəsmi açıqlama
Cəmiyyət
414
12:36, Bu gün

Güclü yağışlar zamanı Bakının hansı ərazilərində daha çox subasma olub? - Rəsmi açıqlama

Son günlər Bakı şəhərində müşahidə olunan intensiv yağışlar nəticəsində bir sıra ərazilərdə subasma halları qeydə alınıb.
 
Subasmaya daha çox məruz qalan problemli ərazilərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.
 
Maraqlıdır, bu istiqamətdə monitorinq aparılıbmı? Görəsən, problemlər əsasən Bakının hansı ərazilərində daha çox müşahidə edilib, kanalizasiya sistemlərinin gücü intensiv yağışlar üçün harada yetərli olmayıb?
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilib.
 
Qeyd olunub ki, drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir: "Bu isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında çətinliklərin yaranmasına səbəb olur".
 
Həmçinin vurğulanıb ki, bəzi ərazilərdə qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən yerlərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. Bildirilib ki, evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşma üçün əlverişsizdir.
 
"Bu səbəbdən həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərdə mövcud imkanlar çərçivəsində suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərilir. Azərbaycan Prezidentinin imzaladığı “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hazırda müxtəlif ərazilərdə irihəcimli layihələr həyata keçirilir. Bu layihələrə yeni kanalizasiya kollektorlarının və tullantı sutəmizləyici qurğuların tikintisi daxildir", - deyilib.
 
Qeyd olunub ki, Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektorunun, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Müşfiqabad hövzəsi üzrə analoji infrastrukturun, Sahil kollektorunun, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və sutəmizləyici qurğunun, eləcə də Zığ–Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur:
 
"Bu layihələrin icrası tullantı sularının idarə olunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər