“Şəfiqə Məmmədova 45 ildir kinonun qapısını açmayıb, Baba Vəziroğlu da...” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Cəmiyyət
764
16:15, Bu gün

“Şəfiqə Məmmədova 45 ildir kinonun qapısını açmayıb, Baba Vəziroğlu da...” - Şeyx Əbdül OD PÜSKÜRDÜ

“Rasim Balayevin qırx mərasimi çıxan kimi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) qurultay çağırılacaq və kino ictimaiyyəti yekdilliklə öz yeni sədrini seçəcək. Hesab edirəm ki, heç bir artist, ssenarist bu quruma sədr ola bilməz. Rasim Balayev istisna idi. Çünki o, kino aktyoru idi və bu sahədə böyük nüfuz sahibi idi. Məhz buna görə onu sədr seçmişdik. Lakin bundan sonra Kino İttifaqının sədri mütləq kinorejissor olacaq”.
 
Moderator.az xəbər verir ki. bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov deyib.
 
Kinorejissor Baba Vəziroğlunun son açıqlamasına da çox sərt reaksiya verib:
 
“Əvvəla, Baba Vəziroğlunun kinoya, Kino İttifaqına heç bir aidiyyəti yoxdur. O, orada sadəcə özü üçün mövqe qazanmağa çalışır, başqa sözlə desək, ‘daldalanır’. Əgər istəyirsə, getsin Bəstəkarlar və ya Yazıçılar İttifaqına üzv olsun. Onun kinodan danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Vaxtilə Rasim Balayevin və Rüstəm İbrahimbəyovun imzası ilə onu ittifaqdan qovmuşdular. Sonradan yenidən ittifaqa qayıdıb və indi də çıxıb özü üçün bəyanatlar verir. İndi təzədən xeyir ola?”
 
Mahmudov daha sonra Şəfiqə Məmmədova ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib:
 
“İkincisi, Şəfiqə Məmmədova özü konfransda rəsmi şəkildə istefa verib, çıxıb getmişdi. Hətta koridorda tək qalmışdı. İndi yenidən sədr olmaq istəyi ilə çıxış etməsi nə dərəcədə doğrudur? Ora onun şəxsi sexidir, ya necə? Ümumiyyətlə, bu şəxslər ittifaqdan niyə belə bərk yapışıblar?
 
Həmin konfrans iki kino ittifaqının birləşməsi üçün təşkil olunmuşdu və biz də Rasim Balayevi müvəqqəti olaraq sədr seçmişdik. Çünki bunun üçün ayrıca qurultay çağırılmalı idi. Amma indi vəziyyət dəyişib.
 
Hamıya məlumdur ki, bu ittifaq ictimai təşkilatdır. İctimai təşkilatda kino işçilərinin birgə konfransında, qurultayında, toplantısında yeni sədr seçilməlidir. Görün bunlar nə qədər cəzasız qalıblar ki, belə açıqlamalar verib fikir formalaşdırırlar. Kimə arxayındırlar, bilmirəm. Amma mən tapacağam onların arxasında kim dayanır.
 
Şəfiqə Məmmədova 45 ildir ki, kinostudiyanın, kinonun qapısını açmayıb. Eləcə də Baba Vəziroğlunun kinoya heç bir dəxli yoxdur, çıxıb fətva verir ki, məsələ necə olacaq. Mən Şeyx Əbdül deyirəm ki, qırx mərasimindən dərhal sonra qurultay çağırılacaq və yeni sədr seçiləcək. Əks təqdirdə mən onları ifşa edən faktları açıqlayacam”.
 
Şeyx Əbdül Mahmudov əlavə edib ki, qurultayda xüsusi təkliflə çıxış edəcək:
 
“Mən təklif edəcəyəm ki, Kino İttifaqı Rasim Balayevin adını daşısın”.
 
O həmçinin sədr postuna namizəd kimi kinorejissor Cəmil Quliyevin adını çəkib:
 
“Hesab edirəm ki, o, bu vəzifə üçün çox uyğundur. Peşəkar kinorejissordur, təşkilati bacarığı var və kino mühitini yaxşı tanıyır. Bu baxımdan onun seçilməsini istərdim”.
 
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda Xalq artisti Şəfiqə Məmmədova icra edir. Bu barədə report.az saytına açıqlamasında ittifaqın katibi Baba Vəziroğlu deyib.
 
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur".
 
Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib.
 
"Ola bilsin, qurultayın çağırılması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir".
 
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər