Şagirdlər məktəblərdə
Cəmiyyət
369
13:20, Bu gün

Şagirdlər məktəblərdə "Kenquru" müsabiqəsinə məcbur edilir? - İDDİA

Redaksiyamıza daxil olan məlumatlara əsasən, bəzi ümumtəhsil müəssisələrində şagirdlərin "Kenquru" Beynəlxalq Riyaziyyat Müsabiqəsinə kütləvi şəkildə cəlb olunduğu iddia edilir. Bildirilir ki, şagirdlər bu müsabiqədə iştirak etməyə təşviq edilir, hətta məcburiyyət halları da müşahidə olunur.
 
İddialara görə, müsabiqədə iştirak ödənişlidir və məbləğ 20 manat təşkil edir. Həmçinin iştirakçı sayı ilə bağlı müəyyən limitlərin tətbiq edildiyi vurğulanır.
 
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tərəfindən təşkil olunan bir sıra müsabiqə və olimpiadalar tam ödənişsiz həyata keçirilir.
 
Qurumdan qeyd olunub ki, bunlara Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası, Məktəblilərarası Fənn Müsabiqələri, Respublika Fənn Olimpiadaları, "Sabahın alimləri" və SAF layihə müsabiqələri, eləcə də "Zəkaların mübarizəsi" olimpiadası daxildir:
 
"Ölkədə keçirilən ödənişli müsabiqələrdə iştirak valideynlərin qərarından asılıdır və könüllü xarakter daşıyır. Ödənişli müsabiqə və olimpiadalarda, eləcə də sınaq imtahanlarında iştirak etmək valideynin seçimidir. Məktəblər şagirdləri bu cür yarışlar barədə məlumatlandıra bilər. Lakin konkret olaraq "Kenquru" müsabiqəsinə şagird cəlb edilməsi ilə bağlı direktor və müəllimlərə hər hansı göstəriş verilməyib. Ümumiyyətlə, ARTİ-nin məktəblərə göstəriş vermək səlahiyyəti yoxdur".
 
Bildirilib ki, "Kenquru" müsabiqəsi dünyanın 100-dən çox ölkəsində keçirilir və 6 milyondan artıq şagirdi əhatə edir:
 
"Hər ölkədə iştirak haqqı fərqlidir və Azərbaycanda bu məbləğ 20 manat olaraq müəyyən edilib".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər