Bu gün bəşər tarixinin ən qanlı faciələrindən biri - 31 mart Soyqırımı günüdür. Bu münasibətlə Azad Vətən Partiyasının (AzVP) bir qrup üzvü Soyqırım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Moderator.az-a Azad Vətən Partiyasının İnformasiya Şöbəsindən məlumat verilib.
Ziyarət şəhidlər ruhuna dualar oxunması ilə başladı.
Əvvəl 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olundu, məzarlara "şəhid gülü" adını almış qərənfil gülləri düzüldü. Müharibədə iştirak etmiş partiya üzvləri müharibə günlərini, silahdaşlarının qəhrəmanlığını və şəhidlərin cəsurluğunu yada salaraq bununla bağlı xatirələrini danışdılar.
Ziyarətçilər "Türk şəhidliyi" abidəsi önündə gül-çiçək dəstələri düzdülər.
Azad Vətən Partiyasının sədri , eyni zamanda tarix elmlər namizədi, dosent Akif Nağı 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı törədilməsindən, minlərlə dinc azərbaycanlının yalnız milli mənsubiyyətinə görə qətlə yetirilməsindən danışdı. Məqsədi işğalçılıq olan bolşeviklərin və "Böyük Ermənistan" xülyası ilə yaşayan daşnakların Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırdığını, əhalini uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirdiyi diqqətə çatdırdı. A.Nağı onu da vurğuladı ki, ermənilər son 100 ildə xalqımıza qarşı dəfələrlə qırğınlar, qətliamlar, deportasiyalar həyata keçiriblər:" 1905-1907-ci illər, 1918-1920-ci illərdə Azərbaycanda baş vermiş iki qırğın zamanı 50 mindən çox insan sırf müsəlman və türk olduğu üçün ermənilər tərəfindən qətlə yetirildi. Nə yaxşı ki, hər zaman harayımıza-köməyimizə çatan bir qardaşımız olub. Bu qırğınların qarşısını 1918-ci il sentyabrın 15-də böyük qardaşı, həmçinin həmin dövrdə hərbi nazir Ənvər Paşanın əmri ilə 12 min nəfərdən ibarət Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş Nuri Paşa Bakını və Azərbaycanın digər vilayətlərini düşmən işğalından azad etdi. Xalqı bolşevik-daşnak düşmənçiliyindən xilas etdi. Bu gün həm soyqırım qurbanlarının, həm də Azərbaycan üçün döyüşüb şəhadətə qovuşmuş bütün şəhdlərimizin ruhunu ehtiramla yad edirik. Amma onu da unutmaq olmaz ki, bu faciələri, qırğınları, deportasiyaları talan və qarətləri xalqımızın başına gətirən kimlərdir. Unutmayaq ki, düz 3 dəfə ermənilər xalqımızı öz dədə-baba yurdundan deportasiya edib. Dəfələrlə dinc əhaliyə qarşı qanlı cinayətlər törədib. Çox sevindirici haldır ki, bu gün başda Ali Baş Komandan olmaqla, Azərbaycan ordusu Qarabağdan daşnak törtöküntüsünü tamamilə təmizləyib.Bunun üçün həm cənab İlham Əliyevə, həm də Azərbaycan ordusuna minnətdarlıq borcumuz tükənməzdir".
Tədbirin sonunda partiya üzvləri də erməni silahlılarının müxtəlif illərdə Azərbaycanda törətdikləri qətliamlardan, soyqırım və faciələrdən danışıb, şəhidlərimizə ehtiramlarını ifadə ediblər.